Yuğ Teatrında müştərək prodüser layihəsi
   
   Azərbaycan Dövlət Yuğ Teatrında polşalı rejissor Tomaş Leşçinskinin quruluşunda Slavomir Mrojekin pyesi əsasında “Sərhəddə” adlı tamaşanın məşqlərinə başlanılıb. Müştərək layihə Polşanın ölkəmizdəki səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Yuğ Teatrı, “Production” beynəlxalq prodüser şirkəti, A.Mitskeviç İnstitutu və prodüser Səbuhi Məmmədovun təşəbbüsü ilə reallaşdırılır. Dövlət teatrları sistemində ilk beynəlxalq müştərək prodüser layihəsi olan tamaşanın premyerası mayın sonuna nəzərdə tutulub.
   Tamaşada mənzillərindən dövlət sərhədi keçən bir ailənin həyatından bəhs edilir. Şam yeməyi zamanı diplomatlar gəlir və ailə başçısına bildirirlər ki, onların evlərindən dövlət sərhədi keçəcək və bu sərhəd ailə üzvlərinin hərəsini müxtəlif dövlətlərin vətəndaşlarına çevirəcək. Evin sərhədlərə bölünməsi ilə ailənin bütün varlığı əməlli-başlı problemə çevrilir...
   Müəllif pyesdə də finalı açıq saxlayır. Tamaşaçı nə baş verəcəyini özü düşünməlidir. Tamaşa cəbhələrə, sərhədlərə bölünmüş, müharibələrə, qətllərə, terrorlara meydan olmuş dünyanın çağdaş mənzərəsinin obrazlı şəkildə təqdim edir.