Yanvarın 13-də Beynəlxalq Muğam Mərkəzində “Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə “Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və digər çıxış edənlər Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildiriblər. Oyunların açılış mərasiminə 150 gün qaldığı vurğulanıb.
Qeyd edilib ki, ulduz elçilər “Bakı-2015”in obyektlərinə baş çəkəcək, gerisayım tədbirlərində iştirak edəcək, kampaniyaları dəstəkləmək və özlərinin sosial media kanallarından istifadə etməklə pərəstişkarları arasında Avropa Oyunlarının təbliğinə kömək göstərəcəklər.
Sonra ulduz elçilərə döş nişanları təqdim olunub və onlar təmsil edəcəkləri idman növlərinin adlarını zərflərdən seçiblər. Sonda xatirə şəkli çəkdirilib.
“Bakı-2015”in ulduz elçiləri sırasında Rafael İsgəndərov və Coşqun Rəhimov (stolüstü tennis), Röya Ayxan (avarçəkmə), Bəhram Bağırzadə (çimərlik futbolu), Tünzalə Ağayeva (atıcılıq), Eldar Qasımov və Nigar Camal (hər ikisi badminton), “Dj Shock” (atletika), Miri Yusif (basketbol), Murad Dadaşov (su idman növləri), İlkin Həsəni (velosiped idmanı), Cabir və Tahir İmanovlar (voleybol) yer alıblar.
“Bakı-2015” Avropa Oyunlarının idman elçiləri siyahısında Suğra Müqabilzadə (oxatma), Nazim Babayev (atletika), Amil Həmzəyev (basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə Mikina (qılıncoynatma), Marina Durunda (gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol), Rövşən Bayramov və Mariya Stadnik (güləş) təmsil olunurlar.