Macarıstanın Balatonfüred şəhərində XIII Avropa Gənclər Festivalı keçirilib. Sənət bayramında ölkəmizi “Günay” uşaq teatrı təmsil edib. Azərbaycan incəsənətini yüksək səviyyədə təqdim edən gənc istedadlarımız festivalın bir sıra mükafatlarını qazanıb.
   Teatr nominasiyasında M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının motivləri əsasında hazırlanan tamaşa, xoreoqrafiya nominasiyasında isə milli rəqsimiz “Yallı” və Üzeyir Hacıbəylinin “Dəsmalla rəqs” nömrələri “Qran-pri” mükafatına layiq görülüb. Fərdi çıxışlar da mükafatsız qalmayıb. “Turacı” və “Qaragöz” rəqslərinin ifaçısı Leyla Yusubova festivalın qızıl medalı, “Məşğələ” kompozisiyasının ifaçısı Səbinə Məmmədova isə “Qran-pri” ilə mükafatlandırılıb.
   Gənc Azərbaycan artistləri gələn il Balatonfüred şəhərində keçiriləcək növbəti festivala dəvət alıblar. Şəhərin meri uğurlu çıxış üçün teatrın kollektivinə və Azərbaycanın Budapeştdəki səfirliyinə minnətdarlıqlarını bildirib.