Prezident İlham Əliyev noyabrın 25-də tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin (1916-1961) anadan olmasının 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda diqqətə çatdırılır ki, 2016-cı ilin aprel ayında bəstəkarın anadan olmasının 100 ili tamam olur. Qəmbər Hüseynli qısa ömrü ərzində milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazıb. Bəstəkarın “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə, Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Qəmbər Hüseynlinin 100 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.