Bir tamaşanın tarixçəsi
1983-cü il iyunun 21-də Azərbaycan Televiziyasında “Topal Teymur” tamaşası nümayiş olundu və ilk gündən sənət aləmində hadisəyə çevrildi. Teletamaşanın rejissoru, Xalq artisti Ramiz Həsənoğlu ilə 30 il əvvələ qayıtdıq.
- Ramiz müəllim 30 il əvvələ qayıdaq, 80-ci illər, Hüseyn Cavid və “Topal Teymur” pyesi. Bu ideya haradan qaynaqlanırdı?
- O dövrdə Hüseyn Cavidin 100 illik yubileyinə hazırlıq gedirdi. Azərbaycan televiziyası da Hüseyn Cavidlə bağlı proqramlar yerinə yetirməli idi. Tamaşa şöbəsinin müdiri Həbibə Məmmədxanlı dedi ki, bəlkə Hüseyn Cavidin əsərlərindən birinə müraciət edək? Mən də o vaxtlar Cavid yaradıcılığına o qədər də bələd deyildim, əsərlərini oxudum və “Topal Teymur”a müraciət etməyi qərara aldım. Çünki bu, tarixi əsər idi və zamanından asılı olmayaraq Əmir Teymur insanlar üçün həmişə maraqlı idi.
Əmir Teymur axtarışında
Bu istəklə də Əmir Teymurla bağlı materiallar toplamağa başladım. Mənə ən çox kömək edən kitablardan biri rus yazıçısı Vladimir Çerevanskinin “İki dalğa” adlı tarixi əsəri oldu. Bu əsər 1898-ci ildə Sankt-Peterburqda çap olunmuşdur. Kitabda bir çox tarixi mənbələrə əsaslanan faktlar diqqətimi cəlb etdi. Oradakı faktlardan və şəkillərdən mən özüm üçün çox mətləbləri aydınlaşdırdım. Başqa materiallara da müraciət etdim. 1941-ci ildə Əmir Teymurun qəbrini açarkən heykəltəraş və arxeoloqlar onun antropoloji modelini yaratmışdılar. Topal Teymur rolunu ifa edən Hamlet Xanızadəyə tətbiq olunan qrimi Əmir Teymurun antropoloji portreti əsasında qrim üzrə rəssamımız Aslan Qafarov hazırlamışdı. Araşdırmalar və axtarışlarım nəticəsində həmin dövrlə bağlı kostyumların seçilməsinə də nail olduq. Bəxtimizdən bizdən əvvəl “Nəsimi” filmi çəkilmişdi, biz o filmdən də bəhrələndik. Ancaq çalışdıq ki, bizim təqdim elədiyimiz obraz “Nəsimi” filmində Topal Teymur rolunu ifa edən böyük aktyorumuz Yusif Vəliyevin təqdim etdiyi obraza oxşamasın. Mənə elə gəlir ki, biz buna nail ola bildik.
“Hər şeydən oncə onu deyim ki, yayın əvvəlində, 1983-cü il iyunun 21-də “Topal Teymur” teleekranla birinci kərə göstərildi. Mənim həyatımda mərhələ təşkil edən bir iş başa çatmışdır. İndi mən istəyirəm, faktların üzünə dik baxam. Səhvlər olub? Şəksiz: həm rol bölgüsündə, həm məşq prosesində. Amma əsas məsələlərin öhdəsindən gəlmişəm: teletamaşada ansambl yarada bilmişəm, aktyorları, kollektivi öz arxamca aparmağı bacarmışam. Zənnimcə, ziyalılar inanmağa başlayıblar ki, televiziyon da sənətdir...”
(Ramiz Həsənoğlunun gündəliyindən).
- Teletamaşanın məsləhətçisi Mirəli Seyidov, elmi məsləhətçisi Turan Cavid idi. Hər ikisi mənə çox böyük kömək etdi. Cavidin dili bir qədər osmanlı şivəsində olduğundan Turan xanım əsərə yüngülvarı əl gəzdirib bugünkü Azərbaycan dilinə uyğunlaşdırdı.
Heç yadımdan çıxmır, Teymurlənglə İldırım Bəyazidin çadırqabağı görüşünü çəkirdik, Mirəli Seyidov gəlib oturdu pultda, bir də gördüm ki, ağlayır. Dedim, Mirəli müəllim, niyə ağlayırsınız? (pauza... Ramiz Həsənoğlu kövrəlir) Dedi ki, mən gözlərimə inanmıram... Onlar çox keşməkeşli ömür yaşamışdılar, 37-ci ildən çıxmışdılar, Cavidin əsərinin tamaşaya qoyulması onlara möcüzə kimi gəlirdi. Turan xanım da hər çəkilişdə gəlib əvvəldən axıracan iştirak edirdi.
“Hüseyn Cavidin “Topal Teymur” dramını səhnələşdirmək və ya ekranlaşdırmaq Azərbaycan məmləkətinin hər bir rejissorunun içində mürgüləyən gizli bir istək: hamıya nəsib olmaz; bəlkə yüzündən birinə. O da şübhəli. Lakin mən tərəddüdsüz deyə bilərəm ki, Ramiz Həsənoğlunun bir telerejissor kimi bəxti gətirdi. 1981-ci ildə 35 yaşında ikən ona “Topal Teymur” pyesinin ekran taleyini tapşırdılar...”
(Aydın Talıbzadə,
“Ustad və ayna” kitabından)
İllər keçəcək, Rafael Hüseynov “Vaxtdan uca” kitabını yazacaq və bu qiymətli kitabın bir nüsxəsinə ürək sözlərini yazıb Ramiz Həsənoğluna bağışlayacaqdı: “Əzizim Ramiz! Sən ən azı bir səbəbə görə Cavidin bioqrafiyasında varsan. 58 illik səhnə didərginliyindən sonra onun “Topal Teymur”una ekran həyatı vermisən. Həm də çox istedadlı, çox bəyənilmiş bir şəkildə. Uğurlar sənə! 25 sentyabr, 1987-ci il”.
- Sizin ən böyük uğurlarınızdan biri də vaxtı qabaqlamaq bacarığınızdır. O dövrdə “Topal Teymur”u ekrana gətirmək cəsarətli bir addım idi.
- Belə düşünürəm ki, o tamaşanın taleyi bir qədər başqa cür də ola bilərdi. Allah rəhmət eləsin Elşad Quliyevə, o vaxtlar televiziyanın rəhbəri idi və onun bu tamaşanın arxasında durmağı, mövqeyi tamaşanın ekran həyatını həll etdi. Yadımdadır ki, biz “Topal Teymur”u efirə verəndə tamaşanın əvvəlində Mehdi Məmmədov çıxış edib tamaşa barədə çox yüksək fikirlər söyləmişdi.
Bu yerdə mütləq bir haşiyə çıxmalıyam. Görkəmli sənətkar, SSRİ Xalq artisti Mehdi Məmmədov heç zaman bilməyəcəkdi ki, Ramiz Həsənoğlu Teymurləng obrazını onun ifasında arzulamışdı. Arzulamışdı və susmuşdu...
İki Hamletin qarşılaşması
- Mənə elə gəlir ki, Hüseyn Cavidin qələmindən çıxan hər bir əsər Mehdi Məmmədov üçün əziz idi. O, “Xəyyam”ı tamaşaya qoymuşdu və bu tamaşa hər tərəfə səs salmışdı. Mən Azərbaycan televiziyasında “Topal Teymur”u hazırlayanda Mehdi Məmmədov Akademik Dram Teatrında “İblis”i tamaşaya qoyurdu. Yeri gəlmişkən, hər iki tamaşada Hamlet Xanızadə və Hamlet Qurbanov vardı. Mehdi müəllim qısqanclıqla yox, narahatlıqla Hamlet Xanızadəyə deyirdi ki, sən iki böyük yükün alına girmisən. “İblis”də də baş rolu oynayır, “Topal Teymur”da da. Təbii ki, bu, Hamlet tərəfindən böyük bir cəsarət idi.
...Hər nə varsa zamanın ələyindən, vaxtın köynəyindən keçir. Səhnə, sənət də belədir, keçən keçir, qalan qalır. Hüseyn Cavid “Topal Teymur”u yazanda yəqin düşünməzdi ki, uzun illərdən sonra gənc bir rejissor “Topal Teymur”u ekranda “dirildəcək” və bu tamaşa sənətdə yeni bir yolun başlanğıcı olacaq.
