Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək. Teatrın rəhbərliyi tamaşada əsas rollardan birini - Qraf di Luna partiyasını ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Petrovu dəvət edib.
Operada digər əsas rollarda əməkdar artistlər Fəridə Məmmədova (Leonora), Səbinə Əsədova (Azuçena) və Fərid Əliyev (Manriko) çıxış edəcəklər. Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.