İyulun 21-də tanınmış yazıçı-dramaturq Marat Haqverdiyevin 75 yaşı tamam olur
   
   O, ədəbiyyatın tacını - dramaturgiyanı seçdi...
   O, komediya janrında yazdığı pyeslərlə tanınıb, məşhurlaşdı...
   O, “Ailədə məhkəmə” qurub, ilk dəfə səhnədə “Məhəbbət, şeytan və lambada” üçbucağını yaratdı, “Məşuqələr”in sirrini öyrəndi, “Ah, qadınlar, qadınlar” - deyib, “Qısqanc ürəklər”ə güldü. Afişalar tez-tez dəyişdi: “Sənsiz yaşaya bilmərəm”, “Məhəbbət əzabları”, “Məhəbbət yaşa baxmır” və günlərin birində səhnəyə “Amerikalı kürəkən” çıxdı.
   O, melodramdan da yan keçmədi. “Səninlə və sənsiz”, “Səni gözləyirəm”, “Jiquli əməliyyatı” əsərləri bədii televiziya filmləri kimi lentə alındı.
   O, “Qarabağ şikəstəsi”, “Fədakarlıq”, “Üç dəniz əfsanəsi” əsərlərində ən yaxın tariximizdə baş verən hadisələri ədəbiyyata gətirdi...
   
   Ömrünü memarlığa və ədəbiyyata “xərcləyən” və bundan qətiyyən peşman olmayan yazıçı-dramaturq Marat Haqverdiyev 75 yaşın zirvəsində oxucularımıza öz həyat hekayətini danışdı.
   
   Memar
   
   Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub. Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev uzun illər Opera və Balet Teatrının solisti olub. “Əsli və Kərəm”də Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl, “Leyli və Məcnun”da Məcnun rollarını məharətlə yaradıb.
   Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq kimi şöhrət tapıb. “Şeirlər”, “Dağlar”, “İki ana”, “Sevgi sətirləri”, “İki bayram” kitabları rus, ispan, türkmən, hind dillərinə tərcümə olunub. “Qanqın böyük dalğası”, “Tahirin aqibəti” və başqa əsərləri 70-ci illərdə Moskvada səhnələşdirilib. “İlham pərisi”, “Gəldim ki, deyəm, sevirəm” faciəsi sonralar doğma səhnəmizdə və başqa respublikaların səhnəsində dəfələrlə tamaşaya qoyulub.
   İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb və bu istəklə də 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçməyib, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olub.
   Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub.
   
   Böyük ədəbiyyata yolun başlanğıcı
   
   70-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyev anasının əsərlərini - şeirlərini, poemalarını rus dilinə çevirir. Anası dünyasını dəyişəndən sonra qərara gəlir ki, onun yolunu davam etdirsin.
   İlk dram əsəri “Ailədə məhkəmə” komediyası olur. Əsər Lənkəran Dövlət Dram Teatrında Baba Rzayevin quruluşunda səhnəyə qoyulur. Tamaşa uğurlu alınır. Marat müəllim o illəri belə xatırlayır: “İlk əsərim tamaşaya qoyulanda Baba Rzayev dedi ki, bax ha, bundan sonra əsər yazmasan, günah eləmiş olarsan. Səndə komediya yaxşı alınır”.
   Bir il sonra Gənc Tamaşaçılar Teatrında rejissor Mərahim Fərzəlibəyov Marat Haqverdiyevin “Məhəbbət, şeytan və lambada”, ardınca “Məşuqələr” pyesini tamaşaya qoyur. Hər iki əsər teatr aləmində böyük əks-səda yaradır. Yeri gəlmişkən, Mərahim Fərzəlibəyov dramaturqun ümumilikdə beş əsərinə quruluş verib.
   
   - Bir gün Akademik Milli Dram Teatrının direktoru Həsənağa Turabov gəlib tamaşaya baxdı, tanış olduq, dedi ki, xahiş edirəm, bizim teatr üçün də bir əsər yaz. 1992-ci ildə “Ah, qadınlar, qadınlar” komediyasını yazıb Həsənağa Turabova təqdim etdim, çox bəyəndi. Milli Dram Teatrının səhnəsində Mərahim Fərzəlibəyov bu əsəri tamaşaya qoydu. Baş rolda görkəmli aktyor Siyavuş Aslan və tanınmış aktrisa Firəngiz Mütəllimova oynayırdılar. Tamaşa maraqla qarşılandı. Bir ildən sonra “Qısqanc ürəklər” komediyam yenə də bu teatrda Mərahim Fərzəlibəyovun quruluşunda səhnələşdirildi. Bu tamaşa da yaxşı mənada böyük səs-küyə səbəb oldu.
   
