Xəbər verdiyimiz kimi, Rusiyanın Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi 21-24 noyabr tarixində paytaxtımızda qastrol səfərində olub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan kollektivin səfəri iki sənət ocağı arasında bağlanmış müqaviləyə əsasən gerçəkləşib. Səfər müddətində tamaşaçılar qonaq teatrın hazırladığı “Keçi Dereza” əsərini bir neçə seansda izləmək imkanı qazandılar.
Noyabrın 23-də tamaşanın nümayişindən əvvəl Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərək qastrol səfərlərinin əhəmiyyətindən danışdı, rəhbərlik etdiyi kollektivin Həştərxan səhnəsində uğurlu çıxışını xatırlatdı, Rusiya teatrını 80 illik yubileyi münasibətilə təbrik etdi.
Həştərxan teatrının direktoru Viktor Butenko, bədii rəhbəri, Rusiyanın Xalq artisti Yuri Koçetkov da qastrol səfərlərinin kollektivlər arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişlənməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğuladılar.
Sonra səhnə aktyorların ixtiyarına verildi. Qədim rus nağılı əsasında Rusiyanın Əməkdar artisti Sergey Taraskinin quruluş verdiyi tamaşa ənənəvi tərtibata müvafiq qurulsa da, müasir elementlər, milli görünüşə fərqli, bir az da əyləncəli detalların əlavəsi (geyim üzrə rəssam T.Kolesnikova), gözoxşayan rəngarənglik ümumi ab-havanı dəyişə bilirdi. Yaradıcı heyət uşaqlıqdan dəfələrlə oxuduğumuz, multiplikasiya filmlərində izlədiyimiz bu əyləncəli əhvalatı musiqi və plastika elementlərinin harmonik həlli (baletmeyster O.Ektova) ilə daha da maraqlı etmişdilər. Hiyləgər çəpiş Derezanın maraqlı hərəkətləri, dəcəllikləri aktyor oyununda təbii təsir bağışlayırdı.
Tamaşada qoca babanın Dereza ilə dialoqları, dəcəl çəpişin ağlasığmaz hərəkətləri, bununla yanaşı, mehriban və qayğıkeş cildində məharətlə gizlənmə məqamları uşaqlara ətrafdakılara münasibətdə dürüst olmağı təlqin edir. Hamını aldatmaqla xoşbəxt ömür sürə biləcəyinə inanan çəpişin aqibəti - bütün pisliklərinin üzə çıxması və kənddən qovulması heç bir məkrli hərəkətin sirr qalmayacağı, gec-tez qarşılığını alacağı mesajını verirdi. Bütün bunlar musiqinin, rəqslərin, əyləncəli detalların dili ilə çatdırılır, uşaqların qavraya biləcəyi tərzdə ifadə olunurdu.
Yelena Fomenko, Valentin Krılov, Marina Zaxarova, Tamara Butenko və başqalarının rol aldığı tamaşa izləyicilər tərəfindən maraqla qarşılandı.

Həmidə