Dahi Üzeyir Hacıbəylinin ölməz operettası ötən həftə ABŞ-da və Özbəkistanda təqdim edilib
   
   Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası yaranmasının 100-cü ilində dünya səhnələrini fəth etməkdədir. Bu il yubileyi UNESCO səviyyəsində qeyd olunan əsər ABŞ-ın Los-Anceles şəhərində ilk dəfə ingilis dilində, Daşkənddə isə növbəti dəfə özbək dilində nümayiş etdirilib.
   
   Dünyanın sənət mərkəzində Üzeyir musiqisi
   
   Sentyabrın 8-də dünya kinosunun paytaxtı Los-Anceles şəhərinin səhnəsində “Arşın mal alan” operettasının premyerası olub. Əsərin Amerika tamaşaçısının qəlbini fəth edəcəyi şübhə doğurmurdu. Rejissor Maykl Şnakın rəhbərliyi altında aktyor truppası bir neçə ay gərgin məşqlər etmişdi. Sonuncu əsas məşq əsərin tamaşaçıya yüksək səviyyədə təqdim olunacağından xəbər verirdi. Məşqlər zamanı əsas çətinlik ariyaların Azərbaycan dilində oxunması ilə bağlı idi, aktyorlar tələffüzün ideal səviyyədə olması üçün çox çalışmışdılar.
   Ariyaların sözlərini, onların mənasını öyrənməyə çox vaxt sərf etdiyini bildirən Əsgər rolunun ifaçısı Ceyms Cudd: “Sözləri daha dəqiq tələffüz etmək istəyirdim. Bugünkü səviyyəyə çatmaq üçün biz böyük yol keçdik. Orijinalda bir çox şeyləri saxladıq, amma həm də əlavələr etdik, axı bu əsərin 100 yaşı var”.
   Gülçöhrə rolunun ifaçısı Aşa Lindsey 7 il bundan əvvəl bu əsəri səhnələşdirəndə, o dövr Azərbaycan qadınları, İslam dini və əlbəttə ki, mədəniyyəti haqqında çox şey öyrəndiyini bildirib: “Hazırda mənim çoxlu azərbaycanlı dostlarım var. Hətta mən özüm bu qeyri-adi ölkə haqqında çox şey danışa bilərəm. Qəhrəmanımın nə istədiyini yaxşı bilirəm, əgər Gülçöhrə indiki dövrdə yaşasaydı, çox cəsur və mərd olardı”.
   Əsəri Amerika tamaşaçısına böyük ustalıqla təqdim edən rejissor Maykl Şnak deyib ki, amerikalıların ənənələrə öz yanaşması var. ABŞ-da böyüməkdə olan nəsil yenilikləri qəbul etməyə hazırdır. Azərbaycan amerikalılar üçün həm də onunla maraqlıdır ki, o vaxtlar bu müsəlman ölkəsinə Qərbin təsiri güclü idi.
   Yüz il əvvəl Üzeyir Hacıbəyli bu əsərini neft maqnatı Hacı Zeynalabdin Tağıyevin köməyi ilə bütün dünyaya təqdim edib. “Arşın mal alan”ın 100-cü ilində isə dahi bəstəkarın bu əsəri ABŞ-da və dünya enerji bazarında öz sözünü demiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə səhnələşdirilir. Tamaşanın təşkilində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun da rolu böyükdür.
   Onu da qeyd edək ki, zaman-zaman Azərbaycan mədəni irsindən oğurluq etməyə çalışan ermənilər 1937-ci ildə məhz Los-Ancelesdə “Arşın mal alan” müziklini hazırlayaraq onu erməni əsəri kimi təqdim etmişdilər. 1945-ci ildə Bakıda lentə alınan “Arşın mal alan” filminin xarici ölkə ekranlarına çıxmasından sonra Üzeyir bəyin ölməz əsərinin gerçək dünya turu başlamış oldu.
   Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirib ki, Kaliforniyada 1,5 milyondan çox erməni yaşayır, onların əksəriyyəti Los-Ancelesdə məskunlaşıb: “Erməni lobbisi bizə qarşı fəal mübarizə aparır. Onların təsirini azaltmaq üçün biz Azərbaycan haqqında həqiqətləri Amerika cəmiyyətinə çatdırmalıyıq və bunu da edirik. Ən yaxşı vasitə isə Azərbaycanın zəngin mədəni irsini təbliğ etməkdir”.
   Los-Ancelesin ən məşhur konsert zallarından olan Doroti Çendler Pavilyonunun tamaşa başlamamışdan əvvəl tam dolması premyeranın uğurla keçəcəyindən xəbər verirdi. 3 min tamaşaçı iki saat ərzində musiqi və yumorla müşayiət olunan bu sevgi əhvalatının sonunu gözləyirdi. Tamaşanı heyranlıqla izləyən insanların üzlərindəki ifadələri hiss etmək çətin deyildi. Kimi Şərq musiqisindən zövq alır, kimi sevgililərə görə həyəcan keçirir, kimi də Azərbaycanın milli geyimlərinə heyran qalmışdı. Amma sonda təəssürat eyni idi, ifaçıları hamı bir nəfər kimi ayaq üstə alqışlayırdı.
   
