Bu dünyanı nağıl bilək?!
(Əvvəli ötən sayımızda)
Üçüncü gün: “Çay dəstgahı”
Təqvimin günləri Qax şəhərində vərəqlənir.
İyunun 19-u M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı bizlərə “Çay dəstgahı” və “Cik-cik xanım” tamaşalarını göstərdi. Bu kukla teatrı nə uşaqlar üçündür, nə də böyüklər üçün. Tamaşalara baxdıqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu kukla teatrında bilgi və bacarıq həvəskar səviyyədədir. Mirzə Cəlilin eyniadlı alleqorik pyesi əsasında hazırlanmış “Çay dəstgahı” kukla oyunu üzüntülü, qorxulu bir yuxu-operanı xatırladırdı. Tamaşada ipli kuklalardan istifadə edilmişdi: kuklalar səhnədə yarımdairə formasında düzülmüşdülər: vaxt yetişəndə hərə əsgər kimi irəli addımlayıb, öz solo partiyasını ifa edib yerinə qayıdırdı. Aləm qaraya bürünmüşdü. Lakin bu qaranın çağdaş dövrümüzün bir sıra kukla teatrlarında tez-tez tətbiq olunan “qara kabinet” estetikası ilə heç bir əlaqəsi yox idi. Musiqi isə sanki stəkan, qaşıq, nəlbəki kimi yüngül fakturaya malik nəsnələr üçün deyil, ağır heykəllər, yük maşınları və tanklar üçün bəstələnmişdi. Yalnız nökər Əli (Mir Qabil Əkbərov) səhnəyə çıxanda bu ovqat nisbətən yumşalırdı. Bir də quruluşçu rəssamın (Rafael Qədimov) kukla oyunu üçün tapdığı əlvan konstruksiyadan daha effektli yararlanmaqla tamaşaya müəyyən bir dinamizm gətirmək mümkün idi. Hərçənd mən inanmıram ki, tamaşanı bununla xilas etmək olardı.
“Cik-cik xanım”sa məşhur bir nağıldır, musiqi leytmotivi də özündən məşhur: dınqır sazım, dınqıl sazım. Azərbaycanın gənc intellektualları “Cik-cik xanım”ı mənasızlıq simvolu hesab eləyirlər və mən də onlarla tam şərikəm. Amma gəlin, razılaşaq ki, bu, cığal bir sərçənin sərgüzəştidir, insanlarla oyun-zarafatıdır, “al”-“ver” haqqında azərbaycanlı uşaqlara keçilən ilk dərsdir, nəzəri məşqdir. Heç əbəs deyil ki, millətimiz alverdə (biznesdə) pərgardır. Bəlkə də elə ona görədir ki, mən hər dəfə “Cik-cik xanım” nağılının qarşısında yeni müəllif adı, bu nağılı mənimsəmək iddiası görürəm. Ancaq nağıl həmişə həmən nağıldır ki var. Nə isə... Qəribədir, “Cik-cik xanım” kukla tamaşasından aldığım emosional impulslar məni dərhal “Çay dəstgahı” tamaşasına ünvanlayırdı. Düzdür, burada kuklalar qapitlər (millər) vasitəsilə monoton bir şəkildə hərəkətə gətirilirdi, oynaq bir musiqi çalınırdı, amma gizli bir narahatlıq, həyəcan hissi seyrçini heç cür tərk etmirdi. Ona görə ki, şirmanın üstündəki oyun məkanını parıltılı, zərli qara örpəyə bürünmüş, vampir yarasaya oxşayan sərçənin kuklası tutmuşdu və bu kukla öz ağırlığı, əjdəhasayağı qanadçalmaları ilə süjet oynaqlığını, vəziyyət şuxluğunu heçə endirirdi, az qala sərçəni ekstremistə çevirirdi. Öz-özlüyündə bunu maraqlı bir yozum kimi təqdim etmək olar: doğrudan da, o necə və nə boyda sərçədir ki, qoyunu, gəlini götürüb qaçır və heç kim ona heç nə eləyə bilmir. Məhz bu məqamda kukla oyununun quruluşçu rejissoru, Xalq artisti Yasəmən Ramazanovanın bəraəti var. Lakin bu fikrə, ideyaya relevant bədii həll tapılmadığından, situasiyalar zamanın estetik meyarlarına uyğun dəyişmədiyindən və hər şey çox ciddi qəbul edildiyindən tamaşa ilə seyrçi bir-birilərinə münasibətdə özgəsi olaraq qalırlar.
Mən bu tamaşalardan sonra düşündüm ki, görünür, Naxçıvan Kukla Teatrı hələ də sənətdə professionallaşmayıb. Hərçənd bütün bunlarla yanaşı hər iki tamaşa sosiopsixoloji analiz üçün əla materialdır.
Dördüncü gün: “Danışan kukla”
Təqvimin günləri Qax şəhərində vərəqlənir.
İyun ayının 17-dən 20-dək sovet dönəminin təbliğ pafosu ilə danışmağı çox sevən div cüssəli bir adam vardı Qax şəhərində: Salyan Dövlət Kukla Teatrının direktoru Yavər Cəbrayılov. Əsl nağıl personajı idi. Salyanlıların “Danışan kukla” tamaşası göstərildikdən sonra isə bu direktor birmənalı şəkildə susmağa üstünlük verdi. Deməli, ümid etmək olar ki, hər şey itirilməyib.
Abdulla Şaiqin eyniadlı pyesi əsasında hazırlanmış “Danışan kukla” tamaşası hələ 2008-ci ildə I Respulika Kukla Teatrları Həftəsi çərçivəsində göstərilib, budəfəki gəliş onun ikinci zühurudur. Şərhə ehtiyac varmı? Yox. Onda keçək ayrı problemlərə. Salyan Kukla Teatrı bir qədər fərqli metodika ilə işləməyə çalışır: kuklaçını seyrçidən gizlətmir, tamaşalarını aktyorla kuklanın birbaşa kontaktı üzərində qurur. “Danışan kukla”, əslində, tamam kuklasız tamaşadır. Bu pyesi yazanda A.Şaiq gücün, pulun, düşkün mənəviyyatın və sosial ehtiyacın (“Qaraca qız”, “Üç gombul”, “Oyuncaq” filmlərini yada salın) canlı insanı necə kuklaya çevirdiyini göstərmək istəyirdi. Kukla teatrı da birə-bir müəllifin ardınca gedib və konkret heç bir bədii nəticə əldə etməyib. İdeya aktual səslənsə də, oyun üslubu, ifadə forması köhnə və maraqsız qalıb.
“Gəlinciklər” (müəllif Sevinc Nuruqızı) tamaşası da “Danışan kukla”ya yaxın bir oyun estetikası sərgiləyirdi. Burada aktyorlarla qapit kuklalar eyni bir oyun məkanını bölüşürdülər. “Gəlinciklər” tamaşası emosiyaların səriştəsiz, vulqar və zövqsüz imitasiyası üzərində qurulmuşdu. Aktyorların kuklalarla heç bir ruhsal bağlılığı yoxdu: onlar dramatik teatrın səhnəsinə çıxmağa qadağa qoyulmuş pis ifaçılarla assosiasiya yaradırdı. Dramaturji materialın mövzusu da, ortaya atdığı mənəvi problem də seyrçini inandırmaq iqtidarında deyildi. Axı real həyatda belə olmur: uşaqlar heç vaxt bilə bilmirlər ki, gəlinciklər onları niyə sevmir. Bəyəm onlar heç bu barədə fikirləşirlər? Uşaq - kukla münasibətləri həmişə iyerarxik olur və kukla uşağı heç vədə üstələyə bilmir. Sadə bir səbəbə görə: kukla uşağın hədiyyəsidir.
Bir sözlə, Salyan Kukla Teatrı gələcəkdə ciddi və kardinal islahatlara məruz qalmasa, məncə, iş aşmaz.
Beşinci gün: “Zınqırovlu pişik”
Təqvimin günləri Qax şəhərində vərəqlənir.
İyunun 21-də qaxlılar “Qızıl balıq” nağılını teatrın ədəbi hissə müdiri Osman Abdullayevin versiyasında oynadılar. Kuklaçılar tamaşanı qapit (mil) kuklalarla şirma arxasında gizlənib göstərirdilər. Tamaşa mənə estetik baxımdan köhnə təsir bağışladı, süjet ləng inkişaf eləyirdi, rəssamın (M.Abdullayev) işində orijinal və qeyri-adi heç nə gözə dəymirdi. Musiqi tərtibatı (Y.Abdurahmanov həm də kukla oyununun rejissorudur) da bu tamaşanın şəcərəsini “Piri babanın nağılları”na bağlayırdı. Görkəmcə də kuklalar bir o qədər cəlbedici görsənmirdi. Amma bu tamaşa üç effektli mizan-məqamla yadda qaldı: birinci: tülkünün (kuklaçı Nərminə Hüseynova) məharətlə öz xarakterini göstərməsi, balıqları ehmalca balıqçı səbətindən götürüb yola atması ilə; ikinci: şah sarayında döyüşçülərin (kuklaçılar Araz Mehrablı və Azər Kərimov) xəncər davası ilə; üçüncü: qızıl balığın (kuklaçı Nərminə Hüseynova) qudurğan qarıya qəzəblənib təlatümlü dalğalar arasında itməsilə. Lakin mən yenə də öz fikrimdən dönmürəm: bu mövzuda, təqdim olunan estetika və texnikanı məqbul saymaq şərtilə, daha əlvan tamaşa oynamaq olardı.
Günün ikinci yarısında səhnə A.Şaiq adına Dövlət Kukla Teatrının ixtiyarındadır. Oynanılır Əhməd Orucun “Zınqırovlu pişik” pyesi, təbii ki, məşhur nağılın motivlərinə söykənərək yazdığı pyesi. Rejissoru Elşad Mustafayevdir. Yeri gəlmişkən, Kukla Teatrları Həftəsində yeganə teatr idi ki, tamaşalarının proqramı gözə dəymədi. Ona görə bu xüsusda mən nəyi səhv salsam, kimin ad və soyadını düz yazmasam, üzrlüyəm, yəni babalı teatrın özünün boynuna.
Elşad həm konferansye, həm kuklaçı, həm də aktyor kimi çox istedadlı bir adamdır: səhnəyə çıxan kimi uşaqların diqqətini həlim, mehriban, səmimi danışığı ilə özünə çəkdi və teatrın aktyoru Elnurun solo nömrəsini elan elədi. Nömrə gözəl bir pantomim oyunu, məşhur estrada müğənnilərinə bir parodiya. Elə bir parodiya ki, zaldakıları əməllicə coşdura bildi. Ardınca “Zınqırovlu pişik” başladı və bu tamaşa rejissor Elşadın kukla teatrı üçün məqbul saydığı estetikanı sərgilədi.
Sosial fəaliyyət tipinə görə onun teatrı satirik kukla teatrıdır və bu teatr aktyorun, kuklanın və seyrçinin birbaşa canlı ünsiyyəti üzərində qurulur. “Zınqırovlu pişik” günümüzə, gerçəkliyimizə və şou dünyasına refleksiyadır, təmsilvaridir, xırda zarafatlarla doludur. Tamaşada müasir estrada bomonduna mənsub fərdlərin jest və ədalarına bir parodiya kimi düşünülmüş koppuş zınqırovlu məstan pişik Elşadın, fəndgir və zirək, sısqa və çevik siçanlar isə Elnur və xanım dostlarının ifasında əla baxılırdı. Burada pişik və siçanların kuklalarından aktyor oyununun, süjet dəyişmələrinin refreni kimi ikinci planda faydalanırdılar. Birinci planda isə Elşad, Elnur və xanım dostları “od qoparırdılar”. Böyüklərin də, uşaqların da “Zınqırovlu pişik”dən ötrü “ürəyi getmişdi” həmin gün.
