Noyabrın 27-si və 28-də İçərişəhərdəki Kiçik Karvansara abidəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Marionet Teatrının quruluşunda dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub. Operetta Marionet Teatrının yaradıcısı Tərlan Qorçunun bədii rəhbərliyi ilə teatrın əsas aktyor heyətinin ifasında təqdim edilib.
İlk tamaşadan əvvəl çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev bu il “Arşın mal alan” operettasının 100 yaşının tamam olduğunu, bu münasibətlə ölməz əsərin qəhrəmanlarının bu dəfə marionet kuklalarla canlandırıldığını deyib. Bildirilib ki, Marionet Teatrı 2011-ci ildən fəaliyyət göstərir. Artıq teatr üçün İçərişəhərdə xüsusi bina da ayrılıb.
Qeyd olunub ki, teatr Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “O olmasın, bu olsun” tamaşaları üzərində işləyir və yaxın gələcəkdə hər iki tamaşa səhnələşdiriləcək.