Vidadi Həsənov: “Nağıllar uşaqlar üçün deyil, böyüklər üçün yazılır”
   
   Dövlət “Yuğ” Teatrının nəzdində yaradılmış teatr studiyası ötən həftə ilk səhnə əsərini tamaşaçılara təqdim etdi. Abdulla Şaiqin məşhur «Tıq-tıq xanım» adlı nağılı əsasında hazırlanmış səhnə əsərinə Vidadi Həsənov quruluş verib. 
      
   Rejissor məşhur nağıl əsasında teatrla-musiqinin vəhdətindən yaranan müzikl hazırlayıb. Tamaşanın quruluşunda əsasən «Tıq-tıq xanım» nağılına qeyri-ənənəvi yanaşmaya cəhd edilib. Səhnə əsərinin rəssamı Umay, musiqi tərtibatçısı Amid, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşadakı personajlara gəlincə, «Tıt-tıq xanım»ı Güney, «Siçan»ı Amid, «Tülkü»nü Ruslan, «Çoban»ı isə Oqtay ifa etdi. İlahə, Hikmət, Nigar və Əliağa isə «Nağılçılar» qismində iştirak etdilər.
   Tamaşada Azərbaycan xalq mahnılarından rep, meyxanaya qədər musiqi növlərini, həmçinin hind və digər əcnəbi rəqslər daxil etməklə, müasir uşaqları bu tamaşaya daha yaxın etməyə çalışdılar. Tamaşa boyu həmçinin personajlar uşaqlarla ünsiyyət qurmağa çalışaraq, onların bu nağılı nə qədər yaxşı qavradıqlarını öyrənməyə çalışdılar.
   Tamaşanın müəllifi bildirdi ki, yeni yaradılan studiya tezliklə inkişaf yolunu tapacaq: «Ümumiyyətlə, studiya ənənəsi həmişə teatr prosesi üçün təkanverici olub. Bu tamaşa “Yuğ”un nəzdində yaradılmış teatr studiyasının ilk tamaşasıdır. Bəlli olduğu kimi, “Yuğ” teatrı da öncə teatr-studiya şəklində fəaliyyətə başlayıb. Ümid edirik ki, yeni yaradılmış bu teatr studiyası da gündən-günə inkişaf edərək milli teatr prosesinə öz töhfəsini verə biləcək. Studiyada Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və məzunları, müxtəlif teatrlarda çalışan 15 nəfərədək gənc aktyor toplaşıb. Bu istedadlı gənclər yeni uğurlara imza atmaq əzmindədirlər».
   Müəllifin fikrincə, nağıllar əslində uşaqlar üçün deyil, böyüklər üçün yazılır: «Nağıllar uşaqlar üçün yox, böyüklər üçün yazılır. Böyüklər isə nağılları oxuyub uşaqlara təqdim edirlər. Bir çox nağıllarımız, o cümlədən Abdulla Şaiqin «Tıq-tıq xanım»ı uşaqlar üçün olduğu kimi, böyüklər üçün də ibrətamizdir.
   
   Gülər

   * * *
   Yeri gəlmişkən, “Yuğ”un baş rejissoru iş başına qayıdıb
   
   Dövlət “Yuğ” Teatrının baş rejissoru Vaqif İbrahimoğlu bir neçə aydan bəri səhhətində yaranmış nasazlıqdan sonra əmək fəaliyyətini davam etdirməyə başlayıb. Teatrdan bildiriblər ki, rejissor “Yuğ”un səhnəsində “Diogenin çəlləyi”, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində isə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” səhnə əsərlərinə quruluş verəcək.