“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən, mühüm islahatlar mərhələsinə qədəm qoyan Akademik Milli Dram Teatrında repertuar siyasətinin yeni tələblər səviyyəsində qurulması nəzərdə tutulur.
Nəzərdə tutulan repertuarda dünya klassiklərindən Lev Tolstoyun “Hacı Murad”, Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsərləri ilə yanaşı, müasir əsərlər də yer alır. Xalq yazıçısı Elçinin “Teleskop”, Afaq Məsudun “Yol üstü” pyeslərinin səhnə təcəssümü repertuarda yer alır.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bildirib ki, hazırda teatrda görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin yeni quruluşda səhnə təcəssümü üzərində iş gedir: “Şekspirin “Afinalı Timon” pyesinin səhnəyə qoyulması isə mədəni həyatımızda əlamətdar hadisə olacaq. Bu pyes nə keçmiş SSRİ-də, nə də MDB-də heç bir teatr səhnəsində tamaşaya qoyulmayıb”.
Yeniləşən Akademik Dram Teatrında qarşıya qoyulan əsas məqsədlərdən biri də dünya teatr təcrübəsindən bəhrələnməkdir. Yeni təmirdən çıxan, ən müasir texniki avadanlıqlarla təchiz olunan teatrda texniki işçilər də dünya teatr mərkəzlərində təcrübə keçəcək. Bir qrup texniki əməkdaşın Almaniya və Avstriyaya təcrübə mübadiləsinə gedəcəyi barədə də razılıq əldə olunub.