   “Azərbaycan haqqında çox şeyi kəşf etdim”
   
   Zalı tərk edən tamaşaçılar hələ də səhnədə gördüklərini müzakirə edirdilər. Əminliklə demək olar ki, indiyədək Azərbaycan haqqında az da olsa eşidənlər, bundan sonra bu Şərq ölkəsinə əsl maraq göstərməyə başlamışdılar. Əsərin tamaşaçılarda yaratdığı düşüncələr, hisslər o qədər güclü idi ki, onlar gördüklərinin müzakirəsini premyeradan sonra verilən ziyafətdə də davam etdirirdilər.
   Los-Anceles sakini xanım Kalma Blumber: “Bu, fantastikdir. Gözəl musiqi, qeyri-adi geyimlər, çox maraqlı əhvalat. Mən özüm üçün Azərbaycan, onun tarixi haqqında çox şeyi kəşf etdim, öyrəndim. Bu əsl sensasiyadır”.
   Avstriyanın Los-Ancelesdəki konsulu xanım Liliana Popova: “Möhtəşəm, valehedici musiqi idi. Mənim qardaşım pianoçudur. O, Bakıda simfonik orkestrlə çalışıb və mənim bununla bağlı çox xatirələrim var. Bu gün isə mən çox xoşbəxtəm. Tamaşa mənə çox böyük təəssüratlar bəxş etdi”.
   Los-Anceles sakini Cim Kerkman: “Bu həqiqətən də bizə Şərqin gözəl dünyasına qapı açan əlamətdar hadisədir”.
   “Arşın mal alan” Los-Ancelesi fəth etdi. Bunu isə heç də hər əsər edə bilməz. Çünki Los-Anceles həm də Hollivud hesab olunur. Hollivudu isə təəccübləndirmək elə də asan deyil.
      
   



   100 yaşlı əsərin özbək tamaşaçıları ilə növbəti görüşü
   
   Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illiyi ilə əlaqədar əsər Özbəkistan Dövlət Musiqili Dram Teatrında özbək dilində tamaşaya qoyulub.
   Əsərin ilk tamaşasını ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, diaspor təmsilçilərimiz, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər izləyiblər.
   Operetta teatrın rejissoru Axad Parmonovun quruluşunda səhnələşdirilib.
   Teatrın direktoru, Özbəkistanın Xalq artisti Murad Racabov tamaşadan öncə çıxış edərək bildirib ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” əsərinin 100 ili tamam olur. O, teatrsevərləri və tamaşaçıları təbrik edərək deyib ki, teatrımız bu əsərə dəfələrlə səhnə həyatı verib, tamaşalar anşlaqla keçib. Onun sözlərinə görə, tamaşada bir sıra dəyişikliklər olub, bəzi səhnələr yeniləşdirilib.
   “Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kollizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.
   Operetta 1921-ci ildə Buxarada tamaşaya qoyulub, 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi altında Azərbaycandan gəlmiş aktyorlar bu əsərə səhnə həyatı veriblər. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaya qoyulub.
   İki il əvvəl isə Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində səhnələşdirilib. Bu ölməz əsər 100 ildir ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür, teatrlar zaman-zaman bu əsərə müraciət edirlər.