   Sonralar müəllifin “Fədakarlıq”, “Sənsiz yaşaya bilmərəm”, “Məhəbbət əzabları”, “Məhəbbət yaşa baxmır” və başqa pyesləri bir-birinin ardınca müxtəlif teatrların səhnəsində uğurla tamaşaya qoyulur.

   “Qısqanc ürəklər” qəlbləri fəth edir
   
   “Qısqanc ürəklər” komediyasının sorağı qardaş Türkiyədən gəlir, İstanbul şəhəri Sarıyer bələdiyyə teatrının yaradıcı heyəti əsəri səhnəyə qoyur.
   - 2000-ci ildə məni İstanbula - “Qısqanc ürəklər” tamaşasının premyerasına dəvət etdilər. Tamaşanın premyerası “Çırağan” sarayında keçirildi. Bu sarayda adətən dövlət tədbirləri keçirilir, amma o zaman hörmət əlaməti olaraq tamaşanın premyerası orada təşkil olundu. Premyera yüksək səviyyədə keçdi. O zaman məndən başqa bir əsər istədilər, mən də “Ah, qadınlar, qadınlar” əsərini təqdim etdim. Hər iki əsər Türkiyənin bir çox teatrlarında - İstanbulun Çemberlitaş teatrı, Sarıyer bələdiyyə teatrı, Fatih Universitetinin teatrında səhnələşdirilib.
   
   Marat Haqverdiyev dram əsərləri ilə yanaşı, maraqlı ssenarilərin də müəllifidir.
   - Lütfü Məmmədbəyov mənim ssenarim əsasında “Səninlə və sənsiz” bədii televiziya filmini çəkib. Bu melodram azərbaycanlı yazıçı ilə türk müğənnisinin məhəbbətindən bəhs edir. Film Azərbaycan dövlət televiziyası ilə dəfələrlə nümayiş olunub. “Səni gözləyirəm” lirik əsərimi də Lütfü Məmmədbəyov ekranlaşdırıb.
   
   “Üç dəniz əfsanəsi”ni beş ilə yazmışam”
   
   Tanınmış dramaturq həm də öz mövqeyi olan ziyalılarımızdan biridir. “Mənim yaradıcılığımın böyük bir hissəsi ulu öndərimiz Heydər Əliyevlə bağlıdır” - deyən Marat Haqverdiyev 1993-cü ildə yazdığı “Qarabağ şikəstəsi” ssenarisində böyük siyasətçinin Azərbaycanın ağır günündə hakimiyyətə qayıdışını, ölkənin xilası naminə tarixi xidmətlərini əks etdirib. Bu ssenari əsasında Mərahim Fərzəlibəyov ikiseriyalı bədii televiziya filmi çəkib.
   Onun ümummilli lider haqqında ikinci əsəri “Fədakarlıq” adlanır. Müəllifin ssenarisi əsasında “Fədakarlıq” bədii televiziya filmi çəkilir. Sonra müəllif bu ssenarinin dram variantını qələmə alır. Əsər Sumqayıt Dövlət Musiqili Dram Teatrında səhnələşdirilir, premyerası isə Akademik Milli Dram Teatrında uğurla keçirilir.
   Marat Haqverdiyev “Üç dəniz əfsanəsi” əsərini isə yaradıcılığının son zirvəsi adlandırır:
   - Ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş yeni əsərim Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən bəhs edən “Üç dəniz əfsanəsi” dramıdır. Üçüncü dəfə dahi şəxsiyyət Heydər Əliyevlə bağlı mövzuya müraciət etməyimin səbəbi odur ki, ulu öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi ölkəmizin tarixində misli görünməmiş nailiyyət idi. Ona görə də bu layihənin tarixi-siyasi qiymətini nəzərə alaraq, bədii həllini verməyə çalışdım. Etiraf edirəm ki, heç bir əsər üzərində o qədər işləməmişəm. “Üç dəniz əfsanəsi” dramını beş ilə yazmışam. Bu əsər Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü il üçün təsdiq etdiyi repertuar planına salınıb, əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə olunub, hazırda tamaşa hazırlanır.
   
   “Görəsən, Marat Haqverdiyev özü haqqında əsər yazsaydı, o əsərin adı necə olardı?” Cavabı ləngitmir: “Vaxtilə qələmə aldığım melodramın adını seçərdim: “Səninlə və sənsiz”.
   Ömrünün müdriklik çağını yaşayan dramaturqun arzularından biri “Üç dəniz əfsanəsi”ni səhnədə görmək, Allahın izni ilə ürəyindən keçən yazıları qələmə almaq, ən böyük arzusu isə Qarabağı azad görməkdir. Biz də bu arzulara qoşuluruq.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar