Dekabrın 8-də Aktyor Evində Milli Teatr Festivalının bağlanış mərasimi keçirildi
      
   “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq bu ilin fevral ayından başlayan və üç mərhələdən ibarət olan Milli Teatr Festivalı başa çatdı. Paytaxtımızda və bölgələrimizdə fəaliyyət göstərən 27 dövlət teatrının hər biri festivalda iştirak edərək, repertuarlarındakı ən yaxşı tamaşanı nümayiş etdirmək imkanı qazandılar. Milli Teatr Festivalına yekun vurularkən, ümumilikdə Azərbaycan teatrının bir illik fəaliyyəti də nəzərdən keçirildi.
   
    Mərasimi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq, son illərdə Azərbaycan mədəniyyətində baş verən yaddaqalan hadisələrdən söz açdı. Nazir müavini bildirdi ki, teatr haqqında qanun qəbul olundu, teatrlara dövlət qayğısı ilə bağlı prezident sərəncamları imzalandı, daha sonra teatrların 2009-2019-cu illərdə maddi-texniki bazasının yaxşılaşdırılması, ümumən teatrlarla bağlı Dövlət Proqramı təsdiq olundu. Bu sərəncamlardan irəli gələrək Azərbaycanın teatr aləmində bir çox hadisələrin önünə ilk sözü yazıldı.
   
   - İlk dəfə olaraq biz gəncləri rayonlara ezam etdik ki, dövlət sifarişləri ilə tamaşalar hazırlasınlar, ilk dəfə olaraq biz 14 teatrın iştirakı ilə “Yeni teatr, yeni məkan” adlı ilk respublika festivalını keçirdik. İlk dəfə olaraq Azərbaycan teatrlarında çalışan istedadlı gəncləri və sənət adamlarını, texniki heyət də daxil olmaqla xarici ölkələrə təcrübə kursları keçməyə yola saldıq. Son bir ildə Azərbaycana 20 xarici ölkədən, o cümlədən yaxın xaricdən - MDB məkanından rejissorlar, rəssamlar dəvət etdik. Teatrlarımızda bu insanlar yaddaqalan tamaşalar hazırladılar. Son bir il ərzində bir neçə teatr əsaslı təmirdən çıxdı. Son beş il ərzində isə ümumən teatr sahəsində baş verənlər, doğrudan bir inqilabdır. Çünki bəlkə də onilliklər ərzində görüləcək işlər son 5 il ərzində görüldü.
   İlk öncə Dövlət Kukla Teatrı, daha sonra Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Milli Akademik Dram Teatrı təmir olundu. Bu gün Musiqili Komediya Teatrında təmir-bərpa işləri aparılır. Mingəçevir Teatrı təmir-bərpa işlərinin son dövrlərini yaşayır. Biz daxili imkanlar hesabına Pantomima Teatrının bir hissəsini bərpa edib tamaşaçıların və teatrsevərlərin ixtiyarına vermişik. Sumqayıt teatrının 40 il ərzində həll olunmayan bina məsələsi köklü şəkildə həll olundu, teatrın bu gün artıq öz ünvanı və binası var. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyuldu və Dövlət Neft Şirkəti unikal bir binanı teatra verdi. Lap bu günlərdə Şuşa teatrının bina məsələsi həll olundu. Füzuli teatrı müvafiq bina ilə təmin olundu. Güman edirəm ki, gələn il Ağdam teatrının binasının, həm də Musiqili Komediya Teatrının binasının açılışında iştirak edəcəyik. Opera və Balet Teatrı əsaslı şəkildə yenidən qurulmaq üçün layihə-smeta sənədlərinin hazırlıq prosesini yaşayır.
   
   İslahatlar qaçılmazdır
   
   Nazir müavini teatrlardakı kadr islahatlarından, qarşıda duran daha böyük islahatlardan da söz açdı: “Teatr tarixində ilk dəfə olaraq Akademik Milli Dram Teatrının bütövlüklə truppası buraxıldı. Cənab nazirin imzaladığı əmrə əsasən, dekabr ayının 30-dan Akademik Milli Dram Teatrında müsabiqə yolu ilə işə qəbul aparılacaq. Müsabiqədə digər teatrların aktyorları, sənət adamları da iştirak edə bilərlər. Milli Dram Teatrında işləmiş hər bir kəsin mütləq yenidən burada işlə təmin olunması məsələsi gündəlikdə durmur. Biz yaxın gələcəkdə rejissorların, müasir dünyada olduğu kimi, güzəranlarını yaxşılaşdırmaq məqsədi ilə yeni qonorar sisteminə keçəcəyik”.
   Nazir müavini çıxışında xatırlatdı ki, il ərzində Azərbaycan teatrları 20-dən çox xarici ölkədə qastrol səfərində olublar. Dünyanın müxtəlif ölkələrindən 13 teatr Azərbaycana qastrol səfərinə gəlib.
   - Son beş ildə 366 nəfər sənət adamı ölkə başçısının sərəncamı ilə yüksək fəxri adlara layiq görülüb. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Bu müddət ərzində 28 nəfərə orden verilib. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunub. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidməti olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
   Nazir müavini teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə görülən işlərdən, görkəmli teatrşünasların, teatr sənəti ilə məşğul olan alimlərin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən kitablarından, qarşıdakı böyük tədbir və yubileylərdən də söz açdı: “Böyük sənətkarların bir neçəsinin yubileyi keçirilməyib. Adil İsgəndərov, Ələsgər Ələkbərov Akademik Dram Teatrı ilə bağlı şəxslər olub, biz bu teatrın yenidən fəaliyyətə başlamasını gözləyirik və bu proses davam edəcək. Dekabr ayının sonunda Rus Dram Teatrının yubileyi, daha sonra digər teatrların yubileyləri keçiriləcək”.
   
   “100 pyes 100 uğurlu tamaşa demək deyil”
   
   Ədalət Vəliyev çıxışında bildirdi ki, dövlət sifarişləri ilə hazırlanan tamaşaların sayı artıb. Bu il 27 dövlət teatrında 68 tamaşa dövlət sifarişi ilə hazırlanıb. İlin sonunadək bu rəqəm 75-ə çatacaq.
   - Güman edirəm ki, gələn il tamaşaların sayı 100-ə çatacaq. Şübhəsiz, bunun hamısı uğurlu deyil. Ola da bilməz. 100 pyes 100 uğurlu tamaşa demək deyil. Hətta dünyanın ən inkişaf etmiş və min illik teatr tarixi olan ölkələrində də belə deyil. İngiltərədə hətta Şekspirlə bağlı hazırlanan bütün tamaşalar ingilislərin və tamaşaçıların yaddaşında qalmır. Tamaşanın araya-ərsəyə gəlməsi ilə onun uğurlu olması, ölkənin daxilində, daha sonra xaricdə, daha sonra dünyada tanıdılması özü böyük bir elmdir, böyük bir ömürdür, böyük bir sənətdir. Əslində son 10-15 il ərzində teatrımızın keçdiyi ömür yolu min illik teatr tarixi olan müəyyən ölkələrin teatr yoluna bərabərdir. Əgər biz tərəzinin bir gözünə onların son 50 ildə əldə etdikləri uğurları, digər gözünə bizim son beş ildə əldə etdiyimiz nailiyyətləri qoysaq, Azərbaycan tərəfi xeyli ağır gələcək. Mən bunu tam səmimiyyətlə və məsuliyyətlə deyirəm.
   Noyabr ayında Bakıda böyük uğurla həyata keçirdiyimiz I Beynəlxalq Teatr Forumu yəqin çoxlarınızın xatirindədir. “Mədəniyyət” qəzetində, “525-ci qəzet”də Bakı Teatr Forumunda iştirak etmiş qonaqların ürək sözləri dərc olunub. Son dərəcə isti, Azərbaycana çox böyük bir sevgi ilə, heyrət ilə yoğrulmuş sözlərdir.
   Bu günlərdə mənə bir sənəd verdilər. Bakı Teatr Forumunda iştirak etmiş İngiltərədən Çinə qədər sənətlə məşğul olan 16 nəfər bizə tək rəsmi qaydada təşəkkür yox, konkret təkliflər göndəriblər. Teatrlarımızda tamaşa qoymaq istəyirlər, teatrlarımızı xaricə dəvət etmək istəyirlər. İnsan bunları oxuduqda, gördükdə qürur duyur, sevinir. Deməli, biz düz yoldayıq. Əminəm ki, Azərbaycan teatr bayrağının Avropa bayraqları sırasında dalğalanacağı gün uzaqda deyil.
   
   “Teatr təmizlənmə qarşısındadır”
   
   Nazir müavini çıxışında dramaturgiya sahəsindən də söz açdı. Bu sahədə boşluq olduğunu, gənclərin bu sahəyə cəlb olunması istiqamətində daha vacib addımların atılmasını nəzərdə tutduqlarını qeyd etdi.
   - Hər halda teatrlar tək azərbaycanlı müəlliflər üçün deyil, dünya dramaturgiyasının incilərinə açıq olmalıdır və teatr bu gün rus ədəbiyyatının, dünya ədəbiyyatının, MDB məkanında yaşayan xalqların ədəbiyyatının ən parlaq nümunələrini tərcümə edib səhnələşdirməlidir. Bir necə müddət əvvəl Milli Dram Teatrında söylədiyim fikri bir də təkrarlamaq istəyirəm. Teatr özü bu saat təmizləmə prosesinə başlayıb. Teatr özü zaman sıxlığında bu proseslə mübarizə aparmaq zorunda qalacaq. Sənətə aidiyyati olmayan adamlar, istedadsızlar bu zaman girdabında teatrdan uzaqlaşacaqlar. Teatrın başqa yolu yoxdur. Tarixən də belə olub. Teatrı istedadlı şəxslər saxlayıb, o istedadın üstünə çoxlu sayda istedadsız insanlar cəmləşib, teatr ağırlaşıb, dayanıb, bataqlığın astanasında olanda o qorxu qarşısında silkələnib, təmizlənmə prosesinə başlayıb. Artıq yükdən təmizlənə-təmizlənə özünün ilkin, təmiz, istedadlar üzərində qurulmuş formasına qayıdıb. Mən hesab edirəm ki, dövlətin bu gün Azərbaycan teatrına göstərdiyi diqqət və qayğının nəticəsində teatr yenidən bu cür təmizlənmə qarşısındadır. Bəlkə ilk addımlar atılıbdır. Çox optimistəm bu barədə, əminəm ki, zaman Azərbaycan teatrının xeyrinə işləyir.
   Ədalət Vəliyev çıxışını bu sözlərlə bitirdi:
   - Fevral ayında açılışını etdiyimiz Milli Teatr Festivalına yekun vururuq. 2011-ci ildə Azərbaycanda Kukla Teatrlarının Beynəlxalq Festivalı keçiriləcək, 2012-ci ildə Azərbaycanda Beynəlxalq Teatr Festivalını keçirəcəyik və fikrimiz var ki, bu festivalı ardıcıl olaraq iki ildən bir keçirək ki, Azərbaycan festival keçirən mərkəzlərdən birinə çevrilsin.
   Mən bütün teatr ictimaiyyətinin, ziyalıların, sənət adamlarının, aktyorların, rejissorların, rəssamların, bu sahədə çalışan çox böyük insan ordusunun qarşıda gözləyən sənət imtahanlarından uğurla çıxmalarını arzulayıram.
   
   Teatr teatr üçün olaraq qala bilməz
   
   Mərasimdə yazıçı-dramaturq Əli Əmirli çıxış edərək bildirdi ki, Milli Teatr Festivalı Azərbaycan teatrının ümumi mənzərəsini əyani şəkildə canlandıra bildi. Festivalda həm sevindirici, həm kədərləndirici anlar olduğunu qeyd edən dramaturq arzularını da dilə gətirdi. “Mən bir şeyi düşündüm, bir şeyi arzuladım ki, teatrımız elə bir səviyyəyə gəlsin ki, biz hər tamaşaya baxandan sonra ürəkdən sevinməyi və tamaşa haqqında ürəkdən danışmağı bacaraq”.
   
   Festival marafonunun ən aktiv və daimi iştirakçılarından biri - teatrşünas Aydın Talıbzadə ürək sözlərini teatr ictimaiyyəti ilə bölüşdü:
   - Dəfələrlə mənə müraciət elədilər ki, bu festivalın mənası, məramı, məqsədi nədir? Mən onlara cavab verirdim: Məna, məqsəd, məram ondan ibarətdir ki, bütün qüvvələrimizlə cəmiyyətə bəyan eləyək - biz varıq və biz yaşayırıq. Mənə elə gəlir ki, biz buna nail olduq. Mənim də bir teatrşünas kimi festivalla bağlı bir neçə qənaətim var. Birinci, mən ilk dəfə olaraq Azərbaycan teatrının mənzərəsini bütövlükdə təsəvvür eləyə bildim. Fikirləşirəm ki, Azərbaycan teatrı üçün islahatlar qaçılmazıdır. Ümumiyyətlə müasir insan və cəmiyyət problemini ortaya gətirə biləcək bir teatr olmalıdır. Elə teatr ki, müasir insanın anladığı və bəyəndiyi dildə danışa bilsin. Mənim bu festivalda gəldiyim ikinci qənaətim ondan ibarətdir ki, teatr yalnız seyrçi üçündür. Teatr teatr üçün olaraq qala bilməz. Yalnız teatr laboratoriyası teatr üçün işləyə bilər. Bu günlərdə Bakıda keçirilən Çexov Teatr Festivalında gördüyüm tamaşalar da, bu festivalda gördüyüm tamaşalar da bir daha sübut elədi ki, seyrçi özəl nə varsa onu qiymətləndirməyi və onu ayaq üstündə alqışlamağı bacarır. Mən elə güman edirəm XXI əsrdə Azərbaycan teatrının liderləri - lider rejissorları, aktyorları o adamlar olacaqlar ki, öz seyrçiləri ilə dil tapa biləcəklər.
   
   Rəylər, təəssüratlar
   
   Naidə İsmayılzadə, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Teatr sektorunun müdiri:
   - 2010-cu il çox böyük və möhtəşəm tədbirlərin keçirilməsi baxımından bizim üçün çox önəmli oldu. Milli Teatr Festivalı da belə tədbirlər sırasındadır. Festival bir il ərzində davam etdi və teatrlarımızın hər biri iki tamaşa ilə Bakıda və Sumqayıt şəhərində çıxış etdilər. Tanınmış yazıçı-dramaturqların, teatrşünasların daxil olduğu münsiflər heyəti hər tamaşadan sonra müzakirələr keçirərək, kollektivlərə iradlarını, təkliflərini bildirdilər. Bu respublika teatrlarının fəaliyyətinə bir baxış oldu. Əsasən dövlət sifarişi ilə hazırlanmış tamaşalara baxış keçirdik. Belə nəticə əldə etdik ki, teatrlarımız fəaliyyət göstərirlər. Əlbəttə daha çox işləməlidirlər, daha maraqlı, daha gözəl tamaşalar hazırlamalıdırlar. Çünki artıq respublikamızda Çexov festivalı kimi mötəbər teatr festivalları keçirilir və burada nümayiş olunan tamaşalar dünya miqyasında çox məşhur tamaşalardır. Əsr, zaman dəyişir, tamaşalara baxış da dəyişilməlidir, tamaşaların ifadə tərzi də həmçinin.
   Teatrların fəaliyyətini dəstəkləmək məqsədilə müntəzəm olaraq hətta bölgələrimizdə belə tədbirlər keçiririk. Yay aylarında Gəncədə «Yeni teatr» festivalını keçirdik. Daha sonra Qaxda Kukla Teatrları həftəsi oldu. Beləliklə, teatrların fəaliyyətini, yaradıcılığını müntəzəm sürətdə analiz etmək imkanı qazanırıq. İndi teatrlarımızın ən böyük problemi tamaşaçı problemidir. Bunu yerlərdə olduğumuz zaman görürük. Həmçinin kadr kasadlığı da var. Çünki bölgələrə ezam olunan sənətçilər azdır. Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı bəzi layihələr hazırlayıb və bölgə teatrlarının fəaliyyətinin canlandırılmasına nail olmaq istəyirik.
   
   Firudin Məhərrəmov, H.Ərəblinski adına Sumqayıt Musiqili Dövlət Dram Teatrının baş rejissoru:
   - Əvvəla onu deyim ki, çox müxtəlif formatlı festivallar keçirilir -bəzilərində nələrsə üzə çıxarılır, hər hansı şərtlər qoyulur. Milli Teatr Festivalının da özünəməxsus cəhətləri var. Buna qədər hələ belə uzunmüddətli festival keçirilməmişdi. Artıq bir ildir ki, davam edirdi. Üstəlik, digər festivallara 5-10 teatr dəvət olunurdusa, bu dəfə bütün Azərbaycan teatrları iştirak edirdi. Üstəlik, bütün teatrlar bir deyil, bir neçə tamaşa oynadılar. Bir müsbət cəhət də ondan ibarətdir ki, festival ölkəmizin digər şəhərlərini də əhatə etdi. Bu, bütün teatr ictimaiyyətinin diqqətini teatrlara, tamaşalara yönəltmək baxımından çox önəmlidir.
   
   Vaqif Vəliyev, Füzuli Dövlət Dram Teatrının direktoru:
   - Festivalın keçirilməsinə çox şadıq. Milli Teatr Festivalı Azərbaycan teatrı üçün çox önəmli məna daşıyır. Belə ki, biz əyalət teatrı olaraq bu festivalda böyük uğur və məhəbbətlə iştirak etdik. Sanki Bakı tamaşaçıları qarşısında hesabat tamaşası verirdik. Belə festivalların tez-tez keçirilməsini arzulayırıq. İnanırıq ki, torpaqlarımız işğaldan azad olunacaq və bu cür festivallar işğaldan azad olmuş Qarabağ torpaqlarında keçiriləcək.
   Hər bölgənin öz dəsti-xətt, öz teatr üslubu var. Bütünlükdə bunlar hamısı Azərbaycan teatrına xidmət edir. Biz də bir əyalət teatrı olaraq böyük uğurla bu festivalda çıxış etdik. Amma son sözü, əlbəttə ki, münsiflər heyəti dedi. İş olan yerdə çatışmazlıqlar da olur. Bizə deyilən hər nöqsanı qəbul edirik. Çalışacağıq ki, gələcəkdə bu nöqsanları aradan qaldıraraq, yeni tamaşalarla yeni-yeni festivallara gələk.
   
   * * *
   Milli Teatr Festivalı başa çatdı, eyni zamanda Milli Teatr Festivalı Azərbaycan teatr tarixində yaşamaq hüququ qazandı.
   Mərasimdən sonra Akademik Milli Dram Teatrında səhnələşdirilən M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası nümayiş olundu.
   
   Təranə Vahid