Bu tamaşa A.Şaiq adına Kukla Teatrında fərqli bir üslubda, fərqli bir estetikada işləməyə üstünlük verən özünəməxsus bir qrupun əmələ gəldiyini bəyan elədi. Amma mən istəməzdim, A.Şaiq adına Kukla Teatrı parçalansın. Çünki məhz bu teatrda Elşad və aktyorları, sözün əsl mənasında, xitə çevrilə bilərlər.
Altıncı gün: “Ağ və qara”
Təqvimin günləri Qax şəhərində vərəqlənir.
İyunun 22-si. A.Şaiq adına Kukla Teatrı rejissor Kamran Şahmərdanın “qara kabinet” estetikasında qurduğu “Ağ və qara” tamaşasını göstərir. Mən bu kukla oyunu haqqında yazmışam deyə, təhlilə varmayacağam. Tamaşa böyüklər üçün nəzərdə tutulub, amma mən uşaqların ovsunlanmış kimi ecazkar kuklalara necə kirimişcə baxdığını görürəm. “Ağ və qara” mistik-eyhamçı kukla teatrı tipini mədəniyyət müstəvisində aktuallaşdırır. Kuklaçılar (başda Rəhim Rəhimov olmaq şərtilə) görünmürlər və adama elə gəlir ki, səhnə məkanında kuklaların özləri qəribə bir mistika içində davranıb danışırlar. Təsir suggestiv və fantastikdir, hamı gördüyünə, ağ işıq topaları altında füsunkarcasına cilvələnən kuklalara valeh olub. “Zınqırovlu pişik”lə “Ağ və qara” A.Şaiq adına Kukla Teatrının müxtəlifliyini və mümkün perspektiv istiqamətlərini qoyur ortaya. Bundan gözəl nə ola bilir ki?..
Tamaşadan sonra biz çıxırıq kuklaçılar qarşısına, sıra ilə bir-bir söz söyləyirik: pisini də deyirik, yaxşısını da; Qax camaatına, Qax rəsmilərinə təşəkkürümüzü bildiririk. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Vəfa xanım isə bir xatirə olaraq teatrlara diplomlar təqdim edir. Bununla da II RESPUBLİKA KUKLA TEATRLARI HƏFTƏSİNİN bağlanış mərasimi sona yetir. Və...
...çox sevinə-sevinə,
hərə gedir evinə...
Biz də Bakıya yollanırıq.
Yeddinci gün: kukla-matım dovşanım
Təqvimin günləri Bakı şəhərində vərəqlənir.
Düşünürəm ki, mən II RESPUBLİKA KUKLA TEATRLARI HƏFTƏSİ barədə mütləq yazmalıyam. Çünki dəyərli bir teatr toplantısında iştirak etmişəm. Çünki Azərbaycanda mövcud kukla teatrlarının mənzərəsi mənə artıq tam aydındır. Çünki ikinci belə bir səmimi teatr törəni yadıma gəlmir. Düşünürəm ki, qısa bir zaman çərçivəsində Azərbaycanda kukla teatrlarını inkişaf etdirib onları dünya standartları səviyyəsinə uyğunlaşdırmaq mümkündür və heç də çətin məsələ deyil. Düşünürəm ki, Qax şəhərində Azərbaycan kukla teatrı mərkəzi açmaq, bu mərkəzin nəzdində kuklaçılıq emalatxanası və ya məktəbi yaratmaq perspektivi böyükdür. Düşünürəm ki, Qax şəhərində kukla teatrlarının beynəlxalq festivalını keçirmək üçün hər cür imkanlar var. Düşünürəm ki, kukla teatrlarının “kukla-matım dovşanım” səviyyəsindən çıxmaq vaxtıdır. Və hətta düşünürəm ki, bəlkə mən indən sonrasına kukla şünası olum?
Aydın Talıbzadə