Azərbaycanlı balet ustası Eldar Əliyev Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri təyin olunub. Eldar Əliyev 1957-ci ildə Bakıda doğulub. 1966-1975-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1974-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. 1975-ci ildə xoreoqrafiya məktəbləri məzunlarının Leninqradda keçirilmiş V Ümumittifaq müsabiqəsində 2-ci yeri tutub.
   1979-1992-ci illərdə Leninqraddakı (Sankt-Peterburq) Kirov Teatrının solisti olub, “Don Kixot”, “Məhəbbət əfsanəsi”, “Korsar”, “Sonalar gölü” kimi klassik baletlərdə aparıcı partiyaları ifa edib. 1988-ci ildə Y.Qriqoroviçin dəvəti ilə Arif Məlikovun Moskvada - Böyük Teatrın səhnəsində tamaşaya qoyulan “Məhəbbət əfsanəsi” baletində Fərhad obrazını canlandırıb, bundan sonra dünyanın 40-dan çox teatrının səhnəsində çıxış edib. 1992-ci ildə “İndianapolice Ballet Theatre”nin dəvəti ilə ABŞ-a köçüb. 1994-cü ildən “Ballet İnternasionale” adlanan həmin truppanın rəhbəridir, 30-dan çox tamaşa hazırlayıb. O, məsləhətçi, xoreoqraf, baletmeyster kimi indiyədək Buenos-Ayres, Sidney, Seul, Şanxay, Pekin, Banqkok, Madrid, Berlin, Ottava, Roma və s. teatrlarında dünya klassikasının bir sıra nümunələrinin tamaşaya qoyulmasında iştirak edib.
   2007-ci ildə Boston Balet Məktəbinin icraçı direktoru təyin olunan Eldar Əliyev müxtəlif illərdə həm də dünyanın nüfuzlu balet müsabiqələrinin münsiflər heyətinə daxil edilib. Ötən il Budapeşt Opera və Balet Teatrına balet üzrə bədii məsləhətçi vəzifəsinə dəvət edilən həmyerlimiz bu ilin yanvarında teatrın bədii rəhbəri təyin edilib. Sənətkar Qara Qarayev və Fikrət Əmirov kimi Azərbaycan bəstəkarlarının əsərlərini yeni quruluşda macar tamaşaçılarına təqdim etmək niyyətindədir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar