Azərbaycan Respublikası sürətli inkişaf yolundadır. Bu inkişaf bütün sahələrlə yanaşı, mədəniyyət və incəsənəti də əhatə edir. Son illər Azərbaycan teatrı da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Milli teatr sənətində baş verən bu canlanma ilk növbədə dövlətin və möhtərəm cənab İlham Əliyevin mədəniyyətə, xüsusilə teatr sənətinə qayğı və diqqəti sayəsində mümkün olmuşdur.
   
   Son illərdə milli teatr sənətinin inkişafı istiqamətində dövlət səviyyəsində çox mühüm addımlar atılmışdır. MDB ölkələri içərisində ilk dəfə məhz Azərbaycanda "Teatr və teatr fəaliyyəti haqqında" qanun (29 dekabr 2006-cı il) qəbul edilmişdir. Daha sonra "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" (19 fevral 2007-ci il) və "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" (18 may 2009-cu il) Azərbaycan Respublikası Prezidentinin sərəncamları imzalandı. Bu sənədlər paketi milli teatrın fəaliyyətinin hüquqi-normativ bazasını təmin etmiş oldu, həm də teatrın inkişafına əsaslı stimul yaratdı.
   Son dövrlərdə teatr binalarının əsaslı təmiri, teatrların ən son texnika və texnologiyalarla, müasir avadanlıqlarla təmin olunması da dövlətimizin və şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin - ulu öndər, milli mədəniyyətimizin böyük təəssübkeşi Heydər Əliyevin dövlət siyasətini, konkret olaraq mədəniyyət siyasətini yaradıcı tərzdə davam etdirən görkəmli dövlət xadiminin teatr sənətinə qayğısının bariz göstəricisidir.
   Hörmətli Prezidentimiz İlham Əliyevin daxili inam və səmimiliklə bəyan etdiyi - “Mən Heydər Əliyev kursunu, Heydər Əliyev siyasətini dönmədən yerinə yetirəcəyəm" - sözləri və bunun həyata keçirilməsi istiqamətində atılan addımlar günümüzün reallığıdır.
   Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik siyasət bütün dünyaya göstərdi ki, biz müstəqil dövlət kimi, azad xalq kimi yaşamağa qadirik, iqtisadiyyatımızı, siyasətimizi, mədəniyyətimizi özümüz layiqincə idarə etməyi bacarırıq.
   Məhz 1969-cu ildən başlayaraq, əvvəllər öz sakit axarı ilə gedən Azərbaycan teatrının həyatında canlanma hiss olunmağa başladı. Görkəmli sənət adamlarının yubileylərinin təntənəli şəkildə keçirilməsi, forma, məzmun və üslub etibarilə müxtəlif mədəni tədbirlərin təşkili mütəşəkkil və müntəzəm xarakter aldı. Elmə, mədəniyyətə, ədəbiyyata, incəsənətə daim qayğı göstərən Heydər Əliyev sənət adamlarına da həmişə hamilik edirdi: "Mən hər sahəyə xüsusi diqqət yetirirəm, nəzarət edirəm. Çünki hamısı respublikamızın inkişafına, xalqın maddi rifahının, həyat tərzinin yaxşılaşmasına xidmət edir. Mədəniyyət isə başqa aləmdir. Mədəniyyət uşaq kimidir. Həmişə tumar və qayğı istəyir. Siyasi rəhbər, dövlət xadimi, ölkə başçısı, rəhbər bunu bilməlidir".
   İllər göstərdi ki, məhz bu böyük şəxsiyyətin, dahi öndərin mədəniyyətə, sənətə qayğıkeş münasibəti bu sahənin inkişafında əsas amilə çevrildi. Heydər Əliyevin teatrlarımıza tez-tez gəlməsi sənət adamlarının nüfuzunu artırdı, sənəti inkişaf etdirdi. Müdrik rəhbərin obyektiv, prinsipial göstərişləri, tövsiyələri onların məsuliyyətini artırdı, yeni-yeni sənət axtarışlarına səfərbər etdi. Rəhbərin qayğı və məhəbbəti sayəsində teatrlarımızda bir-birindən maraqlı tamaşalar yarandı.
