C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı gələn ilin yazında Türkiyənin Adana şəhərində keçiriləcək 16-cı Sabancı Beynəlxalq Teatr Festivalına dəvət alıb.
Kollektiv festivalda Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesi əsasında hazırlanmış “Cəhənnəmdən cənnətə” adlı tamaşa ilə çıxış edəcək. Tamaşaya teatrın baş rejissoru Gümrah Ömər quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Vahab Cəfərov, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır.
Tamaşa barədə məlumat verən Gümrah Ömər səhnə əsərinin mövzu aktuallığını xüsusilə qeyd etdi: “Əsas etibarilə festivallar üçün nəzərdə tutulan tamaşanı bir az müasir, modern üslubda hazırlamışıq. “Cəhənnəmdən cənnətə” dramında qəhrəmanın tragizmi ondadır ki, o, həmişə öz «mən»indən imtina edib, dövrün və şəraitin tələb etdiyi rolu oynamalı olub. Tarixi zamanın (1937-ci il) Kişi obrazına geydirdiyi maska onu şəxsi məsuliyyət, vicdan, namus, şərəf kimi əxlaqi-mənəvi keyfiyyətlərdən məhrum edərək, normal insana xas olan daxili təbəddülat və çırpıntılardan uzaqlaşdırır. Mən fəxr edirəm ki, Gəncə teatrında belə müasir tendensiyalara, yeni düşüncə, meyl və texnologiyalara hazır olan aktyorlarımız var. Tamaşada üç nəfər -Xalq artisti Pərvanə Sultanova (Qadın), aktyorlar Elxan Abbasov (Kişi) və Murad İbrahimov (Qonaq) iştirak edirlər. Hesab edirəm ki, onlarla iş çox maraqlı oldu və tam fərqli bir tamaşa ərsəyə gəldi”.
Quruluş verdiyi digər tamaşa barəsində də məlumat verən rejissor diqqəti teatrlarının aktyor potensialına yönəldərək əsas etibarilə onlara adekvat səhnə əsərlərinə üstünlük verdiklərini vurğuladı: “Teatrımızda quruluş verdiyim ikinci tamaşa İftixarın “Dan yeri söküləndə” pyesi əsasında hazırlanıb. Bu qəmli komediya da təbii ki, teatrımızın aktyorlarının hər iki istiqamətdə, yəni ciddi dramla yanaşı komik oyun qabiliyyətinin nümayişi baxımından maraqlı idi. Aktyorlarımız bu ikili oyunun çulğaşdığı tamaşanı böyük sevgi ilə ifa etdilər. Səhnə əsəri Gəncə teatrsevərləri tərəfindən rəğbətlə qarşılandı. Tamaşaya Əməkdar rəssam Rəşid Şerif bədii tərtibat verib, musiqi tərtibatı isə Tərlan Rəsula məxsusdur”.
Həmidə