Məryəm Əlizadə, teatrşünas: “Konfrans Şərq-Qərb mədəniyyətləri arasında dialoqu daha da dərinləşdirəcək”
- Bakı Beynəlxalq Teatr Konfransının bir mühüm əhəmiyyəti də ondan ibarətdir ki, bu tədbir sayəsində Şərq-Qərb mədəniyyətləri arasında dialoq daha da dərinləşəcək. Çünki bu möhtəşəm tədbirdə çox nüfuzlu teatr xadimləri, teatr tənqidçiləri, rejissorlar, aktyorlar, prodüserlər, bir sözlə teatr insanları iştirak etdilər, mən hesab edirəm ki, bu konfransın keçirilməsi teatr mühitinin fəallaşmasına xidmət edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 may 2009 tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən konfransın yüksək səviyyədə təşkilinə görə hörmətli mədəniyyət və turizm nazirinə, bu işdə əməyi, zəhməti olan bütün insanlara teatr icmamız adından səmimi təşəkkürümü bildirirəm”.
Əli Əmirli, dramaturq: “Teatr insanları bir-birlərini tanımalıdırlar”
Bakıda beynəlxalq teatr konfransının keçirilməsi çox əlamətdar bir hadisədir. Konfransda dünyanın müxtəlif ölkələrindən gələn teatrşünasların, dramaturqların, rejissorların çıxışları bizə imkan verir ki, dünya teatrlarının nə ilə nəfəs aldığını bilək. Teatr insanları bir-birlərini tanımalıdırlar. Yoxsa öz şirəmizdə qaynamaqla uğurlar qazana bilmərik. Bizə yaxın və hətta uzaq ölkələrdə teatr xadimlərinin nə düşündüyünü bilməliyik. Əgər qonşuda görməsən, onu özündə tətbiq edə bilməzsən. Bununla həm də özümüzün hansı səviyyədə olduğunu bilməliyik. Dünyanın tanınmış teatr mütəxəssisləri ilə bizim teatr xadimlərinin çıxışlarını bir yerdə görmək və müqayisə etmək maraqlı idi.
Dramaturgiya öz sahəm olduğu üçün mənim üçün maraqlı idi ki, dünya dramaturgiyasında bu gün nələr var, müasir dramaturqlar nə düşünürlər? Çünki bu gün dünya incəsənətində mənəvi dəyərlərdən uzaqlaşma müşahidə olunur. Bu uzaqlaşma məni də həmişə narahat edir, ona görə də bu suala cavab axtarıram ki, dramaturgiyada necə edək ki, həm mənəvi dəyərlər saxlanılsın, həm də o öz formasına, məzmununa görə müasir olsun. Çalışmaq lazımdır ki, tamaşaçı teatr səhnəsində öz həyatını, taleyini, fikirlərini bədii şəkildə görə, duya bilsin. Biz bədii həqiqəti tamaşaçıya göstərməliyik. Bu mənada belə bir teatr konfransının keçirilməsi, teatr insanlarının bir araya gəlməsi mühüm hadisədir. Necə deyirlər, teatr insanları da bir qan qrupuna malikdirlər. Ona görə də bir-birini görməli, danışmalı, bugünkü teatrın səviyyəsi barədə bir qeybət də eləməlidirlər. 2500 ildən çox tarixi olan teatr həmişə var və olacaq, çünki insan oyun çıxarmağı sevir.
Təranə Vahid