1891-ci il yanvarın 18-də Nəcəf bəy Vəzirovun “Oddan alova və ya yağışdan çıxdıq, yağmura düşdük” pyesi əsasında hazırlanan tamaşa ilə Lənkəranda teatrın əsası qoyulub.    
   Həmin gün Rusiyanın Sankt-Peterburq şəhərində təhsil almış bir qrup Lənkəran ziyalısı rayondakı uşaq evində tərbiyə alan valideyn himayəsindən məhrum olan uşaqlar üçün həmin tamaşanı göstərmişdi.
   Hazırda Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı nəinki cənub bölgəsində, o cümlədən respublikada və xarici ölkələrdə tanınır və sevilir. Bu gün teatrda iki nəfər Xalq artisti, bir nəfər Əməkdar artist, bir nəfər Əməkdar incəsənət xadimi çalışır.
   Bu yaxınlarda teatrın truppası Türkiyənin paytaxtı Ankara şəhərində keçirilmiş Beynəlxalq teatr festivalında uğurla çıxış edib. Dünyanın müxtəlif ölkələrindən 185 teatr kollektivi bu incəsənət yarışmasına tamaşalarını təqdim etsə də, onlardan yalnız 58-i, o cümlədən Lənkəran Dövlət Teatrı festivalda iştirak etmək hüququ qazanıb.
   Teatrın kollektivi türkiyəli sənətsevərlərə macar dramaturqu Mikloş Xubainin “Şeytanın oyunları” tamaşasını təqdim edib.
   Tamaşanın quruluşçu rejissoru Zurab Pxakadze və İslam Həsənov, quruluşçu rəssamı Daviti Qoderidze, musiqi tərtibatçısı Laşa Zalkolianadır. Əsas rolları Xalq artisti Qabil Quliyev, aktyorlardan Adil Zeynalov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Eynəli Nurullayev və başqaları ifa ediblər.
   Teatrın direktoru İslam Həsənov kollektivin 2011-ci il planlarından söhbət açaraq bildirib ki, bu il teatrın nəzdində fəaliyyət göstərən gənclərdən ibarət “Ümid” studiyasında Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə “Aşıq Qərib” xalq dastanı əsasında mimodrama (sözsüz tamaşa) hazırlanacaq.
   Teatrda, həmçinin M.F.Axundovun “Lənkəran xanının vəziri”, Kamran Nəzirlinin “Şeytanın işığı”, Rəhman Əlizadənin “Əbləhlərin toyu” və digər əsərlərin tamaşaya qoyulması nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar