Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Kitabi-Dədə Qorqud” dastanının boyları əsasında yeni tamaşanın məşqləri gedir. Dövlət sifarişi ilə hazırlanan “Dədə Qorqud” tamaşasının mətn müəllifi və quruluşçu rejissoru İradə Gözəlovadır. Klassik nümunəyə müasir formada yanaşma və fərqli bir yozumda təqdim olunacaq səhnə əsəri barədə məlumat verən rejissor ideyanın bu günlə səsləşdiyini bildirdi: “Dastanın bir neçə boyundan yararlanmaqla fərqli baxışlı ssenari yazmışam. Sadə bir ailənin, əsasən də orada yetişən fağır, tənbəl, zəif xarakterli oğlanın yaşam tərzindən bəhs edən tamaşa məişət mövzusundadır. Bu ailənin timsalında, bir evin mətbəxində baş verən proseslər əslində, cəmiyyətdə problemə çevrilməkdə olan məsələləri əhatə edir. Yəni yaratdığım Dədə Qorqud qəhrəmanı, onun xarakteri, dəyişmə prosesi mətbəxdə baş versə də, ümumilikdə cəmiyyətə ismarışlar ağırlıq təşkil edir. Beləliklə, maymaq, zəif bir oğlan yavaş-yavaş igidə çevrilir, Dədə Qorqudun öydüyü, vəsf etdiyi qəhrəmanlara bənzəyir. Cəmiyyətdə kişi modeli, onun xarakterik xüsusiyyətləri, ən əsası, dədəmiz Qorqudun təsvir etdiyi ərlər, ərənlər kimi görmək istədiyim fərdlərə bu aspektdə yanaşmışıq. Çağırış, oyanış haraylı tamaşada Əməkdar artist Azərinin mahnılarından da istifadə etmişik”.
Məşqləri tamamlanmaq üzrə olan tamaşanın səhnə tərtibatçısı Əməkdar rəssam Mübariz Gəncəli, musiqi tərtibatçısı Anar Süleymanovdur. Rolları Əməkdar artist Təranə Musayeva, aktyorlardan İlqar İbrahimov, Mövsüm Hüseynov, Habil Xanlarov, Vəfa Qurbanova, İlahə Səfərova və Oqtay Mehdiyev ifa edirlər.
Premyera dekabr ayına planlaşdırılıb.

Həmidə