   1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi münasibətilə Respublika Sarayında (indiki Heydər Əliyev adına sarayda) keçirilən təntənəli yığıncaqda Azərbaycan rəhbərinin teatrımızın tarixi, keçdiyi çətin, mürəkkəb və şərəfli yaradıcılıq yolu haqqında qüdrətli teatrşünas və müdrik siyasətçi baxışı ilə söylədiyi dolğun, mənalı məruzəsi yalnız teatr ictimaiyyəti tərəfindən deyil, teatrsevərlər tərəfindən də məmnunluqla, heyranlıqla qarşılandı: "Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, mədəni səviyyəni yüksəltmək üçün, irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç kim bilmir ki, artist səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan, sevinc keçirir. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm".
   Ulu öndər bütün tamaşalara baxar, quruluş haqqında, rejissor işi, bədii tərtibat və aktyor ifası barədə öz fikirlərini söyləyər, hər şeyə diqqət və qayğı ilə yanaşar, teatrda hər bir tamaşanın, hər bir aktyorun, rejissorun, rəssamın, bəstəkarın layiq olduğu qiyməti almasına çalışardı. "Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır" deyən rəhbər qayğı ilə yanaşı, obyektiv olmağı da əsas götürürdü. Azərbaycan Dövlət Akademik Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" tamaşasının Dövlət mükafatı alması şəxsən böyük rəhbərin təşəbbüsü ilə baş tutub. Belə ki, Dövlət mükafatı üzrə komissiya üzvləri bir yerə yığışıb tamaşaya baxa bilməyiblərmiş. Sonra onlar baxmaq istəyəndə Böyük bəy rolunun ifaçısı İsmayıl Dağıstanlı xəstələnir. Tamaşa göstərilmir. Odur ki, dövlət komissiyasının yekun iclasında Heydər Əliyevə təqdim olunan siyahıda "Mahnı dağlarda qaldı" tamaşasının adı olmur. Ulu öndər bunun səbəbini soruşduqda komissiya üzvləri bir yerdə tamaşaya baxa bilmədiklərini söyləyiblər. O, üzünü komissiya üzvlərinə tutub deyir: "Mən tamaşanı görmüşəm. Çox bəyənmişəm. Mən tamaşaya baxanda sizin əksəriyyətiniz də teatrda idiniz. Tamaşaya baxırdınız. Kim tamaşanı görməyib, yaxud bəyənməyib, qoy sözünü desin". Heç kimin dinmədiyini görən Heydər Əliyev: "Niyə susursunuz? Kim "Mahnı dağlarda qaldı" tamaşasına Dövlət mükafatı verilməsinə razıdırsa, səs versin. Burada adları çəkilən artistlərə etirazınız yoxdursa, gəlin səsə qoyaq".
   1981-ci ildə İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan" pyesinin tamaşasına Azərbaycan KP MK-nın büro üzvləri ilə birlikdə baxan ulu öndər əsərin və tamaşanın müfəssəl təhlilini vermiş, ifaçılara öz fikirlərini söyləmişdi. O, tamaşaya baxandan sonra İlyas Əfəndiyevə demişdi: "Siz ilk növbədə Natəvan - bu şairə haqqındakı şayiələrə son qoydunuz. Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl xan qızının timsalında bizim Şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm. Həm də son monoloqunuza görə sağ ol deyirəm".
   Son illər ərzində respublikamızda, onun ictimai-siyasi, iqtisadi və mədəni həyatında çox əlamətdar hadisələr baş verib. Bu hadisələrin ümumi səciyyəsi, güclü inkişaf dinamikası mədəni həyatımıza da öz təsirini göstərib. Nəzərdə tutduğumuz təsirin bariz təzahürü dövlətin milli mədəniyyətimizin tərkib hissəsi olan teatr sənətinə göstərdiyi diqqət də açıq sezilir. Amalımız bu istiqamət meyillərini və inkişaf dinamikasını öz fəaliyyətimizin əsas meyarları kimi qəbul edib, yaşadığımız dövrdə teatr sənətinin məqsəd və vəzifələrini təsdiqləməkdir.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2009-cu il 18 may tarixli "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiqləyən sərəncamını Azərbaycan milli teatr sənətinin inkişafında yeni mərhələnin başlanğıcı hesab etmək olar.
   Dövlət Proqramı 16-sı müxtəlif bölgələrdə, 10-u Bakıda olmaqla dövlət büdcəsindən maliyyələşən, Mədəniyyət və Turizm Nazirliyinə tabe olan 26 teatr - tamaşa müəssisəsindən ibarət dövlət teatrları sisteminin böhrandan çıxarılması üçün irəli sürülən sistemli islahatların başlanğıcı və hüquqi-normativ bazası kimi çox əhəmiyyətlidir. Proqramda nəzərdə tutulan islahatlar daha çox cari məqsədlərə deyil, strateji niyyətlərə yönəlmişdir. Bu islahatların mütərəqqi xarakteri, milli teatr prosesinin inkişafına əhəmiyyətli təsiri heç kimdə şübhə doğurmur. Düşünürük ki, bu durumda məsələni yalnız köklü islahatlar vasitəsilə həll etmək mümkündür. Əks halda, teatr industriyasının yenidən qurulmasına yönəlmiş istənilən lokal tədbir və islahatlar öz nəticəsini verməyəcək.
   Prezident sərəncamının preambulasında mövcud vəziyyət və dövlətin teatr sənətinə münasibəti konkret açıqlanıb. Sənəddə irəli sürülən müddəalar Azərbaycanda teatr sənətinin rolunu, əhəmiyyətini və gərəkliliyini açıq şəkildə təsdiqləyir. Bu bəyanat Azərbaycan Teatr Xadimləri İttifaqında birləşən teatr xadimlərini - praktikləri və nəzəriyyəçiləri 2 istiqamətə yönəldə bilər. Birinci istiqamət: biz dövlətin bu cür yüksək münasibətindən xoşlanıb passiv şəkildə teatr prosesimizin irəlidəki mərhələsini arxayıncasına kənardan izləyə bilərik. İkinci istiqamət: Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planında göstərilən bütün işlərdə fəal iştirak edib öhdəmizə düşən tarixi missiyanı yerinə yetirə bilərik. Aydın məsələdir ki, birinci istiqamət qəbuledilməzdir. İkinci istiqamətdə məhsuldar, perspektivə yönəlmiş iş görməkdən ötrü isə önəmli məqamlara obyektiv baxmalıyıq.
   Dövlət Proqramında dövlət öz icra orqanlarına teatr sənətinin idarəetmə və maliyyə-iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi, teatr fəaliyyətinin normativ-hüquqi bazasının möhkəmləndirilməsi haqqında, eyni zamanda, Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam dövlət teatrlarının şəraitini yaxşılaşdırmağa yönəlmiş tapşırıqlar verib.
   Proqramda Azərbaycan Dövlət Rus Dram Teatrının, Kukla Teatrının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Gəncə, Lənkəran, Şəki dövlət dram teatrlarının nəzdində dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına studiyaların yaradılması, heç şübhəsiz, öncül və müsbət addımdır. Çünki istənilən teatr prosesinin müəyyən avanqard və eksperiment məqsədlərini, bir qayda olaraq, məhz studiyalar həll edir. Yuxarıda sadalanan teatrların sırasında məlum səbəblərdən Rus Dram Teatrı üçün studiya lap vacibdir. Digər teatrlar üçün yeni yaradıcı kadrları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti respublikanın görkəmli sənətkarlarını pedaqoji işə cəlb etməklə planlı şəkildə hazırlayır. Sözügedən Proqramda Mədəniyyət və Turizm Nazirliyinə teatr sahəsində təhsilin təkmilləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi tapşırılır. Məncə, bu mühüm məsələ Təhsil Nazirliyinin bilavasitə iştirakı ilə həll oluna bilər.
   Studiya məsələsinə gəldikdə tarixi təcrübəyə əsaslanaraq qeyd edə bilərik ki, dövlət teatrlarının nəzdində fəaliyyət göstərən yerli həvəskarlardan ibarət studiyaları müsbət dəyərləndirmək lazımdır. Bu studiyalarda yetişdirilən aktyorlar teatrda artıq aparıcı mövqeləri tutmaqdadırlar.
   "Teatr və teatr fəaliyyəti haqqında" Qanun, "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi" haqqında və "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamları teatr prosesimizdə müşahidə olunan geriliyi aradan qaldırmağa qadirdir. Teatr tamaşalarının hazırlanması və kütləvi nümayişi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən, teatr fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən bu sənədlərdə öz əksini tapan problemlərdən biri də Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiya məsələsi ilə bağlıdır.
   Məlum olduğu kimi, inteqrasiya geosiyasi proseslərin axarı ilə gündəmə gəlir. Və bu mürəkkəb proses bütün sahələri əhatə edir. Siyasi, iqtisadi və sözsüz ki, mədəni inteqrasiya dövlət tərəfindən proqramlaşdırılır və stimullaşdırılır. Qeyd etmək lazımdır ki, bəlli hüquqi sənədlərin müvafiq bəndləri bilavasitə Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası probleminin həlli ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
   Azərbaycan teatrı hazırda qloballaşan dünya teatr məkanına inteqrasiya olunmağa ciddi hazırlaşmalıdır. Əvvəla ona görə ki, günbəgün yeniləşən Avropa teatrının universal şərtlərini yetərincə öyrənməliyik. Hazırda maliyyə böhranı yaşayan Avropa, heç şübhəsiz ki, böhrandan çıxan kimi teatr sənətində artıq yeni səciyyələri, yeni varolma şərtlərini irəli sürəcək. Bəs, baş verən bu dəyişiklikləri izləməyə tələbatımız və potensial imkanımız varmı? Avropa teatr məkanına daxil olmaq istəyən istənilən teatrın qarşısında çox sərt şərt və tələblər qoyulur. Bu məkana yalnız və yalnız yüksək səviyyəli teatrlar və prinsipial yenilikləri ortaya qoya bilən yaradıcı insanlar daxil ola bilir.
   Beynəlxalq teatr əlaqələrimizin inkişafında noyabr ayında ölkəmizdə keçirilən "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusunda I Bakı Beynəlxalq teatr konfransı mühüm rol oynadı. Bu beynəlxalq miqyaslı tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuşdu. Onu da qeyd edim ki, elmi-praktiki konfrans Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əsaslı təmir olunmuş yeni binasında reallaşdı.
   76 ölkənin tanınmış teatr xadimlərinin - rejissorların, prodüserlərin, teatr rəhbərlərinin, aktyorlarının, teatrşünasların iştirak etdikləri bu konfransda çağdaş teatr prosesinin durumu, problemlər, perspektivlər, birgə əməkdaşlıq kimi məsələlər müzakirə olundu. Konfrans çərçivəsində bir sıra maraqlı tədbirlər də keçirildi. Tanınmış teatr xadimlərinin teatr tənqidi, aktyor sənəti, teatr rəssamlığı, teatr geyimi, dramaturgiya, plastika, vokal ifaçılığı kimi mövzularda keçirdikləri seminarlar və ustad dərsləri xüsusilə gənc teatr sənətçiləri üçün son dərəcə səmərəli oldu. Konfransın işçi qrupu Bakıda olduğu müddətdə müxtəlif paytaxt teatrlarında Azərbaycan teatr mədəniyyətini layiqincə təmsil edən bir sıra tamaşaları da - Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" (Ü.Hacıbəyov), "YUĞ" Dövlət Teatrında "Birinci akt" (A.P.Çexov), Dövlət Pantomim Teatrında "Maska" (Z.Zeynalov), Gənc Tamaşaçılar Teatrında "Otello" (U.Şekspir) və s. izləmək imkanı qazandılar. Bu konfrans Azərbaycanda teatr fikrinin inkişafına böyük təkan verməklə yanaşı, Şərq və Qərb mədəniyyətlərinin təmasına rəvac verdi və əslində, hər iki mədəniyyətin zənginləşmə faktı qeydə alındı.
   Noyabr ayında milli teatr məkanında gerçəkləşən daha bir əlamətdar hadisə isə A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının bir mərhələsinin Bakıda keçirilməsi oldu. Artıq bu layihə çərçivəsində hazırlanan iki tamaşa - Viktoriya Tere-Çaplinin (dahi Çarli Çaplinin qızı) "Aureliyanın oratoriyası" (Fransa) və A.P.Çexovun "Toy" (Belarus) tamaşaları seyrçilərin ixtiyarına verilib. Noyabr ayının son həftəsində isə A.P.Çexov Festivalının İpək yolu mərhələsinin sonuncu tamaşası - Daniele Finsi Paskanın "Yağış" (Kanada) adlı səhnə əsəri nümayiş olundu.
   Beləliklə, son bir ayda paytaxtımız iki beynəlxalq səviyyəli, möhtəşəm teatr tədbirinə şahid oldu. Bakının ev sahibliyi ilə baş tutan hər iki teatr hadisəsi milli teatr tarixində ilk dəfə reallaşır.
   Müasir tarixi mərhələdə Azərbaycan teatrının qarşısına ciddi strateji məqsədlər qoyulur. Yəni məqsədimiz 3-cü, 4-cü dərəcəli dostluq festivallarında deyil, 1-ci dərəcəli Avinyon, Edinburq, Çexov festivallarının səviyyəsində tamaşalar hazırlamaqdır.
