Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri
   
   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur İsveç yazıçısı Astrid Lindqrenin eyniadlı pyesi əsasında səhnələşdirilən “Balaca və damda yaşayan Karlson” tamaşasına ictimai baxış olub.
   Azərbaycan peşəkar milli teatrının 140 və Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunmuş növbəti beynəlxalq layihə çərçivəsində hazırlanan tamaşaya ukraynalı rejissor Tatyana Şevçenko quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.
   Tamaşada əsas rolları aktyorlar Mehriban Hüseynova, Nəsibə Eldarova, Nuriyyə Əliyeva və başqaları ifa edirlər.
   Süjet xətti hamıya yaxşı bəlli olan əsərin qəhrəmanları “Balaca” ləqəbli Svante və onun təxəyyülünün məhsulu olan Karlsondur. Balacanın həyatına daxil olaraq rəngarənglik qatan Karlson ona bəzi problemlər də yaşadır. Tamaşanın premyerası iyulun 7-də keçiriləcək.