Zəngin ənənələri olan Tiflis Azərbaycan teatrının keçmişi, bu sənət ocağının fəaliyyət göstərdiyi mühitin teatr estetikasında milli özünəməxsusluğu qoruyub saxlamaq əzmi barədə çox danışmaq olar. Amma bu dəfə ənənəvi teatr problemlərinə rəğmən adını uca tutan, hazırladığı tamaşalar, gerçəkləşdirdiyi qastrollarla öz missiyasını yerinə yetirməyə çalışan teatrın bu günü barədə söhbət açacağıq.

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Professional Dram Teatrının (Gürcüstan hökuməti ölkədə fəaliyyət göstərən bütün dövlət teatrlarına bu statusu verib) kollektivi bu günlərdə şəhərimizin qonağı idi. Kollektiv “2+1” eksperimental teatr festivalında sənətsevərlərə Turqay Vəlizadənin quruluşunda İftixar Piriyevin “Eşqin tikan dairəsi” əsərinin tamaşasını təqdim etdi.
Rejissor öncə Bakı səfərinin təəssüratını bizimlə bölüşdü: “Bu, 2004-cü ildən, teatrımızın bərpasından sonra Azərbaycana ilk səfərimizdir. Təbii ki, bu səfərə həm böyük sevinc, həm də məsuliyyətlə hazırlaşırdıq. Çünki tamaşaçıların sevdiyi, xatirələrində iz buraxdığı Tiflis teatrının bu gününü yalnız yaxşı tamaşa ilə göstərə bilərik. Nümayişdən sonra şahidi olduğumuz tamaşaçı sevgisi bizi hədsiz sevindirdi. Ona görə də belə tədbirlər böyük əhəmiyyətə malikdir. Ən azı bu tədbirlər sayəsində Azərbaycanla əlaqələrimizi intensivləşdirmiş olarıq”.
Hər il repertuarlarının yeni səhnə əsərləri ilə zənginləşdiyini deyən rejissor tamaşaçıların sənət ocağına münasibətindən də danışdı. Tamaşaçılarının əsas etibarilə gürcülərdən və tiflisli azərbaycanlılardan ibarət olduğunu vurğuladı: “Şəraitimiz olmadığından məşqləri yalnız təşkil etdiyimiz kiçik səhnədə edir, premyeralarımızı isə qonşu teatrlarda göstəririk. 13 nəfərlik truppası olan teatrımızda dünya və Azərbaycan klassik dramaturgiyasına müraciət etməyə çalışırıq. Çünki bizim teatrsevərlər klassik nümunələrə üstünlük verirlər. Bilirsiniz, klassika hər mənada tamaşaçının teatr ehtiyacını təmin edir. Ona görə də nə qədər yeni nümunələrə can atsaq da, klassika hər zaman bizim üçün əsas planda olur. Dili başa düşməsələr belə, gürcü teatrsevərlər tamaşalarımıza daha çox maraq göstərirlər. Bu mənada iki teatr mədəniyyətinə bələd olmaq, bir məktəb keçib digərinə əsaslanaraq fəaliyyət göstərmək çətin olsa da, maraqlıdır”.
Fərqli teatr məktəbi elementlərinin tamaşaların quruluşundan aktyor oyununadək hiss olunduğunu bildirən həmsöhbətim bu sintezin tamaşaçılar tərəfindən də rəğbətlə qarşılandığını deyir: “Məktəblər, ənənələr fərqli olsa da, onlar əsl sənətdə birləşir. Bu mənada əsər seçimi də ön plana çəkilir. Buna görə də daim klassikadan bəhrələnməyə çalışırıq. Məsələn, mənim ilk rejissor işim Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası oldu. Sonra rus, gürcü və dünya klassiklərindən seçmələrə müraciət etdik. Çünki tamaşaçımız bizdən bunu istəyir. Odur ki, effektiv elementlər bolluğu, müasir cərəyanların təsiri qaçılmaz olsa da, klassik, ənənəvilik bizim üçün əsasdır. Amma bu o demək deyil ki, biz yeni ədəbi nümunələrdən qaçırıq. Sadəcə bədii yük və ideyanın ağırlıq təşkil etdiyi əsərləri seçirik. Hərçənd səhnəmiz olmadığından tamaşalarımızı az oynayırıq. Başqa teatrlara da yüksək icarə xərcləri üzündən gedə bilmirik. Düzdür, bizim öz tamaşaçımız var, yerli azərbaycanlıların marağı böyükdür, amma teatrın yaşaması üçün bu, bəzən kifayət etmir”.
Səyyar tamaşalara, əsasən azərbaycanlıların sıx yaşadığı kənd və qəsəbələrə qastrola çıxmağa maraq göstərən truppanın nəqliyyat sarıdan da problemi var. Bununla belə, Borçalı bölgəsinin hər yerində sevgi ilə qarşılanırlar: “Biz, əslində bu qastrollardan cüzi məbləğlərlə qayıdırıq. Özü də əsasən məktəblilər qarşısında çıxış edirik. Bilirsiniz ki, 60 ilə yaxın bir dövrdə oradakı azərbaycanlılar teatrdan, səhnədən ayrı düşmüşdülər. Bu səbəbdən tamaşaçı nəsli arasındakı qırılma hiss olunur. Ona görə də uşaq tamaşalarına maraq göstəririk, onları teatra cəlb etməyə çalışırıq. Təbii ki, bu mənada janr müxtəlifliyi etməyə çalışırıq. Çünki nə qədər inkişaf mərhələləri yaşasa da, tamaşaçının teatrdan aldığı enerjini heç bir qüvvə əvəz edə bilməyəcək. Əsas tamaşa göstərməkdir, sonrakı çətinlik bizə xoşdur”.

Həmidə