Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İtalyansayağı xoşbəxtlik” tamaşasının premyerası olub. Görkəmli italyan dramaturqları Dario Fonun “Markolfa” və Pepino de Filipponun “Don Raffael Trombonçu” əsərləri əsasında hazırlanmış ikihissəli komediyanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Əməkdar artist Boris Lukinskiyə, bədii tərtibatı Zəminə Orucovaya, musiqi tərtibatı İradə Muradovaya, tryukların quruluşu İsa Əsədova məxsusdur.
Tamaşanın birinci hissəsi üç ildir evində xadiməlik etdiyi sahibi Markiz Treratedən bir qara qəpik almayan Markolfanın lotereyada külli miqdarda pul udmasından sonra cərəyan edən hadisələrdən bəhs edir. Eyni gündə üç nəfər, o cümlədən borc içində üzən ev sahibi ona evlilik təklif edir...
Tamaşanın ikinci hissəsində nümayiş etdirilən “Don Raffael Trombonçu” mahiyyət etibarilə “Markolfa” ilə çox oxşardır. Burada da hadisələr pul ətrafında cərəyan edir. Bir anda böyük məbləğdə pula sahib olan Don Raffael elə bir anın içində də müflisləşir...
Tamaşa uğurlu aktyor seçimi, maraqlı səhnə və musiqi tərtibatı ilə diqqət çəkir.
Rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Məhərrəm Musayev, Elnur Hüseynov və Eşqin Quliyev ifa edirlər.