Böyük Kreml sarayının səhnəsində Fikrət Əmirovun “Min bir gecə” baletinin tamaşası böyük uğurla keçib. Tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti, “Kreml baleti” Teatrının bədii rəhbəri, xoreoqraf Andrey Petrovdur. 
      
   Tamaşanın səhnə tərtibatçısı Azərbaycanın görkəmli rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq rəssamı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovdur. 1979-cu ildə yaradılmış bu baletin musiqisinə görə bəstəkar Fikrət Əmirov 1980-ci ildə SSRİ Dövlət mükafatına layiq görülüb. “Min bir gecə” baleti uzun illərdir ki, müxtəlif ölkələrin səhnələrində böyük uğurla tamaşaya qoyulur.
   “Kreml baleti” teatrının bu yeni tamaşasını S.V.Raxmaninov adına simfonik orkestr müşayiət edirdi. Əsər moskvalı tamaşaçılara böyük bəstəkar Fikrət Əmirovun bənzərsiz musiqisini bir daha hiss etməyə imkan verib.