27 sentyabr - Dünya Turizm Günü və ölkə başçısının sərəncamı ilə təsis olunan “Turizm işçiləri günü” peşə bayramı respublikamızın bölgələrində də geniş şəkildə qeyd olunub. Bu münasibətlə yerlərdəki mədəniyyət və turizm şöbələri tərəfindən istirahət məkanlarında, mədəniyyət ocaqlarında çeşidli tədbirlər keçirilib.
Quba Turizm İnformasiya Mərkəzi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə tədbir keçirib. MKS-nin direktoru Saməddin Nəsirov, Quba TİM-in direktoru Murad Hacıyev, Tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva, Mədəniyyət mərkəzinin müdiri Ramiz Ramazanov və digər çıxış edənlər Quba rayonunun turizm imkanları, yaradılan infrastruktur və turizm təsisatlarının fəaliyyətindən bəhs ediblər.
* * *
Balakəndə əlamətdar gün münasibətilə tədbirlər Tarix-diyarşünaslıq muzeyində rayon ərazisində bitən dərman bitkilərinin sərgisinə baxışla başlanıb. Sonra Mədəniyyət mərkəzinin həyətində sənətkarlıq nümunələri, milli və yerli mətbəxə aid təamlar və onların hazırlanma prosesi qonaqlara və tədbir iştirakçılarına nümayiş etdirilib. Folklor qruplarının ifasında səslənən mahnı və rəqslər rəğbətlə qarşılanıb. Bir qrup turizm və muzey işçisinə rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm şöbəsinin fəxri fərman və hədiyyələri təqdim edilib.
* * *
Oğuz rayon mərkəzindəki istirahət parkında turizm bazarı təşkil olunub. Burada qurulan köşklərdə və stolların üzərində növbənöv şirniyyatlar, Oğuz mətbəxinin nümunələri, yerli sənətkarların, rəsm həvəskarlarının əl işlərindən ibarət sərgi-yarmarka, eləcə də rayonun tarixini əks etdirən qədim əşyalar nümayiş olunub.
Rəqs qruplarının, müğənnilərin çıxışları rayon sakinlərinə xoş istirahət bəxş edib.
* * *
Qusarda keçirilən tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, Mərkəzi kitabxananın direktoru Zahir Mustafayev, “Xutorok” turizm mərkəzinin rəhbəri İlham Quliyev, “Şahdağ” Milli Parkının direktor müavini İlqar İsrafilov çıxış ediblər. Rayonun turizm imkanlarını nümayiş etdirən broşür, buklet, turizm xəritəsi və digər çap məhsulların sərgisi təşkil edilib və tədbir iştirakçılarına paylanıb.
* * *
İsmayıllının mərkəzi meydanında qurulan “Turist bazarı”nda rayon Mədəniyyət mərkəzinin “Niyal” instrumental ansamblı konsert proqramı ilə çıxış edib. Çıxışlarda rayonun turizm imkanlarından söz açılıb, Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov, rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik ediblər.
* * *
Zaqatalada tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində əl işləri, rəsm əsərləri, xalq tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxıblar. Tədbir “Zaqatalada turizmin inkişaf perspektivləri” mövzusunda konfransla davam edib. Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva, Turizm İnformasiya Mərkəzinin direktoru Tərlan Əhmədov və başqalarının çıxışları dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə turizm işçilərini peşə bayramı münasibətilə təbrik edib. Tədbir bədii hissə ilə davam etdirilib.
* * *
Qax rayonundakı “Yaşıl Park” turizm və istirahət mərkəzində turizm sahəsində çalışan işçilərin iştirakı ilə bayram tədbiri keçirilib. Çıxış edənlər rayonda turizmin inkişafı istiqamətində görülən işlərdən danışıblar. Mədəniyyət mərkəzinin “Çeşmə” instrumental ansamblı üzvlərinin ifasında səslənən musiqilər tədbirə xüsusi rəng qatıb.
* * *
Cəlilabad rayon Mərkəzi kitabxanasında “Azərbaycan turizm məkanıdır” adlı dəyirmi masa keçirilib. İştirakçılar kitabxanada təşkil olunmuş turizm guşəsi ilə tanış olublar.
* * *
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyinin layihəsi ilə çəkilən və rayon ərazisində yerləşən “Ağgöl” Milli Parkından bəhs edən “Quşlar cənnəti - “Ağgöl” Milli Parkı” adlı sənədli film nümayiş etdirilib.
* * *
Turizm işçiləri günü yerlərdəki kitabxanalarda da qeyd olunub. Ağdaş, Şəki, Laçın, Masallı, Füzuli, Hacıqabul, Gədəbəy, Kürdəmir, Ağstafa, Qəbələ, Tərtər, Şəmkir, Ucar, Beyləqan, İmişli və digər rayonların Mərkəzləşdirilmiş Kitabxana Sistemi və kitabxana filiallarında "Turizm guşəsi" və "Turizm İnformasiya masası" yaradılıb, mövcud guşə və stendlər daha da zənginləşdirilib.