Noyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyi, AMEA Memarlıq və İncəsənət İnstitutu, Teatr Xadimləri İttifaqı və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzində “Azərbaycan teatrı - 140” mövzusunda respublika elmi-praktik konfransı keçirildi.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı və Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixli “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə teatrımızın keçdiyi yola müxtəlif aspektlərdən nəzər salındı.
Konfransı Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov açaraq 140 yaşlı peşəkar milli teatrın inkişaf yolu barədə danışdı. Bu tarixin öyrənilməsi və cari problemlərin həlli baxımından konfransın mühüm əhəmiyyətə malik olduğunu bildirdi.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev zəngin Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan teatrımızın tarixi keçmişi, onun professional inkişafının təzahürləri və əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verdi. Milli teatrımızın müxtəlif dövrlərdə, bütün çətinliklərə baxmayaraq, inkişaf etdiyini dedi: “Müstəqilliyimizin ilk illərində, Azərbaycan teatrının “olum, ya ölüm” dilemmasında qaldığı bir vaxtda ulu öndərimiz xalqın iradəsi ilə hakimiyyətə qayıtdı və ölkə həyatının, mədəniyyətin bütün sahələri kimi, teatr sənəti ilə də bağlı böyük addımlar atıldı. Milli-mənəvi dəyərlərə, mədəniyyət və incəsənətə qayğı göstərən ulu öndərin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev də milli teatr sənətimizin tərəqqisi üçün fundamental işlərə imza atıb. Onun ölkəyə rəhbərlik etdiyi ilk illərdən başlayaraq mədəniyyət, onun ən çətin sahələrindən olan teatra diqqəti özünü bariz şəkildə nümayiş etdirib”.
Qeyd olundu ki, 2006-cı ildən başlayaraq qəbul olunan qərarlar, teatrın inkişafını sistemli şəkildə əks etdirən sərəncamlar gələcək üçün bir proqram xarakteri daşıyıb: “2006-cı ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycan teatrı ilə bağlı qanun qəbul olundu. Daha sonra teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı xüsusi sərəncam imzalandı. Bu məqsədyönlü siyasətin davamı olaraq 2009-cu ildə teatr haqqında qanunun və öncə imzalanmış sərəncamın daha geniş fəaliyyətini təmin etmək məqsədilə dünya teatr praktikasında ilk dəfə olaraq Azərbaycan teatrının onillik inkişaf istiqamətlərini müəyyənləşdirən Dövlət Proqramı təsdiq olundu”.
Proqram çərçivəsində həyata keçirilən fundamental işlər barədə məlumat verən nazir müavini bu qısa vaxt ərzində əldə olunan nəticələrin və ümumi mənzərənin ürəkaçan olduğunu dedi. Əsaslı təmir olunan və yenidən qurulan teatr binaları, bu prosesin paytaxt ilə yanaşı, regionları da əhatə etməsi milli teatr tariximizin ən gözəl səhifəsidir. Təmirlə yanaşı, bu müəssisələrin maddi-texniki təminatının Avropa səviyyəsinə çatdırıldığını qeyd edən Ə.Vəliyev uzun müddət binasızlıq şəraitində fəaliyyət göstərən bir neçə teatrın müstəqil bina ilə təmin olunduğunu, köklü teatr islahatlarının aparıldığını bildirdi. Bu dəyişikliklərin teatrların yaradıcı imkanlarının nümayişinə təkan verdiyini, səhnə nümunələrinin müxtəlif ölkələrdə alqış qazandığını, azərbaycanlı rejissorların xarici ölkə teatrlarında uğurlu quruluşlara imza atdığını dedi. 10-dan artıq teatrın tərkibində təşkil olunan teatr-studiyaların yerlərdə aktyor çatışmazlığının aradan qaldırılmasında əhəmiyyəti vurğulandı.
Bildirildi ki, Dövlət Proqramı çərçivəsində 50-dən artıq rejissor, rəssam və digər teatr mütəxəssisi Azərbaycanda tamaşaların hazırlanmasında iştirak edib. Ölkəmizdə bir çox irimiqyaslı beynəlxalq teatr tədbirləri - festival, forum və konfranslar keçirilib. Ölkə rəhbərinin bu sahəyə diqqəti sayəsində teatr xadimləri qayğı ilə əhatə olunub, fəxri adlara və digər təltiflərə layiq görülüblər.
Tədbirdə çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə bildirdi ki, zamanın sınaqlarından üzü ağ çıxmış Azərbaycan teatrının 140 illik inkişaf yolu ölkəmizdə bu sənətin zəngin ənənələri olduğunu bir daha sübut edir. Qeyd olundu ki, xalqımızın folkloru və məişəti ilə bağlı oyun və rəqslər, mövsüm mərasimləri, aşıq sənəti, dini ayinlərlə əlaqədar meydan mərasimləri, “Qaravəlli” tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını təşkil edib, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.
Konfransda Dövlət Teatr Muzeyinin təqdimatında milli teatr tarixinə həsr edilmiş videoçarx nümayiş olundu.
Sonra sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin “Klassik dramaturgiyanın çağdaş rejissor yozumu: örnəklər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovun “Üç əsrdən keçən teatr: çağdaş mənzərəsi və prioritetlər”, Teatr Xadimləri İttifaqının şöbə müdiri Çingiz Ələsgərlinin “Azərbaycan teatrının inkişafında aktyor məktəblərinin rolu” mövzularında məruzələri dinlənildi.
Konfrans işini “Teatr, cəmiyyət, mədəniyyət: intellektual paradokslar”, “Müstəqilliyin ilk on ilində tarixi mövzular Azərbaycan səhnəsində”, “Müstəqillik dövrü milli teatrşünaslıqda qeyri-klassik üsullar”, “Azərbaycan teatrında konseptual rejissor sənəti və Vaqif İbrahimoğlu yaradıcılığı” kimi teatr sənətinin aktual mövzularının müzakirəsi ilə davam etdirdi.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar