Ötən il dekabrın 30-dan etibarən kollektivin üzvlərinin fəaliyyəti dayandırılmış Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə qəbulla bağlı müsabiqəni həyata keçirəcək komissiya fəaliyyətə başlayıb. 
   
   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə bildirib ki, komissiyada 9 nəfər yer alıb.
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sədrlik etdiyi komissiyada Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, şöbənin Teatr sektorunun müdiri Naidə İsmayılzadə, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, teatrşünaslar Məryəm Əlizadə və Aydın Talıbzadə, eləcə də nazirliyin Maliyyə-iqtisadiyyat şöbəsinin və Hüquq sektorunun müdirləri təmsil olunurlar. 

   Digər teatrlarda da işə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək
   
   N.İsmayılzadənin sözlərinə görə, sentyabrda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında da müsabiqə yolu ilə yenidən işə qəbul həyata keçiriləcək. Hazırda Akademik Milli Dram Teatrında həyata keçirilən islahatlar bütün şəhər teatrlarına aid ediləcək.
   Sektor müdiri bildirib ki, eyni proses daha sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da davam edəcək. Onun sözlərinə görə, teatr islahatları ilk olaraq üç teatrın - Dövlət Gənc Tamaşaçılar, Gənclər və Kamera teatrlarının birləşməsi, Gənc Tamaşaçılar Teatrının rus bölməsinin Rus Dram Teatrına əlavə edilməsi ilə başlanılıb. Bu proses Gəncə Poeziya Teatrının Gəncə Dram Teatrına verilməsi ilə davam etdirilib.
   Teatr sektorunun müdiri qeyd edib ki, şəhər teatrlarında kollektivlər yeniləndikdən sonra eyni prosesin bölgə teatrlarında başlanılması nəzərdə tutulur.