“Müsyö Jordan və dərviş Məstəli şah” Moskva və Vilnüsdə nümayiş etdiriləcək
   
   Sentyabrın 25-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Moskvaya qastrol səfərinə gedəcək. 
   Kollektiv teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovskinin quruluşunda Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” və Yonas Vaytkusun quruluşunda Nizami Gəncəvinin “Yeddi gözəl” əsərlərinin tamaşalarını nümayiş etdirəcək.
   Tamaşalar Rusiya Dövlət Akademik Kiçik Teatrının səhnəsində göstəriləcək. Xatırladaq ki, Rusiya teatrının kollektivi isə bu il mayın 9-10-da Bakıda Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edib.
   Moskvaya qastrol səfərindən sonra Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Litvanın paytaxtı Vilnüs şəhərinə yola düşəcək. Yaradıcı heyət oktyabrın 1-2-də Litva Rus Dram Teatrının səhnəsində sözügedən tamaşaları nümayiş etdirəcək.
   Teatrın qastrolları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.
   
   Dram studiyasına qəbul aparılacaq
   
   Rus Dram Teatrı dram studiyasına qəbul elan edib. Studiyaya ali təhsilli, o cümlədən Mədəniyyət və İncəsənət Universitetini, habelə xoreoqrafiya məktəbini və orta məktəbləri bitirmiş gənc oğlan və qızlar qəbul edilirlər. Dinləmə üçün ərizələrin qəbulu sentyabrın 10-11-də saat 12:00-dan 17-00-dək aparılacaq.
   Dinləmə və sənədlərin (şəxsiyyət vəsiqəsi, təhsil haqqında diplom, attestat) qəbulu sentyabrın 12-də saat 12:00-dan 15:00-dək keçiriləcək. Dinləmə proqramına şeir, nəsr, təmsil, eləcə də mahnı və rəqs (iştirakçının seçimi ilə) daxildir.