21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü əsasında qeyd olunan ənənəvi “Sülh aylığı” (21 avqust - 21 sentyabr) “Sülh aylığı” çərçivəsində tədbirlər başa çatıb.
Qazax rayon Mərkəzi kitabxanası Uşaq şöbəsinin qarşısında, açıq havada “Dünya sülh istəyir” adlı ədəbi kompozisiya təqdim olunub. Tədbirdə şəhər məktəbliləri, uşaq bağçalarının balaca fidanları, mədəniyyət işçiləri iştirak ediblər.
* * *
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi təşkil olunub. Üç hissədən ibarət olan sərginin birinci hissəsi “Müharibə və uşaqlar” mövzusuna həsr olunub. İkinci hissədə sülhə çağıran fotoşəkillər və məşhur rəssamların əl işlərinin fotoları sərgilənib. Sərginin üçüncü hissəsi işğala məruz qalmış ölkələrin bayraqları və “Yurdda sülh, cahanda sülh” şüarı ilə tamamlanır.
* * *
Quba rayon Mərkəzi kitabxanasının oxu zalında “Bəşəriyyəti sülh xilas edəcək” adlı konfrans keçirilib.
MKS-nin direktoru Saməddin Nəsirov, Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Seyid Cabbarov, Oxuculara xidmət şöbəsinin bölmə müdiri Zəmirə İskəndərova mövzu ilə bağlı çıxış ediblər.
Sonda tədbir iştirakçıları “Beynəlxalq sülh günü” adlı sərgi ilə tanış olublar.