Oktyabrın 12-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında italyan dramaturqu Aldo Nikolainin “Dəmir sinif” tamaşasının premyerası olub.
Teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi səhnə əsərində insanların ahıl yaşlarında yaşamağa məhkum olduqları tənhalıqdan söhbət açılır. Tənhalığın insan həyatına gətirdiyi depressiya, dəhşətli anlar, arzuolunmaz həqiqətlər tamaşada qabarıq plana çəkilir. Bir sıra səbəblərdən qoca yaşlarında doğmaları tərəfindən diqqətdən kənarda qalan, tərk edilən, son nəticədə isə qocalar evində məskunlaşan üç ahıl qocanın həyat hekayəsini göz yaşları axıtmadan izləmək qeyri-mümkündür. Tamaşaçılar hər üç qocanın həyatın onlara bəxş etdiyi tənhalıq, kimsəsizlik girdabından çıxmaq üçün necə mübarizə aparmalarının şahidi olurlar.
Tamaşanın rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Qələmoğludur. Rolları teatrın tanınmış aktyorları - xalq artistləri Böyükxanım Əliyeva və Qabil Quliyev, Əməkdar artist Təvəkkül Əliyev ifa edirlər.
Ağaddin Babayev