Məhərrəm Haşımov - 100
   
      
   İyunun 21-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr rejissoru, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Məhərrəm Haşımovun 100 illik yubileyinə həsr olunmuş “Ömrün səhifələri” kitabının təqdimat mərasimi keçirildi.
   
   İttifaqın sədri, Xalq artisti Azərpaşa Nemətov tədbiri açaraq bildirdi ki, qurum görkəmli sənətkarların yubileyləri ilə bağlı “Ömrün səhifələri” adlı silsilə kitablar hazırlayaraq nəşr etdirir. Bu seriyadan növbəti kitab Məhərrəm Haşımova həsr edilib: “Milli teatr sənətimizin inkişafında misilsiz xidmətləri olan Məhərrəm Haşımov 57 illik ömrünün 40 ilini müqəddəs saydığı teatr sənətinə sərf etmiş və sözün əsl mənasında yüksək sənətkarlıq nümunələri hesab olunan tamaşalar yaratmışdır”.
   Kitabda görkəmli sənətkarın həyat və yaradıcılığı, sənətkarlıq xüsusiyyətlərindən ətraflı söz açılır. Nəşrdə indiyədək heç yerdə çap olunmamış arxiv materialları və fotolardan istifadə edilib. Kitabın tərtibçiləri Çingiz Ələsgərli, Kəmalə Cəfərzadə və Aidə Qafarovadır. Materiallar Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
   Tədbirdə Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski, Xalq artisti, rejissor Cənnət Səlimova, Məhərrəm Haşımovun tələbəsi olmuş Xalq artisti Rafiq Əzimov və başqaları sənətkarla bağlı xatirələrini bölüşdülər.
   Məhərrəm Haşımovun qızı Tamilla xanım çıxış edərək bu qiymətli kitabı araya-ərsəyə gətirdiklərinə görə Teatr Xadimləri İttifaqının rəhbərliyinə və əməkdaşlarına, Məhərrəm Haşımovun xatirəsinin işığına yığışan sənətsevərlərə təşəkkürünü bildirdi.
   
   * * *
   Xatırladaq ki, Məhərrəm Əli Kazım oğlu Haşımov 1912-ci il yanvarın 1-də Bakıda anadan olub. 15-16 yaşında Fəhlə Uşaqları Teatrında fəaliyyətə başlayıb. Bir il sonra Gənc Tamaşaçılar Teatrına işə götürülür. Burda həm aktyor, həm də rejissor köməkçisi kimi çalışır. Sonra Moskvaya, Dövlət Teatr Sənəti İnstitutuna təhsil almağa göndərilir. O dövrün görkəmli rejissorlarından sənətin sirlərini öyrənir. Ali rejissorluq təhsilini başa vurub Bakıya qayıdır. O, vaxt Bakı Uşaq Teatrına Aleksandır Tuqanov rəhbərlik edirdi və gənc Məhərrəm teatra bədii rəhbər və baş rejissor təyin olunur. “Ömrün səhifələri”ndə oxuyuruq: “1936-1937-ci il teatr mövsümündə Məhərrəm Haşımov Məmmədağa Dadaşovla birlikdə L.Makaryevin “Əmirin əsiri” əsərini tərcümə etdi. Əsər Məhərrəm Haşımovun rejissurasında, rəssam F.Qusakın tərtibatında maraqlı həllini tapdı. 1937-ci il sentyabr ayının 25-də teatr Abdulla Şaiqin “Xasay” əsərini tamaşaya qoydu”.
   Məhərrəm Haşımov Gənc Tamaşaçılar Teatrında müxtəlif janrlı tamaşalar hazırlayır. V.Laqisin “Balıqçı oğlu”, İ.Qasımov və H.Seyidbəylinin “Dəniz cəsurları sevir”, C.Qordonun “Entoni Qrantın cinayəti”, C.Cabbarlının “Aydın”, M.Lermontovun “Maskarad” və başqa tamaşaları ölkənin teatr həyatında hadisəyə çevrilir.
   1949-cu ildə Məhərrəm Haşımov Azərbaycan Dövlət Rus Dram Teatrına direktor təyin edilir və ilk olaraq Tur qardaşlarının “Döngədə ev” pyesinə müraciət edir, burada da sənət hadisəsinə çevrilən tamaşalar hazırlayır. E.Razdinskinin “Kino çəkilir”, L.Slavinin “İntervensiya” və digər əsərlər onun quruluşunda tamaşaçılara təqdim olunur.
   Kitabda Məhərrəm Haşımovun ömür səhifələri belə vərəqlənir: “İllər bir-birini əvəz edir. Artıq 1968-ci ildir. Məhərrəm Haşımovun ömrünün sonuna bircə il qalıb...”
   57 il ömür sürmüş Məhərrəm Haşımov dünyaya “əlvida” desə də, xatirələrdə, yaddaşlarda, milli teatr tariximizdə silinməz izləri, qapanmayacaq səhifələri olan bir sənətkar kimi yaşamaqdadır.
   
   Təranə Vahid