Layihə çərçivəsində alim və tələbələrin iştirakı ilə tur təşkil edilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Prezident yanında Bilik Fondu oktyabrın 14-dən 16-dək “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində bir qrup alim və tələbələrin iştirakı ilə Şəmkir-Ağstafa rayonlarına səfər təşkil edib.

Oktyabrın 14-də səfər iştirakçıları Gəncədə Nizami məqbərəsini və Cavad xanın məzarını ziyarət ediblər. Sonra Şəmkirə gələn tur iştirakçıları Azərbaycanda alman icmasının tarixi izlərindən olan XIX əsrə aid kirxanı ziyarət ediblər. Heydər Əliyev Mərkəzində “Azərbaycan multikulturalizmi” proqramı çərçivəsində dəyirmi masa təşkil olunub.
Səfərin ikinci günündə iştirakçılar rayonun Muxtariyyə kəndinin şimalında, Şəmkirçayın sol sahilində yerləşən, Qafqaz Albaniyasının qədim şəhərlərindən olmuş qədim Şəmkir şəhəri xarabalıqlarını ziyarət ediblər. Tarix elmləri doktoru Tarix Dostiyev tur iştirakçılarının diqqətinə çatdırıb ki, Şəmkir VII-XII əsrlərdə böyük ticarət və sənətkarlıq mərkəzi olub. 1236-cı ildə monqol istilasından sonra dağıdılıb.
Sonra tur iştirakçıları Ağstafaya yollanıblar. Yazıçılar evində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasovun moderatorluğu ilə daha bir dəyirmi masa keçirilib.
Elmi turun iştirakçıları oktyabrın 16-da “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda olublar. Qoruğa səyahət sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyevin, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadənin və qoruğun direktoru Musa Mursaqulovun bələdçiliyi ilə keçib.
Məlumat verilib ki, Qafqaz Albaniyası abidələrinin qiymətli nümunələrindən olan, Ağstafa rayonunun Böyük Kəsik kəndindən 28 kilometr məsafədə yerləşən “Keşikçidağ” mağara-məbədlər kompleksinə 70-dək mağara, ilkin orta əsrlərə aid bir qala, məbəd və inanc yeri daxildir. Kompleks Azərbaycan Prezidentinin 2007-ci il 19 dekabr tarixli sərəncamı ilə tarix-mədəniyyət qoruğu elan edilib.
Buradakı iki min ildən çox yaşı olan mağaralar Azərbaycan multikulturalizminin ilkin qatlarını təşkil edir. Bu məkan əcdadlarımızın xristianlığa qədər mövcud olan inancları ilə bağlı qiymətli mənbə təqdim edir. Qafqaz Albaniyasının Aya, Günəşə sitayiş edən bütpərəst əhalisi dini inanclarını hifz etmək üçün bu dağlarda həyat sürüblər. Eramızın I-II əsrlərindən başlayaraq Qüdsdən xristian missionerlər gələrək Qafqaz Albaniyasında xristianlığı təbliğ ediblər. 313-cü ildə çar Urnayr Qafqaz Albaniyasında xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra Alban Apostol kilsəsinin məbədlərinin inşasına başlanılıb. VII əsrin ortalarından Qafqaz Albaniyasında islam dini yayılmağa başlayıb. Lakin xristianlıqdan imtina etməyən albanlar qayalıqlarda qala tipli tikili inşa edərək öz inanclarını qorumaq üçün burada yaşayıblar.
“Keşikçidağ” qoruğu ilə tanışlıq iştirakçılarda zəngin təəssürat yaradıb. Bununla da tur başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar