Əsaslı təmirdən sonra Akademik Mİlli Dram Teatrı ilk olaraq qapılarını əlamətdar teatr hadisəsində - Bakı Beynəlxalq Teatr Konfransında açdı. Təmirdən sonra xeyli işıqlı və gözəl görünən teatr binası öz qonaqlarını qarşılayarkən, biz də konfransın məsul katibi Şaiq Səfərovdan xahiş etdik ki, tədbirlə bağlı suallarımızı cavablandırsın.
      
   - Konfrans çox böyük marağa səbəb olub. 30 ölkədən gəlmiş 60 teatr sənətkarının bir konfransda iştirak etməsi, əlbəttə ki, böyük hadisədir. Nəinki Qafqazda, eləcə də Yaxın Şərqdə, teatr mədəniyyəti yüksək olan - Rusiya, Ukrayna kimi ölkələrdə belə bu cür mötəbər konfrans olmayıb. Tədbirə dünyanın tanınmış teatr mütəxəssisləri təşrif buyurub.
   - Konfrans çərçivəsində teatrın aktual məsələlərinə həsr olunmuş seminarlar təşkil olunub. Eşitdiyimizə görə, seminarlardan birinin aparıcısı, amerikalı mütəxəssis İosif Yusupov vaxtı ilə Bakıda işləyib...
   - Bəli, İosif Yusupov vaxtı ilə Bakıda çalışıb. Rus Dram Teatrında tamaşa qoymuşdum, o vaxt İosif Yusupov Düşənbə Akademik Dram Teatrında baş rəssam idi. Dəvətimi qəbul etdi, birlikdə tamaşa hazırladıq, uğurlu alındı. SSRİ dağılandan sonra, İosif Amerikaya köçdü, bu müddət ərzində dünya şöhrəti qazanmış bir teatr rəssamı oldu və bu gün də bizim təklifimizi, dəvətimizi qəbul edib Bakıya gəlib. Onu qeyd etmək istəyirəm ki, keçirdiyimiz seminarlar təlim deyil, dərs deyil, sadəcə təcrübə mübadiləsidir. Bu gün dünyanın qabaqcıl teatrlarında gedən prosesləri izləmək, bilmək, öyrənmək üçün böyük təcrübəsi olan sənətkarlarla ünsiyyətdə olmaq, onlarla birlikdə müştərək teatr layihələri həyata keçirmək lazımdır.