Teatr yeni mövsümü “Arşın mal alan”la açacaq
   
   Yay məzuniyyətindən qayıtmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 101-ci mövsümünü Mədəniyyət və Turizm Nazirliyinin planlarına uyğun olaraq, yeni layihələrlə zənginləşdirəcək.
   
   Teatrın mətbuat xidmətindən bildiriblər ki, bu layihələrə xaricdən dəvət olunmuş rejissorlar, yeni tamaşalar və teatrın 100 illik yubileyinin keçirilməsi daxildir.
   Avqustun 28-dən etibarən teatrın yaradıcı kollektivi yeni tamaşalar üzərində məşqlərə başlayıb.
   Teatr 101-ci mövsümünü sentyabrın 19-da dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ilə açacaq. Tamaşa Milli musiqi günü və dahi Üzeyir Hacıbəyovun doğum günü (18 sentyabr) münasibətilə nümayiş olunacaq. Tamaşanın rejissoru Elvin Mirzəyevdir. Rollarda Anar Şuşalı, Nərgiz Kərimova, Əzizağa Əzizov, Xanım Qafarova, Əkbər Əlizadə və başqaları iştirak edir.
   Üzeyir Hacıbəylinin ilk dəfə 1910-cu ildə səhnələşdirilən “Ər və arvad” tamaşası da 100 il sonra yenidən tamaşaçıların mühakiməsinə veriləcək. Tamaşanın rejissoru Yusif Əkbərov, dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanovdur. Rollarda xalq artistləri Afaq Bəşirqızı, Yaşar Nuri, İlham Namiq Kamal, Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Gülcahan Salamova, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Emma Məlikova, Ağaxan Şərifov çıxış edəcəklər.
   Yeni mövsümdə A.Saqarelinin “Xanuma” əsəri Azərbaycan və rus bölmələrində iki dildə tamaşaya qoyulacaq. Tamaşaya quruluş verəcək rejissorlar arasında Tbilisidəki Ş.Rustaveli adına teatrın rejissoru Qoça Kapanadze, Gürcüstanın digər tanınmış sənətkarları var. Tamaşanın quruluşçu rəssamı Lomgül Murusidzenin, geyim üzrə rəssamlar Ketevan Titişvilinin və Tamuna Macaraşvilinin də adları Gürcüstanın teatr ictimaiyyətinə yaxşı tanışdır.
   Sverdlovsk Dövlət Musiqili Komediya Teatrının baş rejissoru, Rusiyanın Xalq artisti, “Qızıl maska” milli mükafatının laureatı, professor Kiril Strejnevin tələbəsi Sergey Yunqans Musiqili Teatrların Beynəlxalq Assosiasiyası tərəfindən tamaşa hazırlamaq üçün Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilib. Sergey Yunqans teatrın rus bölməsində operetta janrının banisi, böyük fransız bəstəkarı Jak Offenbaxın “Kandardakı ər və yaxud toy gecəsində sərgüzəşt” komediyasını səhnələşdirəcək. Jak Offenbaxın eyniadlı əsəri Azərbaycan teatrında ilk dəfə 1989-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulub.
   
   “Evlənmə” xalq artistlərini bir araya gətirəcək
   
   Musiqili Komediya Teatrında maraqla gözlənilən premyeralardan biri də, yəqin ki, rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyası əsasında hazırlanan tamaşa olacaq. Bu tamaşada xalq artistləri Məleykə Əsədova, Şükufə Yusupova və Yaşar Nuri Musiqili Komediya Teatrının aktyorları ilə birlikdə çıxış edəcəklər.
   Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Evlənmə” tamaşasında Aqafya Tixonovna obrazı Məleykə Əsədovaya, Fyokla İvanovna surəti Şükufə Yusupovaya, Yaiçnitsa rolu isə Yaşar Nuriyə həvalə olunub. Komediyada Podkalyozin roluna isə Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Qurban İsmayılov dəvət olunub. Əsər böyük rus yazıçısının 200 illik yubileyinə həsr edilir. Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru Əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Nabat Səmədova, xormeyster Vaqif Məstanov, baletmeysterlər Zakir Ağayev və Leyla Ağayevadır. Sevimli gülüş ustaları, xalq artistləri Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Xanım Qafarova, Ramiz Məmmədov, aktyorlar Çingiz Əhmədov, Əzizağa Əzizov, Ülviyyə Novruzova, Ziyadxan Cəbrayılov, Elxan İsmayılov, Məhərrəm Qurbanov, Vüqar Hacıyev də “Evlənmə” də yer alacaqlar.
   Teatrın direktoru, Əliqismət Lalayev yaradıcı kollektivə tanınmış simaların və gənc yaradıcı qüvvələrin cəlb edilməsindən danışaraq bildirib ki, məqsəd teatrın ötən şöhrətini özünə qaytarmaqdır: “İstəyirik ki, tamaşaçılar sevimli aktyorlarını görmək üçün məhz bizim teatra üz tutsunlar”.