“Azərbaycan gözəl bir mədəniyyət missiyası yerinə yetirdi”
   
   Bakı Beynəlxalq Teatr Konfransına qatılan tanınmış simalar, mədəniyyət, incəsənət xadimləri, yazarlar, sənətşünaslar tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq, zəngin təəssüratlarını bölüşdülər:
   
   
   Fərəh Əliyeva, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri
   
   - Bakıda ilk dəfədir ki, belə genişmiqyaslı Beynəlxalq Teatr Konfransı keçirilir. Bakının teatr mühitində bir canlanma, yeniləşmə var. Bu yeniləşmə təkcə teatr binalarının yüksək səviyyədə təmir olunması, yenidən qurulması ilə məhdudlaşmamalıdır. Əsas yeniləşmə, əlbəttə ki, teatrın daxilində olmalıdır. Onun yaradıcılıq prosesləri də yeni olmalıdır. Beynəlxalq Teatr Konfransı yeni təmayüllərin, yeni baxış bucaqlarının yaranmasına, qarşılıqlı əlaqələrin genişlənməsinə, möhkəmlənməsinə və nəhayət, yeni ideyaların yaranmasına təkan verəcək.
   
   Betti Bleyer, “Azerbaijan İnternational” jurnalının baş redaktoru
   
   - 1993-cü ildən Azərbaycan, onun tarixi, mədəniyyəti ilə bağlı “Azerbaijan İnternational” jurnalını nəşr edirəm. Azərbaycan son illər ərzində çox inkişaf edib. Xüsusilə də, bu inkişaf incəsənət sahəsində özünü göstərir. Vaxtilə Azərbaycan üçün ən böyük problemlərdən biri də informasiya blokadasının mövcudluğu idi. Mədəniyyətlər, incəsənətlər arasında heç bir mübadilə mövcud deyildi. Bu, Azərbaycanın keçirdiyi ilk belə Beynəlxalq Teatr Konfransıdır. Dünyanın müxtəlif ölkələrində yaşayan incəsənət adamları bir yerə toplaşıb. İdeyaların, fikirlərin mübadiləsi əlbəttə ki, çox gözəl, həm də kifayət qədər vacibdir.   

  Yaak Allik, Estoniya Teatr İttifaqının sədri, teatr tənqidçisi, rejissor
   
   - On il əvvəl Avropa Şurasında Azərbaycan mədəniyyət siyasətini qiymətləndirən ekspert kimi çalışmışam. Əvvəlki illərlə müqayisədə Azərbaycan teatr mədəniyyətinin inkişafı böyük təəssürat yaradır. Sizin rejissorunuz Vaqif İbrahimoğlu Estoniyada tamaşa səhnələşdirib. Deməli, təcrübə mübadiləsi var və sadəcə, onu inkişaf etdirmək lazımdır. Həmişə başqalarının nə etdiyini bilmək lazımdır. Xüsusilə də, bu mübadilə eyni talelərə malik ölkələrə aiddir. Estoniya və Azərbaycan vaxtilə SSRİ adlı bir sistemə daxil olub. Biz həmişə bilməliyik ki, illər keçəndən sonra ölkələrimizdə nə baş verib, hansı inkişaf var.
   
   Reinhard Auer, Avstriya Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, yazıçı-dramaturq
   
   - Azərbaycan Avropa ilə Asiya, Qərb və Şərq arasında yerləşən bir ölkədir. Əlbəttə, dünyada baş verən teatr prosesləri haqqında öyrənmək, fikir mübadiləsi aparmaq gözəl bir hadisədir və bu gün bu hadisə Azərbaycanda baş verir. Bununla da, Azərbaycan gözəl bir mədəniyyət missiyası yerinə yetirdi. Düşünürəm ki, bu konfrans fikir mübadiləsinin, təcrübə mübadiləsinin və xüsusilə də, teatrın inkişafına gətirib çıxaracaq.
   Bu konfransa iki aspektdən yanaşmaq lazımdır: birincisi, dünyanın müxtəlif ölkələrindən tanınmış teatr mütəxəssisləri Bakıya gəlib. İkincisi, buraya gələn insanlar Azərbaycan cəmiyyətinin, mədəniyyətinin necə inkişaf etdiyini gördülər. Mən bu günə qədər iki Azərbaycan tamaşası görmüşəm. Lakin Bakıda deyil, başqa şəhərlərdə. Onlar çox müasir, insana ruh verən, eyni zamanda Avropa standartlarına uyğun tamaşalar.
   
   Azər Paşa Nemət, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
   
   - Azərbaycan belə bir tədbiri keçirməklə həm də öz potensialını nümayiş etdirir. Bu konfrans Azərbaycan tərəfindən bütün ölkələrə bir mesajdır. Təşkil olunacaq konfransda iştirakçılara tamaşalar da təqdim ediləcək. Gərgin proqram nəzərə alınaraq xüsusi tamaşalar seçilib. Amma buna baxmayaraq bütün teatrlarımızın qapıları konfrans iştirakçılarının üzünə açıqdır. Şübhəsiz ki, konfransın Azərbaycan teatrının inkişafına təsiri olacaqdır. Tamaşaçılar bu inkişafı, nəticəni gələcək tamaşalarda görəcəklər. Beynəlxalq Teatr Konfransının öz dəst-xətti, formatı var. Mühazirələr əsasən XXI əsr dünya teatrının inkişafı haqqında olacaq. Azərbaycan teatrının da bu istiqaməti haqqında ölkəmizin görkəmli teatrşünasları, sənətşünasları və teatr rejissorları məruzələrlə çıxış edəcəklər.
   
