Əcnəbi qonaqların teatr tamaşalarından aldığı təəssürat nəticə etibarilə ölkəmizin tanıtımına xidmət edir
      
   Hər bir ölkənin ictimai həyatının, mədəni inkişaf səviyyəsinin mövcud mənzərəsini təsvir edən incəsənət sahələrindən biri teatrdır. Təsadüfi deyil ki, bu və ya digər ölkəyə səfər edən əcnəbi qonaqlara təqdim edilən turist proqramlarında teatrların ziyarət olunması da yer alır.
   
   Əgər turist teatrlara da baş çəkməyi unutmursa, deməli o, həm də düşünməyi bacaran şəxsdir.
   Bəs görəsən, Azərbaycanın paytaxtına turist səfərinə gələn əcnəbilər teatrlarımıza baş çəkirlərmi? Teatrların rəhbərləri bu işi necə təşkil edirlər? Ayrı-ayrı teatrların tamaşaçıları arasında turistlərin say göstəricisi necədir? Teatr müəssisələrimizin təmsilçiləri və rəhbərlərinin bu suallarımıza cavabları müşahidələrimizlə üst-üstə düşdü. Teatrlara vaxtaşırı baş çəkənlər bilirlər ki, əcnəbi vətəndaşların ən çox maraq göstərdikləri teatrlar arasında Opera və Balet, «Yuğ» və Pantomima teatrları üstünlük təşkil edir.
   Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyeva bildirdi ki, teatrın repertuarının zəngin, rəngarəng olması tamaşaçı kontingentinə təsir edir: «Nəzərə alsaq ki, son vaxtlar paytaxtımıza turist səfərinə gələnlərin sayı artıb, biz də əcnəbi qonaqların teatrımıza gəlməsində maraqlıyıq. Buna görə də turistlərin yerləşdikləri mehmanxanalarla əlaqələr qurmuşuq. Aylıq repertuarı onlara göndəririk. Bu repertuar turistlərin diqqətinə çatdırılır və bilet sifariş olunaraq onların qrup şəklində teatrımızın tamaşalarında iştirakı təşkil edilir. Qastrol tamaşalarının afişalarını ayrıca göndəririk».
   Mətbuat katibinin sözlərinə görə, turistlər həm xarici bəstəkarların, həm də Azərbaycan müəlliflərinin balet və operalarına maraq göstərirlər. Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasının, Fikrət Əmirovun «Min bir gecə», Qara Qarayevin «Yeddi gözəl» baletlərinin tamaşalarına böyük həvəslə gəlirlər. Ümumiyyətlə, şəhərimizin qonaqlarının Opera və Balet Teatrının tamaşalarına marağı ildən-ilə artır. Bu da təbiidir. Opera, balet tərcüməyə o qədər də ehtiyacı olmayan incəsənət növüdür. Bu sənət əsərlərini hər kəs anlaya bilir».
   Ş.Qurbanov adına Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev Azərbaycan və əcnəbi bəstəkarların operettalarına əcnəbi tamaşaçıların da maraq göstərdiyini bildirdi: «Ölkəmizdə turizm sektorunun genişlənməsi, turist səfərinə çıxan insanların məhz Azərbaycanı seçməsi çox sevindiricidir. Onların turist marşrutlarının tərkib hissəsi olan teatrlara gedərkən Azərbaycan əsərlərinə üstünlük vermələri anlaşılandı - gəzməyə gəldikləri ölkənin mədəniyyətini də tanımaq istəyirlər. Bizim repertuarda isə bildiyiniz kimi, azərbaycanlı müəlliflərin əsərləri ilə yanaşı, xarici əsərlərə də yer ayrılıb. Bu isə Azərbaycan teatr mədəniyyətinin simasını əks etdirməyə imkan verir».
   Ə.Lalayev qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi əmrinə əsasən, teatrların üçaylıq repertuar planı tərtib edilir: « Bu qərar teatrların təbliği üçün çox yaxşı imkanlar yaradır - üç ay əvvəldən istər yerli tamaşaçılar, istərsə də əcnəbi qonaqlarımız bu və ya digər teatrda hansı tamaşaların oynanıldığından xəbər tuta bilirlər».
   Ə.Lalayev rəhbərlik etdiyi teatrın repertuarının turistlərin yerləşdikləri mehmanxanalara göndərilmədiyini dedi: «Əlbəttə, mehmanxanalara repertuarı təqdim etmək, turizm şirkətləri ilə əlaqə qurmaq olar. Amma məncə, üçaylıq repertuar planı tərtib edilirsə, tamaşalarımızın afişaları müvafiq yerlərə vurulursa, buna kəskin ehtiyac yoxdur. Turistlərin ölkəmizə marağı artırsa, turizm şirkətləri onların marşrutlarını tərtib edərkən teatrları da nəzərə almalı, onlar da öz növbələrində teatr sənətimizin təbliğinin qayğısına qalmalıdırlar».
   Direktorun sözlərinə görə, tamaşalara baxmağa gələn əcnəbilər arasında əsasən ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, xarici şirkətlərin təmsilçiləri üstünlük təşkil edir: «Azərbaycanlı ailələrin qonağı olan əcnəbilər də tamaşalarımıza baxmağa gəlirlər».
   Dövlət Pantomima Teatrının aktyoru və direktoru Elman Rəfiyev sorğumuzu cavablandırarkən qeyd etdi ki, tamaşaçılar arasında turistlərə tez-tez rast gəlinir: «Britaniya, Almaniya, İtaliya, Fransa, Yaponiya və Amerikadan olan turistlər yollarını tez-tez Pantomima Teatrından salırlar. Sözlü tamaşalarımıza tərcüməçi ilə gəlirlər. Hətta teatrımızda artıq ənənəyə çevrilmiş tamaşadan sonrakı müzakirəyə də qalırlar. Mədəniyyət və Turizm Nazirliyinin tərtib etdiyi broşürlərdə Pantomima Teatrı haqqında da məlumat verilib. Məhz o broşürlərin sayəsində paytaxtın əcnəbi qonaqları tez-tez bizim tamaşalara gəlirlər».
   Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov bu mədəniyyət ocağının, ümumiyyətlə, yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, tamaşaçı auditoriyasını genişləndirmək işinin də yeni keyfiyyət müstəvisinə keçdiyini vurğuladı: «Bildiyiniz kimi, hər həftənin şənbə-bazar günləri «Lider» televiziyası ilə bizim tamaşaların anonsları verilir. Tamaşaçı sarıdan seyrəklik müşahidə etmirik. Onların arasında turistlər də olur. Məsələn, Novruz bayramı günlərində İrandan bir neçə teatrsevər tamaşalarımıza gəlmişdi. Biz repertuar planımızı vaxtaşırı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinə göndəririk. Repertuar planımızı mehmanxanalara da göndərmək niyyətindəyik. Nazirliyin nəşr etdirdiyi turizmlə bağlı kitabçada bizim teatr haqqında da Azərbaycan, rus və ingilis dillərində məlumat dərc edilib. Şəhərimizin əcnəbi qonaqları həmin kitabça vasitəsilə Gənc Tamaşaçılar Teatrı barədə məlumat alır və tamaşalarımıza gəlirlər. Əlbəttə, tamaşaçılarımız arasında xarici turistlərin sayı o qədər də çox deyil. Amma söylədiyim kimi, bu teatrda bir çox dəyişikliklər baş verib. Çalışırıq ki, bu, tamaşaçı auditoriyamızın sayında və tərkibində də ən yaxşı cəhətdən öz əksini tapsın».
   «Yuğ» Dövlət Teatrının direktoru Tərlan Rəsulzadə bizimlə söhbətində turizm şirkətlərinin özlərinin bu teatra müraciət etdiklərini dedi. Teatrların, konkret olaraq «Yuğ» teatrının tamaşaçı dairəsini genişləndirmək məsələsinə onun münasibəti fərqliliyi ilə seçildi: «Avropanın bütün aeroportlarında ölkəyə gələnlərə mədəniyyət obyektləri haqqında broşürlər paylanır. Düşünürəm ki, teatrlarımızın, xüsusən də «Yuğ» kimi Cənubi Qafqaz regionunun ən mütərəqqi teatrlarından birinin təbliği üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir. Mən bir neçə dəfə hava limanının, mehmanxanaların müdiriyyətinə təklif etmişəm ki, «Yuğ» teatrının loqotipinə qeydiyyat şöbələrində yer ayrılsın. Lakin təəssüf ki, onlar bununla razılaşmırlar. Yaxşı ki, Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi kitabçalar mehmanxanalarda yayılır. O kitabçaların turistlərin üz tutduqları əyləncə mərkəzlərinə paylanması da yaxşı olardı. Çalışmaq lazımdır ki, Azərbaycandan gedən əcnəbilərin təəssüratında mədəniyyətimizin inkişafı əsas yeri tutsun».
   Turistlərin gəzib-gəldikləri məmləkətin təbiəti, hava şəraiti, adamları, mətbəxi, görməli yerləri, mədəniyyəti haqqında qazandığı təəssürat, sonra bunu həmvətənləri ilə bölüşməsi nəticə etibarilə ölkəmizin tanıtımına xidmət edir. Bu baxımdan əcnəbi qonaqların bizim teatr tamaşalarından aldığı təəssürat da önəmli rol oynayır. Odur ki, teatrlarımız bu məqama xüsusi diqqət verməli, öz tamaşalarına daha çox turist cəlbinə çalışmalıdır.
   
   Samirə Behbudqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar