Azərbaycan teatr tarixində iz qoymuş görkəmli simalardan biri də Rza Darablıdır. Bu il sənətkarın anadan olmasının 130 ili tamam olur.
   
   Rza Nəcəfəli oğlu Hüseynov (Darablı) 1883-cü ildə Bakıda doğulub. Əvvəlcə mədrəsədə, sonra türk-rus məktəbində təhsil alıb. Gənc yaşlarından mədəniyyətin müxtəlif sahələrinə maraq göstərib, 1911-ci ildən ara-sıra “Nicat” mədəni-maarif cəmiyyətinin truppasında epizodik, sözsüz surətlər oynayıb. Üç il sonra isə müntəzəm şəkildə teatr tamaşalarında iştirak etməyə başlayıb. Özünə “Darablı” təxəllüsünü götürüb. Bir müddət tamaşalarda təxəllüsünü “Darablinski” kimi də yazdırıb.
   Rza Darablı Azərbaycanın ilk parodiyaçı aktyorlarından sayılır. “Nicat”, “Səfa”, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” truppalarında dram, faciə, komediya, opera və operetta tamaşalarında maraqlı rollar oynayıb, Üzeyir bəyin “Şah Abbas və Xurşidbanu” operasında Məstavər obrazının ifaçısı olub.
   1919-cu ildən etibarən indiki Milli Dram Teatrının truppasında aparıcı aktyorlardan biri kimi çıxışlar edib. 1925-1928-ci illərdə Moskvada Mərkəzi Teatr Sənəti Texnikumunda təhsil alaraq yenidən doğma kollektivə qayıdıb.
   Komediya və dram aktyoru Rza Darablının yaradıcılığını iki dövrə ayırmaq olar: 1919-cu ilə qədər və ondan sonrakı dövr. Birinci dövrdə əsas rolları kimi Vəli, Hambal (“Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir Hacıbəyli), Qacar, Həmzə bəy, İblis (“Ağa Məhəmməd Şah Qacar”, “Dağılan tifaq” və “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Məşədi Oruc və Şeyx Nəsrullah (“Ölülər”, Cəlil Məmmədquluzadə), Şamdan bəy, Şah Təhmasib (“Dilin bəlası” və “Nadir şah”, Nəriman Nərimanov) və s. obrazları göstərmək olar.
   Teatr dövlət statusu alandan sonra Rza Darablı Ənvər bəy, Belokurov, Yanardağ, İbad (“Ulduz, yaxud Trablis müharibəsi”, “Yaşar”, “Od gəlini” və “Almaz”, Cəfər Cabbarlı), İbn Yəmin, İblis, Şeyx Sənan, Knyaz (“İblis”, “Şeyx Sənan” və “Knyaz”, Hüseyn Cavid), Əlimərdan (“Eşq və intiqam”, Süleyman Sani Axundov), Arsini (“Nei qülləsinin sirri”, Aleksandr Düma) və s. rolları uğurla ifa edib. Onun məşhur rollarından biri də “Arşın mal alan”da Soltan bəy olub.
   Əsasən aktyorluqla, müəyyən illərdə isə rejissorluqla da məşğul olan Rza Darablı 1933-cü ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
   1940-cı il oktyabrın 24-də Pyer Bomarşenin “Fiqaronun toyu” komediyasında oynadığı Antonio rolu Rza Darablının teatrda son yaradıcılıq işi olub. O, səhnə fəaliyyəti ilə yanaşı, Bakı Teatr Məktəbində dərs deyib, filmlərə (“Kəndlilər”, 1939; “Səbuhi”, 1941) çəkilib.
   Görkəmli sənətkar 1942-ci il martın 23-də Bakıda vəfat edib.