   Elçin Hüseynbəyli, yazıçı-dramaturq
   
   - Konfransın birinci önəmi odur ki, dünya ictimaiyyətinin diqqətini Azərbaycan mədəni həyatına yönəldə bilib. Qloballaşan bir dövrdə Azərbaycanda teatra olan diqqət bu konfransla bir daha sübut oldu. Dünya təcrübəsinin, teatr sənətinin öyrənilməsi, eləcə də başqa ölkələrin teatr mütəxəssislərinin Azərbaycan teatrı ilə, bizim mütəxəssislərlə tanış olması baxımından da tədbir vacibdir. Teatrlararası dialoqların yaranması çox mühümdür.
   
   Hacı İsmayılov, Xalq artisti
   
   - Azərbaycanda birinci dəfədir ki, Beynəlxalq Teatr Konfransı keçirilir. Dünyada teatra olan münasibət necədir, XXI əsrin teatrı necə olmalıdır, bununla bağlı yaradıcı qüvvələr nə iş görməlidilər - bütün bu məsələlər konfransın müzakirə mövzusudur. Konfrans çıxışçılarından birinin sözü çox xoşuma gəldi. Dedi, elə bir zaman yetişib ki, tamaşaçılar sanki teatrdan bir qədər uzaqlaşıblar, başqalaşırlar. Biz o tamaşaçıları yenidən teatra geri qaytarmalıyıq. Mənim bir aktyor olaraq sevincimin səbəbi odur ki, ilk dəfə olaraq gözəl təmirdən çıxmış Milli Akademik Teatrının binasına daxil olduq. Bu bütün teatr işçilərinin bayramıdır. Bizim isə borcumuz odur ki, gözəl tamaşalar hazırlayaq.
   
   Amaliya Pənahova, Xalq artisti
   
   - Bakıda ilk dəfə Beynəlxalq Teatr Konfransının keçirilməsi mühüm hadisədir. Mənə elə gəlir ki, belə görüşlər davamlı olsa, dünya teatr prosesinə təsir edə bilər. O cümlədən də Azərbaycan teatrına. Azərbaycan teatrı bu gün inkişafa doğru gedir. İstedadlar var - mən bunu sidq ürəklə deyirəm. Bakı Bələdiyyə Teatrının 60 faizi gənclərdir və çox istedadlıdılar. Onlara qayğı, diqqət, reklam lazımdır. Ona görə mənə elə gəlir ki, belə görüşlər nə qədər çox olsa, biz bir-birimizlə qaynayıb qarışarıq, dünya teatr proseslərindən xəbərdar olarıq. Dünya teatrında olan yenilikləri biz də tətbiq edərik. Bu yalnız uğur gətirər.
   
   Fuad Poladov, Xalq artisti
   
   - Bakıda bu konfransın keçirilməsi böyük və əlamətdar hadisədir. Konfrans yüksək səviyyədə yenidən qurulmuş, hələ tamaşaçı nəfəsi dəyməmiş ölkənin birinci teatrında keçirilir. Müxtəlif ölkələrdən mötəbər adamlar dəvət olunublar. Bu artıq Azərbaycan teatrında yeni bir dönüşün başlanğıcının təzahürü olmalıdır. Mənə elə gəlir ki, teatr sənətində başlanan islahatlar Azərbaycan teatrında dönüş yaradacaq. İslahatlar həmişə ağrılı olur. Mənə elə gəlir ki, buna dözmək lazımdır. Əgər Azərbaycan teatrı belə bir şansdan da istifadə edə bilməsə, sonra bizim nəsil korifeylərin ruhu qarşısında gözükölgəli olacaq.
   
   Nicat Kazımov, Gənc Tamaşaçılar Teatrının rejissoru:
   
   - Bu konfransın önəmi çox böyükdür. Çünki biz öyrənmişik ki, adətən özümüz hansısa festivallara gedək, tamaşalara baxaq. Amma bu dəfə isə bizim qonaqlarımız gəlib və onlar bizi görəcəklər. Qonaqları tamaşama baxmağa da dəvət etmişəm. Hər halda onların fikirlərini eşidəcəyik, nəyi bəyənib, nəyi bəyənmədiklərini deyəcəklər. Onlardan yeni nəsə eşidəcəyik. Buna görə, belə konfransları keçirmək çox vacibdir.
   Bizim xaricdə tanınası səhnə əsərlərimiz çoxdur. Bizim dramaturqları, teatrlarımızı dünya miqyasında tanıtmaq lazımdır. Konfrans bu baxımdan böyük hadisədir.
   
   Gülər