C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı 119-cu mövsümündə yeni səhnə əsəri ilə sənətsevərlərin qarşısına çıxdı. Tarixi və ədəbi dəyərlərə malik "Şah İsmayıl Xətai" adlı tamaşanın premyerası dekabrın 6-da keçirildi.
Ağalar İdrisoğlunun tarixi mövzuda qələmə aldığı eyniadlı əsərə gənc rejissor İradə Gözəlova quruluş verib. Rejissorun sözlərinə görə, tamaşa Azərbaycan Səfəvilər dövlətini yaradan qüdrətli şəxsiyyətin iç dünyasını açmaq, onun ədəbi düşüncəsi ilə dövlətçilik təcrübəsini tamaşaçı auditoriyasına çatdırmağı qarşıya məqsəd qoyub. Həmsöhbətim səhnə əsəri üzərində apardığı dəyişikliklərdən də söz açdı: “Tamaşada Şah İsmayıl Xətainin tarixi şəxsiyyətini ikinci plana keçirməklə hiss və həyəcanlarını ortaya qoymağa çalışmışıq. 32 obrazdan ibarət bu əsər üzərində müəllifin razılığını alaraq xeyli iş apardım. 9 personajın canlandırıldığı tamaşada əlavələr əsərin açılması, ideyanın tam əks olunmasına xidmət edir. Dünya klassikasından yaxşı tanıdığımız Hamlet kimi Şah İsmayılı da eyni səpkidə gördüm və göstərməyə çalışdım. Ona görə də tamaşaya Şah İsmayılın atasının ruhunu, Şeyx Heydər obrazını əlavə etdim. Bu, qəhrəmanımın iç dünyasını açmağa daha çox kömək edir. Çox məsuliyyətli bir rol idi və Əməkdar artist Məmmədəli Balayev onu ustalıqla ifa etdi”.
Tarixi şəxsiyyətlə bağlı özünəməxsus yozumu olduğunu deyən rejissor tamaşanın ona həvalə olunmasından böyük sevinc hissi keçirdiyini dilə gətirdi: “Çünki Xətai Azərbaycan tarixində öz yeri olan dövlət xadimidir. Sadə quruluşlu tamaşada onun bizə o qədər də tanış olmayan tərəfləri qabardılır. Səhnədə bir dövlət xadimi, cəngavərin simasında özünün zəngin mənəvi aləmi olan söz dühasını, böyük məhəbbətlə sevən aşiqi göstərməyə çalışdıq. Buna görə də tamaşada poetik nümunələr və o dövrün xarakterinə uyğun musiqilər yer alıb.
Musiqi tərtibatında “Savalan” qrupunun əsərlərindən geniş istifadə etdik”.
Səhnə əsərində teatrın aparıcı aktyorları ilə yanaşı, çox gənc, səhnədə debütünü edən həvəskarların potensialından da yararlandığını deyən rejissor onlarla işləməyin zövqlü olduğunu bildirdi: “Tamaşada ən maraqlı cəhət gənclərin, ümumilikdə teatrda ilk addımlarını atan istedadların rol alması idi. Şah İsmayılın yeniyetmə dövrünü gənc və istedadlı aktyor Vasif İsmayılov ifa etdi. Musiqi alətlərində ifası, vokal imkanları, ümumilikdə tamaşanın mükəmməl musiqi həllində onun rolu danılmazdır”.
Digər rolları aktyorlar Salam İsmayılov, Kəmalə və Nuray Məmmədovalar, Zeynəb Abdullayeva, Ramiz Vəliyev ifa ediblər. Epik dövr teatr elementlərinin üstünlük təşkil etdiyi tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Vahab Cəfərovdur.
Həmidə Nizamiqızı