Noyabrın 16-da H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi Azərbaycan Teatr Xadimləri İttifaqının Aktyor evində M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını nümayiş etdirib. Mütəfəkkir dramaturqun 200 illiyi ilə əlaqədar dövlət sifarişi ilə ötən mövsümdə hazırlanan tamaşa maraqla qarşılanıb.
Səhnə əsərinə teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmli quruluş verib. Quruluşçu rəssamı Nabat Səmədova, musiqi tərtibatçısı, sənətşünaslıq namizədi Telman Qəniyevdir. Rolları Yalçın Səlimov, İlham Səfərli, Akif Mirzəyev, Vəfa Həsənova, Cəlal Məmmədov, Təranə Musayeva və başqaları ifa ediblər.