Maştağa Mədəniyyət Evi nəzdində kuka teatrı fəaliyyət göstərir. Mədəniyyət Evinin direktoru Kamal Qədimovun təşəbbüsü ilə yaradılan teatr fəaliyyətə 2009-cu ilin sentyabr ayından başlayıb.
   
   Kukla teatrı hələlik bir tamaşa ilə uşaqların görüşünə gəlib: «Kukla teatrına xüsusi marağım olduğu üçün bu işə qol qoydum. 2009-cu ilin noyabrında artıq yaradıcı heyət formalaşdı. Sonra kuklaları tikdirib tamaşa hazırladıq. Rus xalq nağılları əsasında «Üç donuz» tamaşasının ssenarisini hazırladıq. İndi bu tamaşa oynanılır. Hazırda əlimizdə tam hazır bir tamaşa var. İkinci tamaşanın ssenarisini yazmışıq- «Şəngülüm, Şüngülüm, Məngülüm». Ssenari hazırdır. İndi kuklaları hazırlatdırmalıyıq».
   K.Qədimov bildirdi ki, kuklaların hazırlanması üçün bu işlə xüsusi məşğul olan insanlara müraciət edirlər. Amma bəzən də köhnə kuklaları tapıb, onları bərpa edirlər: «Bu teatr əsasən uşaqlar, onları maarifləndirmək üçündür. Böyük tamaşalara uşaqlarda maraq oyatmaq çətindir. Yəni böyük tamaşalara qarşı onlarda maraq az olsa da, kukla tamaşalarına, əksinə, çox maraq göstərirlər. Elə bunları nəzərə alıb, bu teatra çox diqqət ayırırıq. Üçüncü nağıl tamaşası da hazırlanacaq. Yaratdığımız kukla teatrının yetərincə maraqlı dekorasiyası var. Tamaşanı qəsəbələrdəki internatlarda, uşaq evlərində təqdim edirik. Onlar çox sevinirlər. Məktəblərdə, bağçalarda da uşaqlar üçün tamaşa oynayırıq».
   Qeyd edək ki, kuklaları həvəskarlar səsləndirirlər. Bu sahədə xüsusi bacarığı olanlar könüllü olaraq mədəniyyət evinin kukla teatrında çalışırlar.
   Onu da bildirək ki, Maştağa Mədəniyyət Evində həmçinin uşaqlardan ibarət dram dərnəyi də var. Bu dərnək hələ kiçik yaşlarında aktyorluq sənətini seçənlər üçün geniş imkanlar yaradır.
   
   Gülər