Daha bir festival, daha bir teatr bayramı, səhnə nümayişi sona yetdi. Noyabrın 9-dan 16-dək doqquz ölkənin teatr, sənət üçün yaşayan və bu əsrarəngiz dünyanı balalarımız üçün daha yaxın və maraqlı edən kukla teatrlarının təmsilçiləri bir araya gəldilər.
Böyüklərə uşaqları anlamaq, onlara onların öz dünyasından baxmağı tövsiyə edən və bu işdə köməklik göstərən, balalara isə öz şirin uşaq dünyaları, pənbə xəyallarında bəşəriyyət, yüksək dəyərlər sevgisi aşılayan tədbir maraqlı teatr mədəniyyətlərinin aynası kimi də yadda qaldı. Biz böyükləri də əlimizin çatmadığı, röyalarımızı bəzəyən uşaq dünyamızla qovuşduran festivalda maraqlı mətləblərin açıldığı tamaşalar vardı.
Böyük Britaniya, İtaliya, İsveçrə, Yaponiya, Bolqarıstan, Macarıstan, Rusiya (Tatarıstan) və Xorvatiyadan gələn kuklaçılar, bu janrın yaşadanları ümumilikdə kukla teatrı anlamının yaşından asılı olmayaraq hər kəsi əhatə etdiyini, bu mənada yaş faktorunun o qədər də önəm kəsb etmədiyini aydınlaşdırdılar. Bütünlükdə teatra sevginin vacibliyini aşıladılar. Bunu nümayiş olunan tamaşaların mövzusu, əhatə dairəsi və ideyası da təsdiqləyirdi.
Azərbaycanın məşhur nağıl qəhrəmanı, balacaların sevimli personajı Cırtdanın adını daşıyan II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı öz missiyasını uğurla başa vurdu, ölkənin mədəni həyatında hadisəyə çevrildi, teatral əlaqələrə yeni töhfə verdi. Bunu festival boyu göstərilən tamaşalara olan maraq və tamaşaçı sevgisi də təsdiqləyə bilər.
Sonuncu günün təbrikləri
Noyabrın 16-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında festivalın bağlanışı oldu. Xarici və yerli qonaqların iştirak etdiyi tədbirdə bir həftə sürən sənət bayramının maraqlı məqamlarla tarixə keçdiyi vurğulandı.
Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə son illər teatrla bağlı keçirilən tədbirlərdən, bu tədbirlərin milli teatr sənətimizin inkişafında əhəmiyyətindən danışdı. Prezident İlham Əliyevin Azərbaycan teatrının inkişafına göstərdiyi diqqət və qayğıdan, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq görülən işlərdən, son illər əsaslı təmir edilən teatr binalarında aktyorlar üçün yaradılmış yüksək iş şəraitindən bəhs etdi.
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, festivalın münsiflər heyətinin üzvləri, teatrşünaslar Aydın Talıbzadə və Şaiq Səfərov da çıxış edərək hər bir festivalı hadisə, teatr bayramı adlandırdılar, belə sənət hadisələrinin çox olmasını arzuladılar. Ən müxtəlif teatr məktəblərini bir araya gətirən festivalı tamaşaçılar üçün dünya teatr prosesinə pəncərə, teatr təmsilçiləri üçün isə daha yeni və sıx əlaqələrin bünövrəsi adlandırdılar. Sonra festivalda fəal çıxışlarına görə fərqlənən teatr təmsilçilərinə fəxri diplomlar təqdim olundu.
Bu da sevimli “Karlson”
Festivalın son günü pərdələr yenidən açıldı və uşaqlı-böyüklü hər kəsin sevimli qəhrəmanı Karlson göründü. Hələ sovetlər dönəmində cizgi film estetikasında, eləcə də müxtəlif ölkələrin uşaq teatrlarında səhnəyə qoyulan və beləcə, tamaşaçıların yaddaşında özünəməxsus nostalgiyası olan bu tamaşa bizim kuklaçıların yeni yozumunda da maraqlı və baxımlı idi.
Dövlət sifarişi ilə hazırlanan, özəl dinamikası və harmonik plastikası ilə seçilən tamaşaya Dövlət Kukla Teatrının səhnəsində Gürcüstandan dəvət olunmuş rejissor Elene Matsxonaşvili quruluş verib. Rejissor müəllifin (Astrid Lindgren) uşaqlara, daha doğrusu, onların vasitəsilə böyüklərə ünvanlanan fikirlərini maraqlı bir yozumla çatdıra bilib. Bu işdə quruluşçu rəssamın (Vaxtanq Koridze) tərtibatı da öz rolunu oynayıb. Səhnə içində səhnə olan tamaşada səhnənin kənarında yazı masasında əyləşib makinasında uşaqlar üçün yeni əsərlər yazan yazıçının xitabları, izah və bölmələr arasındakı şərhli keçidləri balacaların diqqətini dağıtmır, onlara nağıl-tamaşa estetikası aşılayırdı.
Ritmik musiqi (bəstəkar Şalva Matsxonaşvili) isə tamaşanın tempini yüksək tutmaq, keçidlərdəki əlaqəni möhkəmləndirməyə xidmət edirdi. Aktyorların ifası, kuklaçılar Rəhim Rəhimov, Elnur Abbasquliyev, Səriyyə Mansurova və başqalarının oyunu da səmimi və maraqlı idi.
Təkliyindən, daha doğrusu, özünü tənha hiss etdiyindən həyatı maraqsız, solğun keçən Balacanın yeganə arzusu dostunun, həmsöhbət olacağı birisinin olmasıdır. 8 yaşlı məktəbli valideynlərinin cəhdlərinə, onu şənləndirmək üçün etdikləri hərəkətlərə rəğmən bədbin və küskündür. Amma günlərin birində o, həyatına rəng qatan bir dost qazanır, damda yaşayan qeyri-adi, amma həm də çox mehriban, xeyirxah, bir o qədər də baməzə Karlsonla tanış olur. Bununla da bütün həyatı dəyişən balaca yeganə dostu ilə məzəli əhvalatlar yaşayır. Arzularını onun vasitəsilə reallaşdıran, ona son dərəcə bağlanan Balaca sadiq dostunu hər kəsə, xüsusən də valideynlərinə göstərmək istəyir. Amma bütün cəhdləri boşa çıxır, çünki valideynləri Karlsonun varlığına inanmırlar. Nəhayət, o, istəyinə çatır, həm valideynləri qəhrəmanını görür, həm də Balaca çoxdan arzusunda olduğu dost qazanır. Belə ki, ad günü münasibətilə valideynləri ona balaca it alaraq oğullarını sevindirirlər. Beləcə, dostunu yeni dosta həvalə edən Karlson missiyasını başa vuraraq uzaqlara, gəldiyi nağıl dünyasına qayıdır. Balaca isə dostluğun, ünsiyyətin nə qədər vacib olduğunu anlayır.
Şən notlarla bitən tamaşa yazıçının uşaqlara və ümumilikdə cəmiyyətə ismarışları ilə yekunlaşdı. Aktyorları alqışlayan balacalar isə səhnədən uçuşan kağız “quşlar”ı tutmağa tələsdilər. Beləcə, maraqlı hədiyyənin sevinci və tamaşanın xoş ovqatı ilə zalı tərk etdilər, təbii ki, gözlərindən sıçrayan xoş təbəssümlə.
Həmidə Nizamiqızı