   Məlum hüquqi-normativ sənədlərin konkret bəndlərində haqqında danışdığımız problemlərin birbaşa həllinə yönəlmiş müddəalar kifayət qədərdir. "Teatr və teatr fəaliyyəti haqqında" Qanun, "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında", "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamları Azərbaycan teatrının dünya teatr məkanına tam inteqrasiyası üçün bir sıra islahatların həyata keçirilməsini nəzərdə tutur:
   - Bakıda və bölgələrdə fəaliyyət göstərən dövlət teatrlarına sərt nəzarət sisteminin formalaşdırılması;
   - çağdaş teatr industriyasının inkişafı;
   - dövlət teatrlarının fəaliyyətinin mövcud qanunverici sənədlərlə uzlaşdırılması;
   - dövlət teatrlarının repertuar siyasətinə nəzarət;
   - teatrların maddi-texniki bazasının inkişafı, müasir səhnə texnikaları və avadanlıqları, ən yeni işıq və səs aparaturaları ilə təchiz edilməsi;
   - ardıcıl surətdə kadr siyasətinin həyata keçirilməsi. Teatr sənətinin müasir texnologiyalarına, yeni idarəetmə mexanizmlərinə bələd olan kadrların yetişdirilməsi, teatr sənətinin çağdaş tələblərinə uyğun olaraq, yüksək səviyyəli kommersiya direktoru, prodüser, art-menecer, səhnə mühəndisi kimi mütəxəssislərin hazırlanması üçün şəraitin yaradılması;
   - dövlət teatrları strukturunun, ştat cədvəllərinin, iş prinsiplərinin yeni idarəetmə mexanizmlərinə uyğunlaşdırılması;
   - dövlət teatrlarında tamaşaların reklamı, yüksək səviyyəli nəşr və reklam məmulatlarının çapı üçün şəraitin yaradılması;
   - teatr sənətinin təbliğini, təhlilini, obyektiv dəyərləndirilməsini həyata keçirən nəşrlərin və mətbu orqanların hazırlanması;
   - müasir informasiya və kommunikasiya texnologiyalarının teatrın inkişafı prosesinə tətbiqi, dövlət teatrlarının hər birinin elektron saytının, həmçinin teatr sənətinin təbliğini həyata keçirən elektron məcmuələrin və veb-saytların yaradılması.
   - Azərbaycan teatrlarında fəaliyyət göstərmək üçün xarici ölkələrdən güclü mütəxəssislərin dəvət edilməsi;
   - müvafiq seleksiya tədbirləri nəticəsində müəyyənləşdirilən istedadlı və iddialı gənclərin kütləvi şəkildə Avropa məkanına təhsil almaq, işləmək, staj keçmək məqsədilə göndərilməsi;
   - durğun teatr prosesində yeniliklərə rəvac vermək məqsədilə innovasiya xarakterli layihələrin həyata keçirilməsi.
   Son illərin əlamətdar hadisəsi və teatr prosesimizə güclü inkişaf impulsunu verən yenilik, heç şübhəsiz, "Üns" Yaradıcılıq Səhnəsinin açılmasıdır. Çox qısa bir müddət ərzində bu təsisat dünyanın yüksək səviyyəli örnəklərini nümayiş etdirərək paytaxtımızın mədəni həyatını xeyli canlandıran impulslar mərkəzinə dönmüşdür.
   Dövlət Proqramı Azərbaycan milli teatr prosesinin çağdaş inkişaf mərhələsinin məqsəd və vəzifələrini özündə əks etdirir. Buna görə də, bu sənəd, eyni zamanda, teatr prosesimizin 10 illik inkişaf perspektivlərini müəyyənləşdirir.
   Sözügedən proqramda əlaqədar təşkilatlara konkret tapşırıqlar verilir və bu tapşırıqlar artıq mərhələ-mərhələ həll olunmaqdadır. Teatr prosesində mühüm rol oynayan bədii-yaradıcı, intellektual, mənəvi-əxlaqi və digər spesifik məsələlərin həlli Azərbaycan Teatr Xadimləri İttifaqında birləşən teatr xadimlərinin öhdəsinə düşür.
   Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyevin teatr sahəsində başladığı islahatlar hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaradıcı tərzdə həyata keçirilir.
   
   Timuçin Əfəndiyev,
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor