Böyük Britaniyanın təhsil imkanları və mədəniyyət əlaqələri sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatı olan “British Council” və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığının nəticəsi olaraq noyabrın 16-17-də Rus Dram Teatrında “Metusela oteli” adlı maraqlı tamaşa nümayiş olundu. 
      
   “İmitating the dog” teatr truppası və quruluşçu rejissor Pit Bruksun hazırladığı tamaşa Cənub Şərqi Avropada British Council-ın Yeni Fəaliyyət, Yeni Auditoriyalar (YFYA) adlı layihəsi çərçivəsində keçirilən silsilə tədbirlərdən biridir.
   Tamaşada hadisələr II Dünya müharibəsi dövründə cərəyan edir. Səhnə əsərinin baş qəhrəmanı Avropanın müharibə acısını yaşayan şəhərlərindən birində oteldə qapıçı işləyən Haridir. Uzaqdan gələn güllə və partlayış səslərinə baxmayaraq, Hari öz işindədir. Onun işi qonaqları oteldə qeydiyyata almaqdan ibarət olmasına baxmayaraq o, öz işindən məmnundur. Onun oteldəki sakitlik və tənhalıqdan xoşu gəlir. Lakin Harinin bir problemi var. O, otelə necə gəlib düşdüyünü və daha öncə nə etdiyini xatırlamır. O, hətta əsl adının Hari olduğundan da əmin deyil.
   Layihənin məqsədi yerli tərəfdaşlarla əməkdaşlıq edərək Birləşmiş Krallığın ən yaxşı yaradıcılıq və incəsənət nümunələrini mümkün qədər geniş auditoriyaya təqdim etməkdir.
   
   Yeganə