Tanınmış muğam ifaçısı, Xalq artisti, professor Mənsum İbrahimov dekabrın 8-də Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində 125-ci dəfə Məcnun obrazında çıxış edəcək. Xalq artisti bizimlə söhbətində bu faktı sənətində əlamətdar hadisə kimi dəyərləndirdi. Mənsum İbrahimovun tərəf-müqabili Xalq artisti, səhnəmizin sevilən Leylisi Nəzakət Teymurova olacaq.
Xanəndə nəzərdə tutduğu xarici səfərləri barədə də danışdı: “Dekabrın 16-dan 22-dək “Simfomuğam” layihəsi çərçivəsində Latviyanın paytaxtı Riqada səfərdə olacağıq. Bu layihə vasitəsilə biz simfonik muğamları simfonik orkestr və muğam triosu ilə sintez edib birlikdə ifa edəcəyik. Bu ideyanı 2007-ci ildən görkəmli dirijorumuz, Xalq artisti Yalçın Adıgözəlov və əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədovla birlikdə həyata keçiririk. İlk dəfə bu layihəni 2007-ci il mayın 10-da ulu öndər Heydər Əliyevin doğum günündə Azərbaycan Dövlət Filarmoniyasında təqdim etmişdik. Sonralar layihə 10-dan artıq ölkənin simfonik orkestrinin müşayiəti ilə təqdim olunub”.
Xalq artisti bildirdi ki, Latviyadakı konsertin proqramına muğam və xalq mahnılarımız daxil edilib: “Eyni zamanda Niyazinin “Rast” və Vasif Adıgözəlovun “Segah” simfonik muğamlarını Latviyanın simfonik orkestri və bizim trio vasitəsilə lentə yazdırmağı nəzərdə tuturuq”.
Qeyd edək ki, Xalq artisti noyabrın əvvəlində Latviyada bir konsert proqramı təqdim edib: “Bu dəfə də çıxışımı “Qarabağ şikəstəsi” ilə bitirdim. Latviyanın Prezidenti də konsertdə iştirak edirdi. Konsertdən sonra bizimlə görüşən dövlət başçısı bildirdi ki, bu şikəstə səma musiqisidir”.
Lalə Azəri