Azərbaycanda musiqi ifaçılığının digər növləri kimi vokal sənəti də böyük bir tarixi yol keçib. Bu sənətin Şövkət Məmmədova, Bülbül kimi peşəkarları olub ki, zaman keçdikcə onların ardıcılları yetişib. Sevindirici haldır ki, bu məktəbi təmsil edən gənc vokalçılar yetişir və onlar da öz sələflərinin yolunu layiqincə davam etdirirlər. Belə ki, öz ifa üslubları ilə həm milli koloriti qoruya bilir, həm də klassik vokal üslublarını çox düzgün mənimsəyirlər. Odur ki, Azərbaycan vokalçıları dünyanın hansı ölkəsində çıxış etsələr, vətənə uğurla qayıdırlar. Haqqında söhbət açacağımız Fərid Əliyev də məhz belə istedadlı ifaçılardandır.
Gənc olmasına baxmayaraq Fəridin maraqlı sənət yolu var. O, erkən yaşlarından incəsənətin musiqi deyil, rəssamlıq sahəsinə yönəlib. Bu da səbəbsiz olmayıb. Fərid Əliyevin babası Azərbaycanın çox məşhur rəssamı Baba Əliyev olub.
Fərid də babası ilə olan çağlarını çox yaxşı xatırlayır: “Onun mənim sənət taleyimdə mühüm rolu olub. Mən incəsənət mühitində böyümüşəm. Babamın tövsiyələri ilə Ə.Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil oldum. Oranı bitirdikdən sonra isə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq şöbəsində təhsilimi davam etdirdim. Düzdür, babam mənim rəsmlərimi bəyənirdi. Amma deyirdi ki, Fərid, nədənsə mən səni musiqiçi görmək istəyirəm. Bəlkə nə vaxtsa bu belə olacaq”.
Fərid peşəkar rəssam kimi yetişdi, amma sonda musiqiçi oldu. Onun dediklərindən:
“İnstitutu bitirdikdən sonra Azərbaycan Opera və Balet Teatrında rəssam kimi fəaliyyətə başladım. Opera artistləri məşq edərkən sanki mən də onlarla bir oxuyurdum. Yavaş-yavaş öz zümzümələrimlə bir neçə sənətkarın diqqətini cəlb etdim. Onlar mənə həm istiqamət verdilər, həm də məni bu sənətə həvəsləndirdilər. Beləliklə, 1998-ci il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil oldum. Bununla da sənət taleyimə qovuşdum”.
Doğrudan da maraqlı sənət taleyidir. Bəlkə də Fəridi rəssam-vokalçı adlandırmaq olar. Çünki səsində rəng var. Yəqin bu rəngləri Fərid Əliyev daha aydın duya bilir. Fərid həm rəssamlıq, həm də vokal sənətinin sirlərinə dərindən bələddir. Bu yerdə onu da deməliyik ki, Fərid Bakı Musiqi Akademiyasında Əməkdar artist, professor Hüseyn Əliyevin vokal sinfində bakalavr və magistr üzrə dərs alıb. Bu gün Fərid öz uğurlarına görə həm də müəllimi Hüseyn Əliyevə minnətdardır.
Gənc vokalçı Fərid Əliyev Bülbül adına III Beynəlxalq müsabiqənin diplomantıdır. 2010-cu ilin mart ayında Rusiyanın məşhur tenor səsli vokalçısı İ.S. Kozlovskinin adı ilə bağlı “Müstəqil Dövlətlər Birliyinin tenor ulduzları” konsertində Fərid Əliyev də çıxış edib. Moskvanın «Alimlər evi»ndə keçirilən bu konsertdə dünyanın müxtəlif ölkələrindən gələn vokalçılar arasında Fəridin də ifası yüksək qiymətləndirilir. Gənc vokalçı bundan savayı bir neçə müsabiqə və festivallarda da iştirak edib. Amma son uğuru daha müvəffəqiyyətlidir və inanırıq ki, onu zirvələrə doğru aparır. Belə ki, Fərid Əliyev bu yaxınlarda Yekaterinburq şəhərində keçirilən Kuroşkin adına Beynəlxalq Operetta və Müzikl Müsabiqəsinin laureantı olaraq, I yerə layiq görülüb. Müsabiqədə Fərid Qərb və rus bəstəkarlarının əsərlərini və Üzeyir bəyin “Arşın mal alan” operettasından Əsgərin ariyasını ifa edib.
Özü bu barədə belə deyir:
“Mən Əsgərin ariyasını ifa edəndə münsiflər heyəti və bütün tamaşaçılar məni alqışlarla qarşıladılar. Mənə belə gəlir ki, elə böyük bir müsabiqədə I yer tutmağım məhz Üzeyir bəyin musiqisinə görədir. Odur ki, bu dahi sənətkarın ruhu qarşısında baş əyir və musiqi sənətinə uğurlar bəxş etmək üçün yorulmadan çalışmağı özümə borc sayır, bunu həmkarlarıma da arzulayıram”.
Onu da qeyd edək ki, hələ Fəridi qarşıda çox imtahanlar gözləyir. Əminik ki, o, bu imtahanlardan uğurla çıxacaq. Mayın 29-da Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə də Fərid uğurlu çıxış etdi. Əlbəttə, hər bir sənətkarın, ifaçının uğuru yalnız onun deyil, ümumən mədəniyyətimizin uğurudur.
Səadət Təhmirazqızı,
musiqişünas