N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilən tamaşalara sənət ocağının direktoru İslam Həsənovla birgə nəzər saldıq. Direktor yubiley ilinin mövzu müxtəlifliyi və xarakterik tamaşalarla yadda qaldığını dedi: “Son günlərdə teatrımızda iki yeni tamaşa hazırlanıb. İtalyan dramaturqu Aldo Nikolainin “Dəmir sinif” əsəri əsasında Tural Mustafayevin quruluşunda teatrımızın üç sayılıb-seçilən aktyoru - xalq artistləri Böyükxanım Əliyeva, Qabil Quliyev, Əməkdar artist Təvəkkül Əliyevin təqdimatında tamaşa hazırlandı. Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Qələmoğludur. Teatr əlaqələrinin də inkişafına maraq göstərir və dəvətli rejissorlarla işləməyə çalışırıq. Bu qəbildən növbəti tamaşanı ukraynalı rejissor Arkadi Nepitalyuk hazırladı. O, Nikolay Qoqolun “Ölü canlar” əsəri əsasında Mixail Bulqakovun yazdığı eyniadlı pyesi səhnələşdirdi. Çox maraqlı bir tamaşa alınıb və artıq daxili baxışdan da keçib. Səhnə əsərinin musiqi tərtibatçısı Sərdar Fərəcovdur. Bu tamaşa və rejissor işi teatrımızda əlavə canlanma yaratdı, aktyorlar da obrazların öhdəsindən məharətlə gəldilər”.
Teatr qastrol səfərinə də hazırlaşır: “İranda keçiriləcək ənənəvi Fəcr festivalında teatrımızın maraqlı quruluşlarından olan “Lənkəran xanının vəziri” tamaşası ilə çıxış edəcəyik. Növbəti səfərimiz isə Türkiyənin Tarsus və Ərzurum şəhərlərinə olacaq”.
Direktor teatrın daha bir layihəsi barədə də söhbət açdı: “Bu tamaşa layihəsi 4 ölkənin - Azərbaycan, Makedoniya, Bolqarıstan və Türkiyənin bölgə teatrlarını birləşdirir. Bu ölkələrin teatrları ayrılıqda eyni əsəri öz yozumlarına uyğun hazırlayırlar. Dörd teatrın hazırladığı əsər Slovamir Mrojekin «Mühacirlər»idir. Tamaşa dörd ölkədə hazırlanacaq və sonda “Bir tamaşanın festivalı” adı altında nümayiş etdiriləcək. Layihə ilə bağlı Bolqarıstan, Makedoniya və Türkiyədə səfərlərdə olacağıq. Bundan əlavə, biz Bolqarıstan teatrı ilə yaradıcılıq mübadiləsi edəcəyik. Bolqar teatr mütəxəssisləri bizdə, biz isə onların səhnəsində tamaşa göstərəcəyik”.
Lənkəran tamaşaçılarına qarşıdakı aylarda da gözəl səhnə nümunələri nümayiş etdirəcəklərini qeyd edən İ. Həsənov italyan dramaturqu Eduardo do Flipponun “Ruhlar” əsərinin son məşqlərinin getdiyini dedi: “Tamaşanın quruluşçu rejissoru Tural Mustafayevdir. Bundan əlavə, Əhməd Orucoğlunun “Mehriban ailə”sinə müraciət etmişik. Tamaşaya mən quruluş verəcəyəm. Teatrımızda Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov da yeni tamaşaya quruluş verəcək. O, Aqşin Babayevin “Xilaskar” əsərini səhnəyə qoyacaq”.
Teatr Yeni il münasibətilə A.Şaiqin “Danışan gəlincik” tamaşasını da hazırlayıb. Dekabrın 13-dən tamaşanın nümayişinə start veriləcək.
Həmidə Nizamiqızı