..."Yatmış gözəl"...
İyunun 5-də Gənc Tamaşaçılar Teatrında "Yatmış gözəl" tamaşası balaca tamaşaçıların ixtiyarına veriləcək. Hazırda yaradıcı kollektiv səhnə əsəri üzərində işləri davam etdirir. Quruluşçu rejissoru Nicat Kazımov olan tamaşanın süjet xətti məşhur eyniadlı nağılın əsasında qurulub.
Tamaşada teatrın peşəkar aktyorları ilə yanaşı gənclər də çıxış edirlər. Əsərin qəhrəmanlarını isə Asya Atakişiyeva və Eşqin Quliyev canlandırırlar. Məlumat üçün bildirək ki, sözügedən tamaşa dövlət sifarişi ilə ərsəyə gəlir.
Bu, teatrın mövzuya birinci müraciəti deyil. Nağıl on il bundan əvvəl rus bölməsində də səhnələşdirilib və xeyli muddət teatrın repertuarında olub.
...və növbəti səfərə hazırlıq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı repertuarında olan tamaşalarla tez-tez qastrol səfərlərində olur, beynəlxalq teatr festivallarında, teatr bayramlarında uğurla çıxış edir.
Teatra növbəti dəvət Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhərində keçiriləcək «Bosporskie oqni» adlı XII Beynəlxalq Antik İncəsənət Festivalının təşkilat komitəsindən gəlib.
Müxtəlif ölkələrin 30-dan artıq teatrının iştirak edəcəyi festival 2010-cu il iyunun 4-dən 9-dək keçiriləcək. Bu nüfuzlu beynəlxalq sənət yarışmasına teatr məşhur Braziliya dramaturqu Qilyermo Fiqeyredonun «Ezop» pyesi əsasında hazırlanmış eyniadlı tamaşayla qatılacaq.