Noyabrın 11-də �Cırtdan� II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Macarıstandan İvet Bojikin teatr kompaniyası �Dörd fəsil� tamaşası ilə balacaların görüşünə gəldi.
Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində qurulmuş çox adi dekorasiya balacaların marağına səbəb olduğu üçün hələ tamaşa başlamazdan əvvəl onlar səhnəni �zəbt etmişdilər�. Elə bu səbəbdən də teatrın yaradıcı heyəti belə qərara gəldi ki uşaqların bir hissəsi tamaşanı elə səhnədə oturaraq seyr etsin. Beləliklə, səhnəyə döşəkcələr düzüldü, balacalar aktyorlarla eyni səhnədə tamaşanı həm izlədilər, həm də iştirakçısına çevrildilər.
Tamaşadan əvvəl suallarımızı cavablandıran aktrisa Dora Hajnoş bildirdi ki, azərbaycanlı seyrçilər qarşısında ilk dəfə çıxış edəcəklər və ölkəmizin teatr aləmi onlar üçün həddən artıq maraqlıdır: �İnanıram ki, �Dörd fəsil� tamaşası azərbaycanlı uşaqların ürəyincə olacaq�.
Beləliklə, tamaşa başlandı. Bu tamaşa əsl festival tamaşası idi, desək yanılmarıq. Musiqi və jestlərin üzərində qurulmuş səhnə əsərində uşaqlara dəyişən fəsillərin bir-birini necə əvəzləməsi təqdim edilirdi. Tamaşada gənc qızın ifasında təqdim edilən rəqslərlə heyvanların rəqslərinin bənzərliyi göstərilir və bununla da müəlliflər demək istəyirlər ki, vahid bir dünyada təbiətlə, heyvanlarla birbaşa təmasda yaşayırıq və yaşadığımız bu yer, planet hamımızındır.
Səhnədə aktyorların davranışı bəzən gülməli, bəzən isə məyusedicidir. Bu isə uşaq aləminə çox tanış hisslərdir. Tamaşada modern və klassik rəqslərdən istifadə edilmişdi. Rəqqaslar və aktyorlar Timera Fülop, Jabolk Gombay, Dora Hajnos, bəstəkarı Filip Herityer, musiqi tərtibatçısı Vilmos Vayda, xoreoqraf İvet Bojik, rejissorları isə İvet Bojik və Vilmos Vaydadır.
Qeyd edək ki, bu il İvet Bojikin teatrı özünün 20 illik yubileyini qeyd edir. Kollektivin rəqqasları müxtəlif teatr üslublarına və ifa tərzlərinə yiyələniblər. Onlar klassik əsərlərlə yanaşı, uşaqlar üçün tamaşalarla da çıxışlar edirlər. İvet Bojik Edinburq festivalında bir neçə dəfə mükafatlar qazanıb və Macarıstanın Xalq artistidir. Fransanın �Legion� ordeni ilə təltif olunub, Paris Opera Teatrında hazırlanan tamaşaların xoreoqrafı kimi öz qurumunun nümayəndələri ilə bütün dünyanı dolaşaraq tamaşalar nümayiş etdirib.
Lalə Azəri