Azərbaycanlı rejissor Rusiyada tamaşa hazırlayır

Azərbaycanlı rejissor İradə Gözəlova Rusiyanın İjevsk şəhərində (Udmurtiya Respublikası) keçirilən gənc rejissorların laboratoriyasında iştirak edib və iki mərhələdən ibarət müsabiqədə qalib olub.

Bu barədə məlumat verən rejissor öncə müsabiqənin məqsədini diqqətə çatdırdı: “Rusiyanın Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə layihəsi əsasında dahi ingilis dramaturqunun xatirəsinə həsr edilmiş “Şekspir kainatı” adlı yaradıcılıq laboratoriyası elan olundu. Dünyanın müxtəlif ölkələrindən teatr təmsilçilərinin iştirak etdiyi layihənin əsas məqsədi Şekspir yaradıcılığına müasir prizmadan yanaşmaq və rejissorlara klassik nümunələrdə öz sərbəst yaradıcılıq imkanlarını sərgiləmək şansı verməkdir. Çoxsaylı təkliflər arasında mənim də rejissor ideyamın daxil olduğu 6 iş seçilərək səhnələşdirilmək şansı qazandı.
Təşkilatçı tərəf bütün məsrəfləri öz üzərinə götürməklə seçilən rejissorları İjevskə dəvət etdi. Biz 10 gün ərzində İjevsk Rus Dram Teatrı aktyorlarının iştirakı ilə ideyamıza uyğun yarımsaatlıq tamaşalar qurduq. Sonda müsabiqəyə Moskva, Sankt-Peterburq, Xarkov və İjevskdən təqdim olunan beş tamaşa (“Otello”, “III Riçard”, “Fırtına”, “Hamlet”, “Romeo və Cülyetta”) ilə yanaşı, mənim hazırladığım “Şıltaq qızın yumşalması” tamaşa-eskiz də təqdim olundu. Peşəkar teatr tənqidçilərindən, rejissorlardan ibarət münsiflər heyəti mənim işimi birinciliyə layiq gördülər”.
Tamaşada orta əsrlərin meydan teatrı, insan ehtirasları öz əksini tapıb. Əsərdəki problemə günün prizmasından baxan rejissor diqqəti cəlb etmək istədiyi məqamlara aydınlıq gətirdi: “Tamaşanın janrı erotik klounadadır. Elə buna istinad edərək müasir həyatımızın qadınları, onların ağır fiziki və mənəvi yükün altında qalmalarını əks etdirmişəm. Bu mövzu məni narahat edir və ona görə də problemin cəmiyyətdə də tamaşadakı sonluqla bitməsini istəyirəm. Bilmirəm, bu, nə qədər mümkündür. Amma qadınların hisslərini, qadın təbiətini itirməsi bu klounadada qabarıq şəkildə təqdim olunur, dəyişmə tələb edir. Çünki bu, çox təhlükəlidir. Tamaşanın qəhrəmanı Katarina sirkdə ən ağır işləri görən, bir növ pəhləvanlıq edən kişi təbiətli qadındır. Amma bu çox çəkmir, bir kişi gəlir və ona öz qadın təbiətinə qayıtmaqda kömək edir. Təbii ki, Katarinanın çoxdan unutduğu sevgi və nəvazişlə”.
Səhnə əsərində Katarinanı Yelena Mışin, Petruççonu isə Andrey Demişev kimi tanınmış aktyorların ifa etdiyini deyən rejissor rusiyalı sənətçilərin peşəkarlıq səviyyəsindən də danışdı: “Seçdiyim dörd aktyordan üçü Xalq artisti idi. Bir mizana bəlkə də on fərqli reaksiya verirdilər. Bu mənada həm də səhnədə çox sərbəst, tam azaddırlar”.
Rejissorun sözlərinə görə, gələn ilin aprelində İjevsk Rus Dram Teatrında məşqlərinə start veriləcək tamaşa mövsümün sonunadək təqdim olunacaq. Səhnə əsərinin teatrın daimi repertuarına daxil edilməklə yanaşı, Moskvada, Rusiyanın daha bir neçə şəhərində nümayiş etdirilməsi nəzərdə tutulub: “Tamaşa hazır olduqdan sonra Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib Azərbaycanda da nümayiş olunmasını xahiş edəcəyəm. İnşallah, bu arzum reallaşar. Çünki nazirlik hər zaman maraqlı layihələrə dəstək verir”.

Həmidə Nizamiqızı