...Topal, çolaq, hər nə idisə, Teymur qılıncıyla tarixin böyük bir parçasına sahib olmuşdu. Böyük türk xaqanını ekranda görmək sovet şinelindən çıxmış və bilərəkdən yaddaşsızlaşdırılmış insanlar üçün böyük bir missiya - “yaddaş kartı”nı təzələmək missiyasını daşıyırdı. Teymur “dirilirdi”...
Aydın Talıbzadə “Ustad və ayna” kitabında yazır: “Ramiz Həsənoğlu hərlənib-fırlanıb axır ki, bu aktyorun üstündə dayanmışdı və məncə, öz teletamaşasının konsepsiyasına uyğun ideal variantı seçmişdi. Hamlet Xanızadə Topal Teymuru azğın bir düzənlik qaplanı qismində portretləşdirirdi... Bundan əlavə... Azərbaycan mədəniyyətində birinci kərə Teymur və Bəyazid iki Hamletlə təmsil olunacaq; iki Hamlet qarşılaşacaq son səhnədə: öz-özlüyündə qədərincə ekzotik bir fakt”...
Ramiz Həsənoğlunun gündəliyindən: “Bu gün “Topal”da iştirak edən aktyorların qonorarının ödənilməsi məsələsi prinsipcə həll olundu. Ancaq mən nələr çəkdim “Dəmir çolağ”ın hüququnu müdafiə edincə... 9 fevral 1983-cü il”.
“Əgər dünyanın zərrə qədər dəyəri olsaydı...”
“Topal Teymur” Azərbaycan televiziya tarixində müasir texniki vasitələrlə araya-ərsəyə gətirilən ilk mükəmməl quruluşlarından biri kimi Ramiz Həsənoğlu yaradıcılığında daha bir ilk olur. Ramiz Həsənoğlu dünyanı lərzəyə gətirən “Topal Teymur”u 2 saat 45 dəqiqəyə sığışdırır.
9 iyun 1982-ci il. Ramiz Həsənoğlu gündəliyinə yazır: “Gör, pyesin finalında necə düşünür Teymur: “Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucsuz-bucaqsız məmləkətlərə... sənin kimi bir kor, mənim kimi bir çolaq müsəllət olmazdı”. Naümid, məyus, şübhəli hökmdar...”
- Ramiz müəllim, “Topal Teymur” yaradıcılığınızda nəyi dəyişdi?
- Mən o tamaşanı hazırlayandan sonra sənətə münasibətim dəyişmədi, mənə münasibət dəyişdi. Janrından asılı olmayaraq müxtəlif mövzulara müraciət etdim. Bundan sonra “Günahsız Abdulla”, “Fatehlərin divanı”, “Ordan-burdan”, “Ac həriflər” bir-birini əvəz etdi. Bu tamaşa mənim taleyimdə dönüş yaratdı. Tamaşanın yaradıcı qrupu - quruluşçu operator Eldar Məmmədov, rəssam Rafael Əsədov, bəstəkar Cavanşir Quliyev və bu tamaşada əməyi olan hər kəs istər-istəməz Azərbaycan ədəbi ictimaiyyətinin gözündə televiziyanın bir sənət növü olduğunu təsdiqlədik.
O dövrdə bizə kömək edən bütün adamlar - Elşad Quliyev, Həbibə xanım, baş redaktorumuz Nahid Hacıyev, ümumiyyətlə, bu tamaşanın ortaya çıxmağında çox həssaslıq, canıyananlıqla iş görən insanların hamısı gözümün qabağındadır. O, insanların çoxu indi həyatda yoxdur. Amma bu tamaşa onlar üçün bir abidədir.
- Axtarış, gələcək planlar, arzular...
- Dmitri Merejkovskinin Leonardo da Vinçi haqqında “Zühur edən Allahlar və ya Leonardo da Vinçi” kitabını oxuyuram. Orda Leonardonun dili ilə belə bir ifadə işlədir: “Ancaq tərəddüd edən sənətkar nəyə isə nail ola bilər”. Bir var tərəddüd edən, bir də var naəlac qalan, çıxış yolu bilməyən sənət adamı. Mən həmişə çalışmışam, çıxış yolunu axtarım tapım.
Hazırda həm televiziya ekranı, həm kino üçün layihələrim var. Cəfər Cabbarlının qəribə taleyi olub. Bu barədə Anarla söhbətlər edirik. İrəvan xanlığının tarixi də məni çox narahat edir. Düşünürəm ki, bu mövzulara müraciət etməyə dəyər.
Təranə Vahid