Akademik Milli Dram Teatrında yeni kollektivin formalaşdırılması üçün müsabiqə keçirilməsi ilə bağlı yaşanan həyəcan sona çatdı. Teatrın direktoru İsrafil İsrafilov bununla bağlı keçirdiyi mətbuat konfransında sənət ocağının problemləri və görüləsi işlərdən danışdı. 
      
   Teatr direktoru hazırda mövcud bir neçə problemi açıqladı. Bu xüsusda teatra yetərincə dəyərli əsərlərin təqdim olunmadığını vurğuladı: “Bu gün dramaturgiya adı ilə yazılan əsərlərin də böyük bir qismi akademik teatr səviyyəsində oynanılacaq bədii material deyil».
   İ.İsrafilov digər problemlərdən danışaraq, rejissuranın daha bərbad olduğunu açıqladı: «Teatrda ikinci bir problem nəsillərin dəyişməsi ilə bağlı rejissura sahəsində olan boşluqdur. Rejissor fəaliyyətinin ən böyük dövrü Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov zamanında olub. Bunlarla yanaşı, Məhərrəm Aşımov, Əşrəf Quliyev, Ələsgər Şərifov kimi çox tanınmış rejissorlar fəaliyyət göstəriblər. 15-20 il içində Azərbaycan teatrı belə rejissorlarsız qaldı. Üçüncü ciddi problem aktyor və yaradıcılıq məharəti məsələsidir. Azərbaycan səhnəsində aktyorlar həmişə olub. Bu baxımdan bizim səhnəmiz pis vəziyyətdə olmayıb. Amma nəsillərin dəyişməsi prosesində çox ciddi problemlər yaranıb. Adətən yaşlı nəsil aktyorlar gənclərdən şikayətçi olurdular. Bu gün gənclər bu teatrın aparıcı aktyorları, xalq artistləridirlər. Yetərincə istedadlı aktyorlar var. Bu gün truppada olan 64 nəfərlik heyətdə 40-a yaxın istedadlı şəxslər var”.
   Teatrın direktoru tamaşaçı sarıdan da problemin olduğunu dedi. Onun sözlərinə görə, teatr səhnəsində dəyərli əsərlər, maraqlı tamaşalar təqdim olunanda tamaşaçının da sənət ocağına marağı artacaq: “Bu gün zövqlərin sürətlə dəyişməsi teatrı da yeniləşməyə sövq edir. Teatr zamanın ritminə, ahənginə uyğunlaşmalıdır. Teatr ruh yeri, ruhların ünsiyyətidir. Gələn tamaşaçı da buna baxır. Tamaşaçı aktyordan daha məlumatlı, daha zəngin olacaqsa, bir daha teatra gəlməyəcək. Biz bu sahədə işlər görürük. Deməliyəm ki, bu işlər ümidsiz deyil».
   İ.İsrafilov bildirdi ki, teatrın aktyor potensialı böyük məqsədlər həyata keçirməyə tam hazırdır. Teatrda yaradıcılıq mühitinin yaranmasına diqqət yetirilməlidir: «Aktyor heyətində teatr sənətinin tələblərinə cavab verə bilməyən kadrlar var. Yaşlı nəsil ilə gənc nəsil arasında yaradıcılıq tarazlığı zəifdir. Teatrın repertuar siyasəti dağınıqdır».
   İ.İsrafilov bildirdi ki, teatrın truppası tam heyətlə yenidən işə başlayacaq: «Bütün truppa bir mövsümü müqavilə ilə işləyəcək. Bu teatr mövsümü ərzində 5-6 tamaşa səhnələşdiriləcək. Hər aktyor azı 3 tamaşada rol alacaq. Müqavilə müddəti başa çatdıqda isə ayrı-ayrı aktyorların fəaliyyətinin davam edib-etməyəcəyinə qərar veriləcək. Müqavilənin imzalanması yanvarın 17-dən ayın sonuna qədər davam edəcək».
   İ.İsrafilovun sözlərinə görə, türkiyəli rejissor Şakir Gürzümari, gürcü rejissorları Robert Sturua və Levan Tseladze və digərləri Akademik Milli Dram Teatrında yeni tamaşalara quruluş verəcəklər. Teatrın əməkdaşlıq edəcəyi əcnəbi rejissorlar arasında tanınmış italyan rejissoru Luka Ronkonini də olacaq: “O, 2012-cı ildə bizdə tamaşa qoymağa razılıq verib. Bizim teatrda Covanni Verqanın «Dişi canavar» əsərini səhnələşdirəcək».
   Teatr direktoru onu da bildirdi ki, teatr kollektivi yeni tamaşalarla İsveçrə, Kanada, Daşkənd və Ukraynaya qastrol səfərlərinə gedəcək. Direktor sonda onu da vurğuladı ki, Milli Teatrın Teatrı martın 10-da - Milli Teatr Günündə qapılarını tamaşaçıların üzünə açacaq.   

   Gülər Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar