Ş.Qurbanov adına Musiqili Komediya Teatrı 100 illik yubileyi münasibətilə bir sıra layihələr gerçəkləşdirməkdədir. «Bizim 100 yaşımız var» adı altında gerçəkləşən layihələrdən biri kiçikyaşlı tamaşaçılarına ünvanlanıb. Onlar şənbə və bazar günləri göstərilən tamaşalardan öncə gənc rejissor Elvin Mirzəyevin «Teatr dərsləri»ndə iştirak edirlər.
   
   Teatrın direktoru Əliqismət Lalayevin bildirdiyinə görə, teatrda fəaliyyət göstərən yaradıcılıq studiyasının üzvləri balaca tamaşaçılara teatr aləmi haqqında məlumatlar verirlər. 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Günündə isə teatr bütünlüklə uşaqların ixtiyarına veriləcək. Həmin gün yaradıcılıq studiyasının «Günay» qrupu foyedə müxtəlif tamaşalar üçün hazırladıqları kostyumları sərgiləyəcəklər. Vernisajdan sonra isə «Günay»ın yeni tamaşası oynanılacaq.
   Bu arada Musiqili Komediya Teatrının rejissoru Elvin Mirzəyev İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən 14-cü Teatr Festivalında iştirak edib. Gənc rejissor festival iştirakçılarına müəllifi və quruluşçu rejissoru olduğu monotamaşanı təqdim edib. Aprelin 30-u və mayın 1-də oynanılan tamaşada tənha insanın yaşam mücadiləsindən, ətrafdakıların ona münasibətindən bəhs edir.